Sərdar Cəlaloğlunun üzrxahlığı gecikmiş addımdır

10.09.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


ADP sədri Sərdar Cəlaloğlunun xalqımızın mübariz övladları Qaçaq Nəbi və Həcər xanım ilə bağlı illər əvvəl səsləndirdiyi əsassız və qalmaqallı fikirlərin bu gün kontekstdən çıxarılaraq yenidən gündəmə gətirilməsinin onun birbaşa iradəsindən kənar baş verdiyini və bu cür süni qarşıdurmaların cəmiyyətə zərər vurduğunu bildirməsi, yaranmış anlaşılmazlığa görə təəssüf hiss keçirdiyini dilə gətirərək Qubadlılılardan üzrxahlıq etməsini çox istəyərdim ki, öz səhvini başa düşən və yanlış mövqeyindən çəkinən təcrübəli bir siyasətçinin aqilliyi kimi, müdrikliyi kimi dəyərləndirim. Ancaq belə dəyərləndirmə mümkün deyil. Mən onun indiki üzrxahlığını səmimi və yetərli saymıram. Çünki aqil və müdrik insan heç ilk başdan bu cür ağır səhvə imza atmaz, milli birliyimizə, həmrəyliyimizə zərbə vuran mövqe sərgiləməzdi. Müdrik, təcrübəli siyasətçi cəmiyyətdə qarşıdurma, fikir çaşqınlığı yaradan səhvlərə yol vermir.
Bu baxımdan, Sərdar Cəlaloğlunun üzrxahlığı gecikmiş addımdır. Bəli, bu üzrxahlıq gecikib. Bu addım onun əvvəlki səhvini tamamilə aradan qaldırmır. Və necə deyərlər, üzrü günahından betərdir. ADP sədri Qubadlı camaatından bu gün yox, çoxdan üzr istəməliydi və bunun üçün Qubadlı ziyalıları ilə, ağsaqqalları ilə görüşü gözləməməliydi. Mən Sərdar Cəlaloğlunun üzrxahlığını müsbət addım kimi yox, daha çox gecikmiş və məcburi reaksiya kimi dəyərləndirirəm.
Bu "təcrübəli"-naşı siyasətçi hər addımında özünü "yandırır". O, Qubadlılarla heç bir problemi olmadığını, əksinə, qəhrəmanlar yurdu olan Qubadlıya və onun dəyərli insanlarına hər zaman böyük hörmət bəslədiyini vurğulayıb və bu cür süni qarşıdurmaların cəmiyyətə zərər vurduğunu bildirib. Maraqlıdır, süni qarşıdurmaların cəmiyyətə zərər vurduğunu dərk edən bir siyasətçi, bəs, bunu həmin qarşıdurmalara zəmin yaradan qalmaqallı açıqlamaları verərkən niyə başa düşmürdü? Belə partiya sədri olar? Budurmu ziyalılıq? Bu adamın ətrafında, partiyasında bir ağıllı məsləhətçisi yoxdurmu ki, onu bu cür ucuz "sensasiya"lı açıqlamalarla gündəmə gəlməkdən çəkindirsin? Bunun müavinləri, müşavirləri hara baxır? Bəyəm onlar görmürlərmi ki, sədrlərinin qeyri-ciddi və zərərli açıqlamaları partiyanın özünə də ağır zərbə vurur?
Cəmiyyət tərəfindən siyasətçidən çox "hərşeyşünas"lıq üzrə mütəxəssis kimi qəbul edilən Sərdar Cəlaloğlunun populyarlıq azarına yoluxmağı, əslində, birbaşa ADP-nin imicinə mənfi təsir göstərir. Belə primitiv və uğursuz piar-gedişlərlə reytinq toplamaq, gündəmdə qalmaq heç bir siyasətçiyə yaxşı perspektiv vəd etmir. Tarixi şəxsiyyətlərimizi hədəfə almaq isə, ümumiyyətlə, qəbuledilməz haldır. Sağlam əqidəsi, yetkin milli mövqeyi olan siyasətçi tarixin təftişi ilə məşğul olmaz və onu seçicilərdən, partiya elektoratından, cəmiyyətin ayrı-ayrı kəsimlərindən üzr istəməyə vadar edəcək açıqlamalar, bəyanatlar verməz.
Lakin əfsuslar olsun ki, S.Cəlaloğlu kimi "nəlbəkidə fırtına" yaradan siyasətçilərin tarixi şəxsiyyətlər üzərindən zərərli müzakirələrə rəvac vermələri digərlərinə də pis nümunə olur. Nəticədə tarixi şəxsiyyətlərə hücum edən siyasətçilərin, ictimai fəalların sayı artır. Biz bunu Şah İsmayıl Xətaiyə və Babəkə qarşı sərgilənən qərəzli münasibətdən də gördük. Halbuki siyasətçilər bu cür həssas mövzuların gündəmə daşınmasında həddindən artıq ehtiyatlı olmalıdırlar. Ümumiyyətlə, tarixi şəxsiyyətlərə qarşı məsuliyyətsiz və qalmaqallı fikirlər səsləndirmək heç bir siyasətçiyə nüfuz qazandırmır, əksinə həm onun şəxsi nüfuzunu, həm də partiya imicini zədələyir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью