525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Nicat Mədətli
Yazıçı, tarixçi və beynəlxalq əlaqələr üzrə mütəxəssis
Bir neçə gün öncə, hələ Belqrad şəhərində tələbə hərəkatının meydanlardakı mitinqləri mövcud deyilkən, Serbiya Respublikasının Belqrad şəhərinə səfər etdim. Son altı ay ərzində İstanbuldan kənarda fərqli bir şəhərə getməmişdim. Nikola Tesla Hava Limanına enəndə məni ilk növbədə bu tarixi şəhərin soyuq havası qarşıladı. Havadan öncə isə təyyarədə serblərlə ilk ünsiyyəti artıq qurmuşdum. Yazıçı olduğum üçünmü, yoxsa tarix və antropologiya sahəsində təcrübəm olduğu üçünmü, bilmirəm niyə, hər zaman yeni qarşılaşdığım millətləri təhlil etməyə çalışmışam. Belqradda da eyni cəhdimi təkrarladım. Bu məqsədimi həyata keçirərkən çox yaxşı bir metoda sahib idim: insanların reaksiyalarına baxaraq onların xüsusiyyətlərini anlamaq. Çünki hər bir insan nə qədər özünü gizlətməyə çalışarsa çalışsın, yalnız hadisələrə qarşı verdiyi reaksiyalarda öz səmimi xüsusiyyətlərini sərgiləyir.
Nikola Tesla Hava Limanından avtobusla səyahətim müddətincə qalacağım Belqradın Vraçar rayonuna doğru yola düşdüm. Yol boyu qarşılaşdığım insanlar və gördüyüm tikililər məndə ilkin təəssüratların yaranmasına səbəb olmuşdu. Belə ki, insanlar soyuq və tutqun havaya uyğun olaraq bir qədər hissiz və kədərli simaya sahib idilər. Bu, bəlkə də, səhər tezdən olduğu üçün belə idi. Tikililər isə ən çox diqqətimi çəkən məqam idi. Şəhərdə Yuqoslaviyadan qalma, SSRİ-ni xatırladan tikililərlə yanaşı, yeni-yeni tikintisinə başlanılmış və çox az hissəsi tamamlanmış binalar da var idi. Geneks qülləsi, Belgrade Waterfront, Uşçe qüllələri və s. Sovet tipli binalarla yanaşı, bu yeni tikililər insanda dərin sosioloji mübarizə hisslərinin oyanmasına səbəb olurdu. Sanki Belqrad şəhəri öz sakinləri ilə birlikdə yeni-yeni oyanmağa, köhnə dünyadan yeni dünyaya keçid etməyə başlayırdı. Şəhərin mərkəzində tikintisi davam edən binalar, eyni zamanda, serb millətinin ideoloji və sosioloji baxımdan keçdiyi mərhələləri özündə əks etdirirdi. Daha doğru ifadə etsək, serb millətinin düşüncəsində baş verən keçid dövrünü binaların timsalında da hiss etmək mümkün idi. Şəhər sürətlə gözlərimin önündən keçərkən köhnə və yeni dünya arasında qalmışlıq hissi insanı öz təsir dairəsinə cəlb edirdi. İzlədiyim mənzərədə yeni və yüksələn bir şəhəri və sakinlərini görürdüm. Digər tərəfdən isə bu inkişaf qarşısında tərəddüd edən və hələ də köhnə dünyanın, köhnə adət-ənənələrin təsirində qalmış bir təbəqə var idi. Bəlkə də, Belqrad şəhərinin sakinlərinin simalarındakı bu kədər və düşüncəli ruh halının səbəbi də elə bu idi; qarşılarında uzanan yol və geridə onlara səslənən keçmiş!
Tarixboyu millətləri ən çox məşğul edən fəaliyyət forması keçmiş və gələcək haqqında düşünmək olmuşdur. Bəziləri arada qalıb tərəddüd etmiş, bəziləri özlərini gələcəyin ixtiyarına buraxmış, bəziləri isə keçmişlərinə tamamilə bağlı qalmağı seçmişdir.
Bu ilkin təəssüratlar ilə Vraçar rayonuna çatdım. Yeni avtobusları, köhnə tramvayları və trolleybusları izləyə-izləyə Müqəddəs Sava Kafedralının yanındakı müvəqqəti məskənimə yerləşdim. Çatan kimi getdiyim ilk yer Müqəddəs Sava Kafedralı oldu. Ecazkar mozaikləri və böyüklüyü insanın diqqətini cəlb edirdi. Serbiyanın ən hündür kilsəsi olsa da, qədim hesab ediləcək qədər yaşı yox idi. 79 metr hündürlüyə malik bu nəhəng pravoslav kilsəsi, Osmanlı imperiyasının hakimiyyəti dövründə, 1595-ci ildə qalıqları yandırılan Müqəddəs Savanın adını daşıyırdı. Məhz tikintisinə 1935-ci ildə başlanılmış kilsə, Müqəddəs Savanın yandırıldığı yerdə inşa edilmişdi.
İlk günümü şəhəri və sakinlərini müşahidə etməyə, heç olmasa, onlar haqqında səthi də olsa məlumat sahibi olmağa həsr etmişdim. Növbəti getdiyim məkan Nikola Tesla Muzeyi oldu. Tarixin istiqamətini dəyişdirən ixtiralara müəlliflik etmiş ziyalı şəxsiyyətin həyatı haqqında muzeydə asılmış lövhələrdən məlumaq almaq, istifadə etdiyi əşyaları və ixtiralarının bəzi nümunələrini görmək insanı yaşadığımız dövrün süni problemlərindən uzaqlaşdıraraq bəşəriyyətin mahiyyəti və keçdiyi mərhələlər haqqında düşünməyə vadar edirdi. Muzeydə öyrəndiyim yeni məlumatlardan biri isə Nikola Tesla ilə Mark Tvenin dostluğu oldu. Hətta Mark Tvenin qızının toyuna Nikola Teslanı dəvət etməsi onun amerikalı ziyalılar arasında özünə yer tapmasına kömək etmişdi.
Lakin öyrəndiyim yeni məlumatdan daha çox Nikola Teslanın lövhə üzərində yazılmış sözləri mənə təsir etdi. Yalnız insanı deyil, insanlığın taleyi haqqında da həmçinin düşünən, zaman sərf edən şəxslərin diqqətini çəkəcəyini düşündüyüm mətni tərcümə edərək burada qeyd edirəm:
"Biz texnoloji kəşflərin misli görünməmiş səviyyəyə çatdığı bir dövrdə yaşayırıq. Bu kəşflər təbiət qüvvələrinə getdikcə daha çox və hərtərəfli hakim olmağa, zaman və məkanın sərhədlərini aşmağa imkan verir. Lakin bu inkişaf həyatımızı daha rahat, əlverişli və təhlükəsiz etməsinə baxmayaraq, həqiqi mədəniyyətə və maariflənməyə doğru istiqamətlənmir. Əksinə, idealları məhv edir. Xalqların süqutunun əsl səbəbi bəşəriyyətin sosial, mənəvi və ruhani problemləri həll edə bilməməsidir”.
Gələcəyimizi təxmin edə bilmiş bu dahi şəxsiyyət qarşısında bizə yalnız ehtiram əlaməti olaraq baş əymək düşür!
Burada bir xüsusi qeyd etmək istərəm: Məqsədim yazıda gəzdiyim tarixi məkanları ətraflı şəkildə qeyd etmək deyil, serb xalqına aid xüsusiyyətləri tam açıq bir şəkildə oxucularıma ifadə etmək üçün lazım olan məlumatları vurğulamaqdır.
Nikola Tesla Muzeyinin ardınca Müqəddəs Mark Kilsəsinə yola düşdüm. Müqəddəs Mark Kilsəsi Azərbaycan-Serbiya dostluq əlaqələrinin rəmzinə çevrilmiş məşhur Taşmaydan (türk mənşəli "taş" və "meydan" sözlərindən yaranıb) parkının yanında yerləşir. Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Serbiya xalqının görkəmli mədəniyyət xadimi və ziyalısı Milorad Paviçin abidələrinin ucaldıldığı Taşmaydan Parkının 2011-ci ildə yenidən qurulmasına Azərbaycan Respublikası dəstək göstərmişdi.
Məhz, Serbiya Respublikasındakı səfirliyimiz və Serbiya Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə təşkil edilən və cənab səfir Tahir Tağızadənin dəvəti nəticəsində iştirak etdiyim “Sülh və Suverenlik” adlı şahmat turniri də 19 oktyabr tarixində Taşmaydan parkında keçirilmişdi.
Küçədə gəzərkən, restoranda yemək yeyərkən, ictimai nəqliyyatdan istifadə edərkən hər zaman insanların davranışları diqqətimi çəkirdi. Sanki serb xalqı ilə Azərbaycan xalqı arasında bəzi oxşarlıqlar mövcud idi. Yaşlılara diqqət göstərmək, xüsusilə ölkəmizdə get-gedə unudulmağa üz tutan və Türkiyədə, demək olar ki, unudulmuş ictimai nəqliyyatda yaşlılara yer vermək mədəniyyəti serb xalqı arasında hələ də öz aktuallığını qoruyub saxlayır. Yeməkləri, rejimli şəkildə həyatlarını davam etdirmələri, adət-ənənələrinə (hələ ki) sadiq qalmaları, işlərini bizim qədər həvəslə olmasa da, düzgün şəkildə başa çatdırmağa çalışmaları qürbətdə öz xalqımı xatırlamağıma səbəb olmuşdu. Moskvanın Arbat küçəsinə, Azərbaycanın isə Nizami küçəsinə bənzəyən Knez Mihailo küçəsində axşamları yürüyərkən oxşar və fərqli xüsusiyyətlərimiz düşüncələrimi məşğul edirdi.
Oxşar xüsusiyyətlərimizdən biri də keçdiyimiz tarixi mərhələlərin bənzərlik təşkil etməsidir. Serblər uzun müddət Osmanlı imperiyasının, biz isə SSRİ-nin tabeleyində olmuşduq. Və illər boyu davam edən mübarizədən sonra indi, bugün iki ölkə də öz milli yolunda irəliləməkdədir.
Osmanlı İmperiyasının təsirlərini Serbiya Milli Muzeyində də görmək mümkündür. Xüsusilə, Serbiyanın Osmanlı hakimiyyətinə (vassal olaraq) girməsinə səbəb olan Birinci Kosovo döyüşünü tarixlərindəki bir uğur kimi qələmə vermələri məni olduqca təəccübləndirdi. Çünki tarixdə ilk və yeganə dəfə məhz həmin döyüşdə Osmanlı Sultanı öldürülmüşdür və serblər bunun nəticəsində heç bir millətin edə bilmədiyini gerçəkləşdirmişlər. Fərqli yanaşma olsa da, tarixlərindəki uğursuz bir hadisəni öz tarixlərini ucaltmaq üçün lehinə bir yanaşma kimi ələ almaq insanı istər-istəməz düşündürür.
Maraqlısı odur ki, serblərdə mənəvi cəhətdən türk təsirləri hiss edilmir. Bəli, türk mənşəli coğrafi adlar və oxşar tipli yeməklər mövcuddur, amma düşüncə nöqteyi-nəzərindən serblər Osmanlı, yəni türk düşüncəsinin təsirindən tamamilə azaddırlar. Hətta bəzən müxtəlif məkanlarda türklərə qarşı xoş təəssürat bəxş etməyən baxışlarla da qarşılaşmaq mümkündür.
Serbiyanın Belqrad şəhəri tarixi binaları və muzeyləri ilə olduqca maraqlıdır. Gəzdiyim yerləri burada sadalamayacağam, lakin bir neçə muzeyin adını qeyd edib serb milləti ilə bağlı təəssüratlarımı ifadə etməyə davam edəcəyəm.
Belqrada səyahət edən insanlara xüsusilə Serbiya Milli Muzeyinə, Yuqoslaviya Muzeyinə, Hərb Muzeyinə və Etnoqrafiya Muzeyinə getmələrini tövsiyə edərdim. Digər tərəfdən, əsərlərinin bir çoxunun Serbiya Milli Muzeyində olmasına baxmayaraq, məşhur serb rəssamı Paya Yovanoviçin ev-muzeyi də ziyarət edilməlidir. Bundan başqa, tarixi Roma imperiyası dövrünə qədər gedib çatan Kalemeqdan (türk mənşəli "kale" və "meydan" sözlərindən yaranmışdır) qalasından Dunay çayı boyunca hərəkət edərək çayların qovuşduğu əraziyə, oradan da Sava çayının sahili ilə Belgrade Waterfront və Sava Promenadaya doğru gedəndə qədim ilə yeninin mübarizəsinə (bəlkə də vəhdətinə) şahid ola bilərsiniz.
Gələk əsas məsələmizə. Yuxarıda serb və Azərbaycan xalqları arasındakı oxşar xüsusiyyətlərə toxunmuşdum. İndi isə fərqli xüsusiyyətlərə və serblərin fərdi xarakterlərinə təmas etmək istəyirəm. İlk təəssüratımın serblərin kədərli və düşüncəli olduğu idi. Hətta bəzən kobudluqlarının da şahidi olmuşdum. Getdiyim hər yerdə - muzey, restoran və başqa məkanlarda - insanların düşüncəli simalarında kobudluq və kədər ilə qarşılaşdım. Bu kədər bizim anladığımız dramatik bir kədər deyildi, çox düşünməyin gətirdiyi və insanın istər-istəməz büruzə verdiyi bir reaksiya idi. Bu səbəbdən serb xalqının kobud və soyuq olduğunu düşünməyə başlamışdım. Hətta yüksək insani xüsusiyyətləri və normalda diplomatlarda çox rastlaşdığımız kibirdən uzaq xoşniyyətliliyi özündə ehtiva edən cənab səfirimiz Tahir Tağızadənin düşüncəmlə razılaşmayaraq serbləri mehriban adlandırmasını da səfirimiz ilə aramızdakı iyerarxiya müxtəlifliyi ilə əlaqədar olaraq, qarşılaşdığımız insanların fərqli olması səbəbilə təsdiqləməmişdim.
Lakin səfirimizin haqlı olduğunu İstanbula geri qayıtdığım günün ertəsi anladım. Həyatın qəribə təsadüfü məni həmən gün Metternixin Napoleon və dövrün fransız xalqını, cəmiyyətini müşahidə edərək qələmə aldığı bir əsəri ilə qarşılaşdırdı. Napoleonun məğlubiyyətinə doğru gedən müddət ərzində fransız xalqının simalarındakı xüsusiyyətlər necə də serblərin simalarında qarşılaşdıqlarımla bənzər idi! Kitabı yeni bitirmişdim ki, sosial mediada Belqradda hazırki iqtidara qarşı keçirilən mitinqləri gördüm. Artıq düşündüyüm, hiss etdiyim və oxuyaraq öyrənib anladığım hadisələr pazlın parçaları tək öz yerlərini tapmışdı. Məgər serb xalqının simalarında gördüyüm o düşüncəli, kədərli və bu duyğuların səbəb olduğu kobudluq əlamətlərinin qaynağı bir həftə sonra keçiriləcək seçkidən əvvəlki stresli düşüncələr imiş. Serb xalqı gələcəklərini təyin edəcək bir qərar vermək üzrə idi və normal olaraq, insanların düşüncələri bu mövzu ilə məşğul idi. Hər ehtimalı nəzərdən keçirmişdim. Yeganə düşünmədiyim ehtimal seçki keçirilməsi və mövcud rejimin dəyişməsi ehtimalı idi. Çünki yaşadığım ölkə olan Türkiyədə seçkilər dövründə əvvəllər belə bir ictimai reaksiya ilə qarşılaşmamışdım. Seçki ərəfəsində heç kəs fərqli hisslər keçirmir və fərqli davranmırdı.
Yeni-yeni milli siyasi istiqamətə sahib olmuş serb milləti 12 il 5 ay ölkələrinə başçılıq etmiş və nəhayət, 27 sentyabr tarixində istefa verən Aleksandr Vuçiçin ya yenidən vəzifəsinə davam etməsini, ya da artıq yeni liderlərlə ölkələrinin gələcəyə addımlamasını seçəcəkdi. Bu böyük məsuliyyət tələb edən vəzifəni icra edənlər isə məhz o düşüncəli simaya sahib serb millətidir.
Bu gün küçələrdə mitinqlər keçirən tələbə hərəkatı və onlara qoşulan serblərin fəaliyyəti isə öz daxili məsələləridir. Nəticənin necə sonlanmasından asılı olmayaraq, hər bir millətin öz taleyini maraqlandıran məsələlərdə azad qərar verməsinin tərəfdarıyam. Nəticələri izləyəcək, hər bir tərəfə demokratiya adət-ənənələrinə uyğun qalibiyyət arzulayacağam.
Aleksandr Vuçiçin qələbə qazanması Serbiya Respublikasının izlədiyi siyasi xəttdə bir dəyişikliyə səbəb olmayacaq. Lakin tələbə hərəkatı qalib gələrsə və müxalifəti bəyənməyib öz irəli sürdüyü namizədləri parlamentə daxil etməyi bacararsa, o zaman Serbiya yeni siyasi mərhələyə qədəm qoymuş olacaq. Yalnız tələbə hərəkatının başçıları bir xüsusu mütləq düşünməlidirlər. Əgər Vuçiç məğlub olaraq müxalifət sıralarına keçərsə və parlamentdəki millət vəkillərinin sayı tələbə hərəkatının lehində olduğu halda yenə də hərəkatın seçilmiş millət vəkilləri sistemli bir şəkildə addım atmasalar, Vuçiç müxalifət sıralarında dayanmış iqtidar rolunu oynayacaq.
Bir neçə gün öncə başa çatmış Serbiya, daha doğrusu, Belqrad şəhərinə səfərim isə mənə xüsusilə yeni və gözəl antropoloji tədqiqat təcrübəsi bəxş etdiyinə görə hər zaman xatirimdə önəmli yerə sahib olacaqdır.
Son qeyd: Yuxarıdakı sətirləri qələmə alıb son düzəlişləri yenicə bitirmişdim ki, qəfildən televizordan bir səs yüksəldi: "Vuçiç məğlubiyyəti qəbul etdi!"