Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu kəmər Azərbaycan neftinin dünyaya çıxışına geniş və davamlı qapı açdı
Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi olan Bakı – Tbilisi – Ceyhan (BTC) əsas ixrac boru kəmərinin təməlinin qoyulmasından 24 il ötür. Xəzər regionundan dünyaya qapı açan bu nəhəng neft ixracı marşrutu uzun illərdir ki, Azərbaycanla yanaşı, bir sıra ölkələrin də enerji təhlükəsizliyinin təminatınada mühüm töhfələr verir. Ölkəmizi Cənubi Qafqaz regionunun liderinə çevirən BTC 20 ildən çoxdur ki, sabit və ahəngdar rejimdə fəaliyyət göstərərək xam nefti dünya bazarlarına çatdırır.
Bu tarixi gerçəklik, əslində, düz 24 il əvvəl Səngəçal terminalında keçirilən təməlqoyma mərasimi zamanı torpağa basdırılan “Zaman kapsulu”nda gələcək nəsillərə ünvanlanmış müraciətdə öz əksini tapmışdı. Müraciətdə qeyd olunmuşdu: “Ölkələrimizin milli mənafelərindən çıxış edərək, böyük qürur duyğusu ilə bütün dünyaya bəyan edirik ki, XXI əsrin ilk illərində regionda ən nəhəng layihə olan, Xəzər və Aralıq dənizlərini birləşdirən neft boru kəmərinin çəkilməsi dövlətlərimizin, hökumətlərimizin birgə uğurlu səyləri nəticəsində artıq reallığa çevrilir. Əminik ki, Bakı–Tbilisi–Ceyhan Boru Kəməri layihəsinin gerçəkləşməsi ülvi amallara xidmət edərək regionun simasını dəyişdirəcək, siyasi iqlim sabitləşəcək, iqtisadi inkişafa ciddi təkan verəcək, xalqlarımızın rifahı yüksələcəkdir”.
Azərbaycanı Cənubi Qafqaz regionunun liderinə çevirən bu nəhəng enerji dəhlizi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məlum olduğu kimi, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin mühüm istiqamətlərindən birini də Xəzərin Azərbaycan sektorunda xarici şirkətlərlə bilikdə hasil olunan neftin nəqlini və dünya bazarına ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrtukturunun yaradılması təşkil edirdi. Bu məsələ ilə bağlı fərqli ideyaların irəli sürülməsinə, ziddiyətli bəyanatların səsləndirilməsinə baxmayaraq, Ümummilli lider böyük bir uzaqgörənlik nümayiş etdirərək əsas ixrac marşrutu kimi Bakı–Tbilisi–Ceyhan boru kəməri variantını daha məqbul hesab etdi.
Bu ideyanın əleyhdarlarının cidd-cəhdlərinə baxmayaraq, Heydər Əliyevin səyi və gərgin keçən danışıqların məntiqi nəticəsi olaraq layihə həyata vəsiqə aldı. Bunun davamı kimi ATƏT-in 1999-cu il noyabr ayının 18-də İstanbulda keçirilən sammiti zamanı BTC-nin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Mərasimdə çıxış edən Ulu öndərin səsləndirdiyi “Mən Bakı–Tbilisi–Ceyhan kəmərinin böyük gələcəyinə inanıram. İnanıram ki, bu neft borusunun tikilməsi və ondan gələcəkdə istifadə edilməsi ölkələrimiz arasında dostluq, əməkdaşlıq, qardaşlıq əlaqələrini daha da yüksəklərə qaldıracaq” fikri isə “Üç dənizin əfsanəsi” adlandırılan layihəyə verilmiş ən yüksək qiymət idi. Beləliklə, minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan BTC layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Bundan sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlara başlanıldı.
Nəhayət, 2002-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Türkiyə Prezidenti Əhməd Necət Sezdər və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin iştirakı ilə Səngəçal terminalında Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təntənəli təməlqoyma mərasimi keçirildi. Bu əlamətdar hadisə, həm də üç qonşu və dost dövlətin gələcək iqtisadi əlaqlərinin inkişafında yeni mərhələnin başlanğıcı idi.
Təsadüfi deyil ki, mərasimdə çıxış edən ümummilli lider Heydər Əliyev bu barədə belə demişdir: “Biz Azərbaycan olaraq öz dostlarımızla: Türkiyə Cümhuriyyəti ilə, Gürcüstanla və təbiidir ki, bu layihədə iştirak edən şirkətlərlə birlikdə gələcəkdə hasil olunacaq nefti Bakı–Tbilisi–Ceyhan boru xətti ilə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çatdırmağı qərara aldıq. Bu boru xətti, bu polad boru Azərbaycanı, Gürcüstanı, Türkiyəni bir-biri ilə daha sıx birləşdirəcəkdir. Biz dost ölkələrik. Biz çox əlaqələr saxlayırıq. Ancaq bu əlaqələrimizi, necə deyərlər, daha möhkəm tellərlə bağlayırıq. Bu tellərdən biri də Bakı–Tbilisi–Ceyhan kəməri olacaqdır”.
Əsas ixrac kəmərinin inşası üçün tanınmış podratçı şirkətlə müqavilə imzalandıqdan sonra 2003-cü ilin fevral ayında tikinti işlərinə başlanıldı. Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində misli görünməmiş tikinti-quraşdırma işlərinin eyni anda aparılması layihənin icrasını xeyli sürətləndirdi. Nəhayət, 2004-cü ilin oktyabr ayında kəmərin Azərbaycan və Gürcüstan hissələri birləşdirildi.
Ulu öndər Azərbaycan neftinin BTC kəməri ilə dünya bazarlarına çıxarılmasını görə bilməsə də, müəllifi olduğu bu nəhəng enerji layihəsi onun siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində reallığa çevrilib. Təsadüfi deyil ki, İlham Əliyev Azərbaycanın Baş naziri kimi fəaliyyətinin ilk günlərində, 2003-cü il avqustun 11-də BTC-nin Azərbaycan hissəsində, Bakı yaxınlığındakı Umbakı ərazisində aparılan tikinti işləri ilə tanış olaraq tövsiyə və tapşırıqlarını verib.
2004-cü ilin oktyabrında Azərbaycanın Ağstafa rayonunun Böyük Kəsik kəndində, Gürcüstanın Qardabani rayonu ilə sərhəddə BTC kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi mərasimi keçirilib. “Qızıl qaynaq” adlanan bu mərasimdə hər iki ölkənin dövlət başçıları kəmərin Azərbaycan və Gürcüstan hissələrini rəmzi olaraq qaynaqlayaraq birləşdiriblər.
Nəhayət, 2005-ci il mayın 10-da ulu öndər Heydər Əliyevin doğum gününə hədiyyə olaraq Səngəçal terminalındakı BTC baş nasos stansiyasının neftlə doldurulmasına start verilib. Ayın 25-də isə terminalda Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə keçirilən mərasimdə neftin boru kəmərinə vurulmasına başlanılıb. Həmin gün burada quraşdırılmış xüsusi qurğudakı sürgü аçıldıqdan sonra kəmərlə ilkin neft axmağa başlayıb. Oktyabrın 25-də isə kəmərin Gürcüstan hissəsinin istifadəyə verilməsi münasibətilə bu ölkənin Qardabani rayonunda yerləşən 1 nömrəli nasos stansiyasının ərazisində təntənəli mərasim keçirilib.
BTC kəməri ilə nəql edilən xam neft 2006-ci il mayın 28-də Türkiyənin Ceyhan terminalına çatıb. XXI əsrin ən böyük enerji layihələrindən sayılan BTC-nin təntənəli açılış mərasimi isə iyulun 13-də Türkiyənin Ceyhan şəhərində keçirilib. 1768 kilometr uzunluğunda olan BTC boru kəməri istismara veriləndən 2026-cı ilin 2-ci rübünün sonunadək, ümumilikdə, 631 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edib. Həmin neft həcmləri Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanında 6 min 276 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Mirbağır YAQUBZADƏ
XQ