Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Fransa, Belçika, Niderland, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrə Avropa İttifaqının yeni Giriş-Çıxış Sisteminin (EES) tam tətbiqini texniki problemlər aradan qaldırılana qədər təxirə salıb.
Bakıvaxtı.az xəbər verir ki, EES Şengen zonasına daxil olan Aİ-yə üzv olmayan ölkələrin vətəndaşlarının sərhəddən keçidi zamanı biometrik məlumatlarının – barmaq izlərinin və üz təsvirlərinin qeydiyyata alınmasını nəzərdə tutur.
Məlumata görə, yeni sistemin tətbiqi bəzi hava limanlarında uzun növbələrə və texniki çətinliklərə səbəb olub. Bu səbəbdən 9 ölkə sərhəd-keçid məntəqələrində biometrik məlumatların toplanmasını infrastruktur tam hazır olana qədər dayandırmaq qərarına gəlib.
Bildirilir ki, məqsəd sərnişin axınının normal saxlanılması və xüsusilə turizm mövsümünün pik dövrlərində yarana biləcək gecikmələrin qarşısının alınmasıdır.
Qeyd edək ki, EES ötən ilin oktyabrından mərhələli şəkildə tətbiq olunmağa başlayıb. Sistem Aİ xaricindən gələn sərnişinlərin sərhəd keçidlərinin elektron şəkildə qeydiyyata alınmasını nəzərdə tutur.
Yeni qərara əsasən, sözügedən ölkələrdə sistemlə bağlı texniki problemlər tam həll olunana qədər Aİ xaricindən gələn sərnişinlər üçün mövcud sərhəd nəzarəti prosedurları qüvvədə qalacaq. (Hürriyet.com)
Murad İsmayıl