Separatçıların son ümidi də puça çıxdı: Bakıdan növbəti qərar

06.08.2026

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Apellyasiya Məhkəməsi Arayik Harutyunyan və digər Ermənistan vətəndaşlarının apellyasiya şikayətlərinə baxaraq Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünü dəyişdirilmədən qüvvədə saxlayıb. Məhkəmə iclasında təqsirləndirilən şəxslər tərcüməçi və vəkillərlə təmin olunub, prosesdə zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamçıları və Ombudsman Aparatının müşahidəçiləri iştirak ediblər. Qərarla ömürlük və müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzaları qüvvədə qalıb.Bakı Apellyasiya Məhkəməsinin bu qərarı Azərbaycanın ərazi bütövlüyünə qarşı törədilmiş cinayətlərin hüquqi-siyasi qiymətləndirilməsi və beynəlxalq ictimaiyyətin bu məsələyə yanaşmasına hansı mesajı verir?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin erməni separatçıları və terrorçularına qarşı çıxarılmış məhkəmə hökmünü qüvvədə saxlaması təqdirəlayiq və alqışlanmalı qərardır. Çünki Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər şəxslərin hər biri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin çoxsaylı maddələrini pozaraq, Azərbaycan Konstitusiyasını heçə sayıb, dövlətə qarşı silahlı fəaliyyət göstəriblər. Onlar Azərbaycanın ərazi bütövlüyünü pozmağa cəhd edib, terrorçuluğu təşkil edib və birbaşa terror aktlarında iştirak ediblər.

“Bu şəxslər günahsız Azərbaycan vətəndaşlarının qətlə yetirilməsində, Azərbaycanın ərazisinin bir hissəsinin uzun illər ərzində dünyanın ən çox militarizasiya olunmuş bölgələrindən birinə çevrilməsində məsuliyyət daşıyırlar. Buna görə də Apellyasiya Məhkəməsinin hökmü qüvvədə saxlaması tamamilə ədalətli qərardır və hüquqi baxımdan yüksək qiymətləndirilməlidir” deyə deputat bildirib.

O vurğulayıb ki, lakin bəzən belə hüquqi qərarların manipulyasiya olunmasına cəhdlər göstərilir.

Deputatın fikrincə əgər məsələ gələcəkdə yenidən məhkəmə baxışına çıxarılarsa və Ali Məhkəməyə daşınarsa, daha yüksək instansiya qərar qəbul edərkən sonrakı apellyasiya və ya beynəlxalq instansiyalara müraciət imkanlarının hüquqi çərçivədə məhdudlaşdırılması məsələsinə xüsusi diqqət yetirməlidir. Çünki bu şəxslər məsuliyyətsiz və radikal terrorçu fəaliyyətləri ilə seçildikləri üçün beynəlxalq platformalarda da manipulyasiya cəhdlərinə əl ata bilərlər.

O bildirib ki, bu qərar yalnız konkret şəxslərin cəzalandırılması məqsədi daşımır. Eyni zamanda, gələcəkdə separatçılıq, terrorçuluq və dövlətə qarşı cinayət törətmək istəyənlər üçün ciddi çəkindirici funksiyanı yerinə yetirir. Azərbaycana xəyanət etmək niyyətinə düşən hər kəs bu şəxslərin aqibətindən nəticə çıxarmalıdır. Əgər kimsə yenidən Azərbaycan dövlətinə qarşı belə cinayətkar və terrorçu iddialara qoşulmaq fikrinə düşərsə, onların sonunun da eyni ola biləcəyini nəzərə almalıdır.

“Məsələnin beynəlxalq hüquq kontekstinə gəldikdə isə, beynəlxalq hüquq da terrorçuluq, separatizm, təxribatçılıq və digər ağır cinayətlərə görə məsuliyyət nəzərdə tutur. Azərbaycanın hüquq sistemi tərəfindən tətbiq olunan cəzalar beynəlxalq hüququn əsas prinsiplərinə zidd deyil. Başqa məsələ odur ki, bəzi Avropa dairələri hüququ siyasi məqsədlərlə manipulyasiya edərək, cinayətkara etnik mənsubiyyətinə, dininə və ya siyasi maraqlarına görə selektiv yanaşma nümayiş etdirirlər” deyə deputat bildirib.

Bu isə artıq hüququn obyektiv tətbiqi deyil, onun siyasiləşdirilmiş və manipulyasiya olunmuş formasıdır.

Deputat hesab edir ki, beynəlxalq hüquq baxımından da terrorçuya, separatistə, təxribatçıya və cinayətkara münasibətdə Azərbaycanın hüquq sisteminin nəzərdə tutduğu məsuliyyət tam hüquqi əsaslara söykənir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью