Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sentyabr ayının yaxınlaşması ilə bazarda hansı ərzaq məhsullarının bahalaşacağı sualı istehlakçıları düşündürən mövzulardan biridir.
Bəs gələn ay hansı məhsullarda qiymət artımı gözlənilir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mövsümi amillərə görə xüsusilə yay mövsümü başa çatan meyvə-tərəvəz məhsullarında qiymət artımı ehtimalı daha yüksəkdir. Bütün məhsullar üzrə kəskin və eyni vaxtda bahalaşma gözləmək isə düzgün deyil.
Akif Nəsirli: Hazırkı proqnozlar ət qiymətlərinin ucuzlaşmayacağı istiqamətindədir
“Ən çox risk altında olan məhsullar arasında pomidor, xiyar, bibər, badımcan və digər mövsümi tərəvəzləri göstərmək olar. Yay məhsullarının bazardan tədricən çıxması ilə istixana və daha bahalı istehsal hesabına formalaşan məhsulların payı artdıqca qiymətlərdə yüksəliş yarana bilər. Əlverişsiz hava şəraiti də bu təklifə təsir edən amillərdəndir. Soğan və bəzi taxıl məhsullarında da bahalaşma riski qalır. Qlobal bazarda taxıl qiymətlərinin və ümumi ərzaq qiymətlərinin yüksəlməsi idxaldan asılı məhsullar vasitəsilə daxili bazara əlavə təzyiq yaradır”.
Ət və digər strateji ərzaq məhsullarına toxunan A.Nəsirli sentyabrda ətdə ciddi ucuzlaşma gözlənilmədiyini diqqətə çatdırıb:
“Hazırkı proqnozlar ət qiymətlərinin ya sabit qalacağı, ya da müəyyən artım göstərə biləcəyi istiqamətindədir. Yem, logistika və digər istehsal xərclərinin yüksək qalması burada əsas amillərdəndir. Süd məhsulları və şəkərin qiymətində isə qlobal bazardakı son dinamika nisbətən yumşaqdır və bu məhsullar üzrə kəskin bahalaşma üçün hazırda güclü əsas görünmür”.
Mərkəz sədri yekun olaraq vurğulayıb ki, sentyabrda ən real ssenari mövsümi meyvə-tərəvəzlərdə, bəzi taxıl və ət məhsullarında qiymət təzyiqinin qalmasıdır. Azərbaycanın 2026-cı il üzrə orta illik inflyasiya proqnozunun 4,8 faizdən 5,7 faizə yüksəldilməsi də qiymət təzyiqlərinin gözləniləndən bir qədər güclü olduğunu göstərir.