Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı ilin sentyabr ayında Bakı bir sıra beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, idman və iqlim tədbirlərinə ev sahibliyi edib.
Modern.az xəbər verir ki, bu ay ərzində paytaxtda müxtəlif sahələr üzrə beynəlxalq platformalar təşkil olunub və çoxsaylı xarici nümayəndələr Bakıda bir araya gəlib.
Sentyabr ayında Bakıda keçirilən əsas beynəlxalq tədbirləri təqdim edirik:
Sentyabrın 7–11-də Bakıda BMT-nin İqlim Həftəsi – Climate Week 4 keçirilib.
Tədbirdə iqlim dəyişmələri ilə mübarizə, şəffaflıq hesabatlarının hazırlanması, iqlim maliyyəsi və emissiyaların azaldılması ilə bağlı məsələlər müzakirə olunub.
İqlim Həftəsi çərçivəsində inkişaf etməkdə olan ölkələrin 31 dekabr 2026-cı ilədək təqdim etməli olduğu İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanmasına dəstək məqsədilə praktiki işçi qrupları və texniki seminarlar təşkil edilib.
Tədbirdə həmçinin COP29, COP30 və COP31 prezidentlikləri arasında institusional əlaqələrin davam etdirilməsi və əvvəlki qərarların icrasının sürətləndirilməsi məsələləri diqqət mərkəzində olub. Metan və digər superçirkləndiricilərin emissiyalarının azaldılması, iqlim maliyyəsinin səfərbər edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafı ilə bağlı təşəbbüslər də müzakirə edilib.
Bundan başqa tədbirdə beynəlxalq təşkilatların, hökumətlərin, maliyyə institutlarının, özəl sektorun və yaşıl iqtisadiyyat sahəsində fəaliyyət göstərən sahibkarların nümayəndələri iştirak ediblər.
Sentyabrın 24–26-da Bakıda “Formula 1” Azərbaycan Qran-Prisi keçirilib.
Bakı Şəhər Halqasında təşkil olunan yubiley – 10-cu yarış həftəsonu gərgin mübarizə və təhlükəsizlik maşınının (Safety Car) trasda olduğu mərhələlərlə yadda qalıb.
51 dövrədən ibarət əsas yarışın qalibi “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell olub. Poul mövqeyindən start götürən Rassell yarışı birinci başa vuraraq 2026-cı mövsümündə üçüncü qələbəsini qazanıb.
“Red Bull”un niderlandlı pilotu Maks Ferstappen ikinci, onun komanda yoldaşı Isak Hacar isə üçüncü yeri tutub. Beləliklə, “Red Bull” Azərbaycan Qran-Prisini iki pilotla podiumda başa vurub.
Sentyabrın 25–26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da ayın əsas beynəlxalq tədbirlərindən biri olub.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən forumda investisiya imkanları, yaşıl iqtisadiyyata keçid, bərpaolunan enerji, Orta Dəhliz, süni intellekt və Qarabağla Şərqi Zəngəzurun yenidən qurulmasına xarici kapitalın cəlb edilməsi kimi məsələlər müzakirə olunub.
Forum çərçivəsində ümumilikdə 11 mühüm sənəd imzalanıb. Onların arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı xüsusi yer tutub. Sənəd Prezident İlham Əliyevin iştirakı ilə SOCAR, “TotalEnergies” və XRG/ADNOC arasında imzalanıb.
Tədbirdə beynəlxalq maliyyə institutlarının rəhbərləri, qlobal investorlar və transmilli şirkətlərin nümayəndələri iştirak ediblər. Forum Azərbaycanın investisiya imkanlarının beynəlxalq biznes dairələrinə təqdim edilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından platforma rolunu oynayıb.
Ayın son günündə isə Bakıda “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi fəaliyyətə başlayıb.
Bakı Ekspo Mərkəzində keçirilən sərgidə ilk dəfə 5-ci pavilyondan da istifadə olunması tədbirin miqyasının genişləndiyini göstərib.
“ADEX 2026”da 29 ölkədən 270-dən çox şirkət iştirak edir. Türkiyə, İsrail, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Çexiya və digər ölkələrin aparıcı müdafiə sənayesi şirkətləri öz məhsul və texnologiyalarını nümayiş etdirirlər. Belarus, Çexiya, İsrail, İtaliya, Türkiyə və Slovakiya isə sərgidə milli qruplarla təmsil olunur.
Tədbirə 33 ölkədən 45 xarici hərbi nümayəndə heyəti də qatılıb.
Sərgidə quru qoşunlarının silahları, hərbi aviasiya, pilotsuz uçuş aparatları, elektron mübarizə sistemləri, smart-sursatlar və kibertəhlükəsizlik üzrə müasir texnologiyalar nümayiş etdirilir.
Beləliklə, ADEX 2026 iştirakçı və nümayiş olunan məhsulların miqyasına görə Azərbaycanın ev sahibliyi etdiyi əsas beynəlxalq müdafiə sənayesi tədbirlərindən birinə çevrilib.
ADEX ilə paralel olaraq “Securex Caspian 2026” – 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də keçirilir.
“Securex Caspian 2026” – 15-ci yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi Bakı Ekspo Mərkəzində “ADEX-2026” müdafiə sərgisi ilə paralel olaraq rəsmi açılışını edib. Tədbir daxili təhlükəsizlik, fövqəladə hallar, sərhəd mühafizəsi və kritik infrastrukturun qorunması sahəsində qabaqcıl texnologiyaların nümayişi üçün əsas regional platforma rolunu oynayır.
Bu tədbirlər yalnız ayrı-ayrı sahələr üzrə beynəlxalq görüşlər və sərgilərlə məhdudlaşmayıb. Bakının müxtəlif qlobal platformalarda tanıdılması, xarici nümayəndə heyətləri, investorlar, turistlər və biznes dairələri üçün yeni əlaqələrin yaranması baxımından da əhəmiyyət daşıyıb.
Xüsusilə investisiya forumu Azərbaycanın iqtisadi imkanlarının və investisiya potensialının beynəlxalq biznes dairələrinə təqdim olunmasına, “Formula 1” Qran-Prisi isə ölkəyə turist axınının və beynəlxalq media diqqətinin artmasına imkan yaradıb. İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində iştirakını, ADEX isə müdafiə sənayesi və hərbi texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını ön plana çıxarıb.
Gülər Hüseynli