Sənətkarın səhnəsi haradır: opera teatrı, yoxsa publar?

19.11.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Könül Xasıyevanın publardan birində səhnəyə çıxması ətrafında yaranan müzakirələr cəmiyyətimizin sənətə, sənətkara və ümumiyyətlə, mədəniyyətə münasibətindəki qəribə yanaşmanı bir daha üzə çıxardı.

Məsələ burasındadır ki, bir qisim insan üçün sənətkarın harada oxuması onun sənətinin keyfiyyətindən daha vacib görünür. Sanki sənətkar səhnəyə çıxmazdan əvvəl məkanın nüfuzundan icazə almalıdır.

Maraqlıdır, görəsən, sənətkarın böyüklüyünü səhnənin böyüklüyü ilə ölçmək hansı estetik meyara əsaslanır?

Opera teatrında oxuyanda sənətkar, pubda oxuyanda isə birdən-birə sənətindən uzaqlaşmış biri olursan?

Səsin tembri məkanın ünvanına görə dəyişir? İfaçının illərlə qazandığı sənət təcrübəsi səhnənin üzərindəki lövhədən asılıdır?

Əslində, bu tənqidlərin arxasında sənətə münasibətdən daha çox, məkanlara münasibətdəki sosial iyerarxiya dayanır.

Bizdə bəzən sənətin özündən çox onun harada nümayiş etdirildiyi müzakirə olunur.

Bahalı restoran, böyük konsert zalı, dövlət səhnəsi – bunlar sənətə avtomatik dəyər qazandıran atributlar kimi qəbul edilir. Kiçik məkan, pub və ya kafe isə nədənsə sənətkarın statusuna yaraşmayan ünvan hesab olunur.

Halbuki sənət məkanın əsiri deyil. Məkan sənətə müəyyən atmosfer, akustika və təqdimat forması verə bilər, amma sənətin mahiyyətini müəyyənləşdirmir. Dünyanın müxtəlif ölkələrində tanınmış musiqiçilər kiçik klublarda, caz barlarında, publarda çıxış edirlər. Bu, onların sənətkar statusunu azaltmır. Əksinə, musiqinin müxtəlif auditoriyalarla görüşməsinə imkan yaradır.

Burada başqa bir məqam da var. Sənətkarın peşəkar səhnədəki mövqeyi onun bütün digər məkanlardan imtina etməsini tələb etmir. İnsan sənətini yalnız müəyyən zümrənin qarşısında nümayiş etdirməyə məhkum deyil. Sənət hamı üçündürsə, onun auditoriyasını da əvvəlcədən sosial təbəqələrə bölmək doğru deyil.

Könül Xasıyevanın sənət yolu, ifaçılıq təcrübəsi və Azərbaycan musiqisindəki yeri onun hansı məkanda çıxış etməsindən asılı deyil. Əlbəttə, hər bir sənətkarın səhnə seçimi, təqdimat forması və peşəkar imicinə dair müzakirə aparmaq olar. Amma bunun üçün konkret sənət meyarları olmalıdır. İfa zəifdirsə, tənqid edin. Repertuar uğursuzdursa, müzakirə edin. Səhnə davranışında problem varsa, əsaslandırın. Ancaq sırf məkanın adı üzərindən sənətkara qiymət vermək tənqid deyil, snobizmdir.

Ən qəribəsi odur ki, sənətkarın xalqa yaxınlaşmasını bəzən onun sənətinin ucuzlaşması kimi təqdim edirik. Sanki sənətkarın nüfuzu auditoriyanın sayına deyil, auditoriyanın sosial statusuna bağlıdır. Halbuki bir insanın opera teatrında min nəfər qarşısında oxuması ilə kiçik bir məkanda əlli nəfər qarşısında oxuması arasında sənətin mahiyyəti baxımından mütləq fərq yoxdur.

Bəlkə də, özümüzə başqa sual verməliyik. Biz sənətkarın səviyyəsini qorumaq istəyirik, yoxsa sənəti müəyyən məkanların və müəyyən təbəqələrin inhisarında saxlamaq?

Çünki sənəti ucuzlaşdıran pub deyil, sənətə yalnız bahalı divarlar arasında dəyər verən düşüncədir. Səhnəni kiçildən məkanın ölçüsü yox, sənətə münasibətin dar çərçivəsidir.

Sənətkarın böyüklüyü harada oxuması ilə deyil, oxuyanda nə yaratması ilə ölçülür.

Elmar
Gununesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью