Sənətkarın daş salnaməsi

31.07.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Heykəltaraş Kənan Həsənquliyevin yaradıcılıq dünyası

Qədim insanlar duyğu və düşüncələrini daşlara, qayalara, gil lövhələrə həkk ediblər. Dövrlər və sivilizasiyalar dəyişsə də, bu sənət nümunələri illərin sınağından keçərək günümüzə qədər gəlib çıxıb. Müasir heykəltaraşlıqda da əzəli ənənələr davam etdirilir. Özünəməxsus dəst-xətti ilə seçilən Kənan Həsənquliyev bu irsi yaşadan sənətkarlardandır. Əsərlərində klassik sənət ruhunu müasir estetika ilə birləşdirən heykəltaraş, tarixi daşlarda canlandıraraq milli dəyərlərimizi və qəhrəmanlıq salnaməmizi gələcək nəsillərə ötürür.

Kənan Həsənquliyev 1988-ci il iyulun 28-də Bakıda anadan olub. Uşaqlıqdan rəsm çəkməyə olan marağı onu təsviri incəsənət sahəsinə gətirib. 2003–2007-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin keramika fakültəsində sənətin sirlərinə yiyələnib. Təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsində davam etdirərək 2011-ci ildə bakalavr, 2017-ci ildə isə magistr pilləsini uğurla başa vurub.

Heykəltaraşın yaradıcılığında daha çox batal janrı, yəni döyüş səhnələri, tarixi qəhrəmanlıq süjetləri və at fiqurları üstünlük təşkil edir. Onun əsərlərində dinamika, milli ruh və tarixi hadisələrin canlı təsviri ön plana çıxır. Müəllifi olduğu heykəltaraşlıq nümunələri arasında Heydər Əliyev, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Xurşidbanu Natəvan, Aşıq Ələsgər, Hacı Zeynalabdin Tağıyev, Vaqif Mustafazadə, Babək, Nəsimi, Nadir şah kimi tarixi və mədəni şəxsiyyətlər, eləcə də “Qarabağ cəngavəri”, Koroğlu və müxtəlif atlı döyüşçü kompozisiyaları mühüm yer tutur. Qorelyef formatında isə “Çanaqqala döyüşü”, “İstanbulun fəthi”, “Sakarya meydan savaşı”, “Göytürklər” və “Qarabağ atları” kimi tarixi qəhrəmanlıq səhnələrini yüksək ustalıqla canlandırıb.

Gənc yaşlarından beynəlxalq sənət aləmində də tanınmağa başlayan heykəltaraşın əsərləri Milan, Budapeşt, Praqa, Strasburq, Dubay, Sinqapur, Madrid və Roma kimi dünyanın nüfuzlu şəhərlərində keçirilən qrup sərgilərində nümayiş olunub. Kənan Həsənquliyevin bəzi heykəltaraşlıq nümunələri həm respublikamızda, həm də Türkiyənin böyük şəhərlərində ucaldılaraq ictimai məkanları bəzəyir, eləcə də yerli və xarici kolleksionerlərin şəxsi kolleksiyalarında saxlanılır.

Heykəltaraşın yaradıcılığı, əsərlərinin tarixçəsi və gələcək layihələri haqqında daha ətraflı məlumat almaq üçün onunla həmsöhbət olduq.

– Niyə məhz heykəltaraşlıq? Bu sənətə marağınız necə yaranıb?

– Heykəltaraşlığa marağım uşaqlıq illərindən formalaşmağa başlayıb. Hələ balaca ikən müxtəlif materiallarla işləmək, xüsusən də gili və plastilini formaya salıb fiqurlar düzəltmək mənə böyük zövq verirdi. Bu, həm də daxili dünyamı ifadə etmək üçün bir vasitə idi. Zaman keçdikcə həvəsim daha da artdı. Anladım ki, duyğu və düşüncələrimi ən dolğun şəkildə məhz heykəltaraşlıq vasitəsilə çatdıra bilərəm.

– Yaradıcılığınızda batal janrı, döyüş səhnələri, at fiqurları və tarixi qəhrəmanlar xüsusi yer tutur. Sizi bu mürəkkəb janra cəlb edən nədir?

– Mənim üçün batal janrı təkcə döyüş səhnələrini təsvir etmək deyil, bir xalqın tarixini, mübarizə əzmini və mənəvi gücünü sənətin dili ilə çatdırmaqdır. Tarixi qəhrəmanlarımız və onların keçdiyi şərəfli yol hər zaman diqqətimi çəkib, məni ilhamlandırıb. Atlar isə azadlığın, qüdrətin və hərəkətin rəmzidir. Bu mövzular üzərində işləyərkən çalışıram ki, tamaşaçı yalnız heykəl formasını deyil, onun arxasında duran tarixi, qəhrəmanlıq ruhunu dərindən hiss edə bilsin.

– Şəhər mühiti üçün monumental əsər yaradanda əsasən hansı amilləri nəzərə alırsınız?

– Monumental əsər yaratmaq mənim üçün təkcə heykəl hazırlamaq deyil, onu yerləşəcəyi məkanın bir hissəsinə çevirməkdir. Ona görə ilk növbədə əsərin yerləşəcəyi mühiti, memarlıq üslubunu və insanların həmin məkandan necə istifadə etdiyini nəzərə alıram. Çalışıram ki, əsər həm estetik baxımdan şəhərə uyğun olsun, həm də öz ideyası ilə insanlarda müəyyən düşüncə və hisslər oyatsın. Məncə, monumental əsərin uğurlu olmasının əsas göstəricisi onun zamanla şəhərin simvoluna çevrilməsidir.

– Hazırda üzərində işlədiyiniz “Şuşa 2020” qorelyef kompozisiyası sizin üçün nə dərəcədə əhəmiyyətlidir və bu əsərlə insanlara hansı mesajı çatdırmaq istəyirsiniz?

– “Şuşa 2020” qorelyef kompozisiyası mənim üçün, sadəcə, sənət layihəsi deyil, həm də mənəvi vətəndaşlıq borcudur. Əsər xalqımızın iradəsini, qəhrəmanlığını və tarixi ədalətin bərpa olunmasını əbədiləşdirən mühüm bir salnamədir. İnsanlara çatdırmaq istədiyim əsas mesaj birlik, qürur və qələbə əzmidir. İstəyirəm ki, gələcək nəsillər bu işə baxarkən çəkilən çətinlikləri, göstərilən şücaəti və doğma torpağa olan sonsuz sevgini hiss etsinlər.

– Əsərləriniz Milan, Roma, Madrid və Sinqapur kimi fərqli mədəniyyət mərkəzlərində nümayiş olunub. Xarici tamaşaçıların tarixi şəxsiyyətlərimizi, milli qəhrəmanlıq motivlərini əks etdirən işlərinizə münasibəti necə olur?

– Fərqli ölkələrdə keçirilən sərgilərdə maraqlı bir məqamın şahidi olmuşam. İnsanlar əsərlərə yalnız mövzusuna deyil, bədii ifadə tərzinə görə də dəyər verirlər. Tarixi şəxsiyyətlərimizi, döyüş motivlərini əks etdirən əsərlərim hər zaman böyük maraqla qarşılanıb. Kompozisiyadakı tarixi geyimlərimiz və döyüşçü obrazları xarici tamaşaçıların diqqətini xüsusilə cəlb edir. Bu əsərlərə baxan hər kəs xalqımızın nə qədər şərəfli döyüş yolu keçdiyini, necə qüdrətli sərkərdələrimizin olduğunu və tariximizin dərinliyini aydın hiss edir. Mənim üçün ən qürurverici məqam isə sənətim vasitəsilə vətənimin zəngin tarixini və mədəni irsini beynəlxalq auditoriyaya tanıtmaqdır. Düşünürəm ki, sənət xalqlar arasında ən güclü və təsirli ünsiyyət vasitəsidir.

Elenora HƏSƏNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью