“Sərdar sandıq ocağı”

07.08.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Yaxud incə sənət də loğmanlıq edir?

Tarix boyu yaradıcı fəaliyyətlə psixikanın bərpası arasında ayrılmaz bağ olmuşdur. Art-terapiya müasir klinik intizam kimi kodlaşdırılmazdan çox əvvəl, qədim cəmiyyətlər ruhun stabilləşdirilməsi üçün şamanların ritmik çağırışlarından tutmuş, müqəddəs əşyaların kollektiv şəkildə hazırlanmasına qədər müxtəlif mərasim formatlarından istifadə etmişlər. Bu təcrübələr, əslində, simvolizm və təkrarlanan əmək vasitəsilə fərdin daxili ahəngini kainatın nizamı ilə uyğunlaşdıran, bir növ, bio-psixo-sosial müdaxilə olmuşdur.

XX əsrin ortalarında Adrian Hill və Edvard Adamson kimi tədqiqatçılar bu şüuraltı prosesləri rəsmiləşdirərək art-terapiyanı klinik mühitə gətirdilər. Lakin rəqəmsallaşan və sosial baxımdan şaxələnən XXI əsrdə bu fərdi modelləri sistemli və ailə mərkəzli çərçivələrə daşımağa ciddi ehtiyac var. Məhz bu ehtiyacdan çıxış edərək ailəvi “Sərdar sandıq ocağı”nı yaratdıq.

“Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Art-terapiya mədəniyyətin və sağlamlığın keşiyində” layihəsi məhz bu təcrübənin məhsuludur. Bu yanaşmada yaradıcılıq yalnız sənət nümunəsi yaratmaq deyil, həm də ailə üzvlərini birgə fəaliyyətə cəlb edərək onları “art-terapiya tələsi” adlandırdığımız yaradıcı prosesə könüllü şəkildə cəlb etməkdir. Bu, xüsusilə ağır mənəvi sınaqlardan keçən ailələrdə diqqətin konkret nəticəyə yönəlmiş yaradıcı fəaliyyətə çevrilməsini təmin edir.

Art-terapiyanın elmi kökləri

Art-terapiyanın müasir bir elm sahəsi kimi formalaşması uzun bir yol keçib. Bu elmin fundamentində duran nəzəriyyələr insan psixikasına dərindən baxmağa imkan verən klassik psixoanaliz məktəblərinə söykənir. Ziqmund Freydin elmi irsində yaradıcılıq, şüuraltında toplanan gərginliyin katarsis vasitəsilə üzə çıxarılması üçün ən təhlükəsiz və səmərəli yol kimi qiymətləndirilir. Freydə görə, insan sözlə ifadə edə bilmədiyi daxili münaqişələri vizual obrazlar vasitəsilə kağıza və ya materiala köçürdükdə gərginlikdən azad olur.

Karl Qustav Yunq isə bu prosesə daha geniş, mənəvi və tarixi müstəvidə yanaşmışdır. Yunqun fikrincə, yaradıcılıq insanın kollektiv şüursuzluqda mövcud olan arxeotiplərlə – yəni bəşəriyyətin ortaq yaddaşı olan simvollarla təmas qurmasıdır. İnsan hər hansı bir sənət nümunəsini ərsəyə gətirərkən, əslində, öz daxili mənini kəşf edir. Bu, insanın özünü dərk etməsi və daxili bütövlüyünün bərpası üçün güclü psixoloji mexanizmdir.

Şüuraltıdan sağalma prosesinə

Rəsmi art-terapiya terminini elmə gətirən ingilis sənətkar Adrian Hill 1930-cu illərin sonlarında vərəm xəstəliyinə tutularkən, sanatoriyada müalicə zamanı təsadüfən rəsm çəkməyin onun fizioloji və ruhi vəziyyətini yaxşılaşdırdığını müşahidə etdi. Hillin bu kəşfi 1940-cı ildən etibarən klinik mühitdə sistemli metodologiyaya çevrilərək “Art therapy” adı ilə elmi dövriyyəyə daxil oldu. Daha sonra Edvard Adamsonun xəstəxana şəraitində yaratdığı unikal sənət kolleksiyası, fərdin ağır depressiv dövrlərdə belə yaradıcılıq vasitəsilə özünü idarə edə biləcəyinin əyani sübutu oldu. Adamsonun yanaşması sənəti bir növ psixoloji güzgü kimi təqdim edirdi ki, orada pasiyent öz daxili dünyasını kənardan izləyə və nizamlaya bilsin.

Sərdarlı ailə modeli isə bütün bu tarixi bilikləri özündə cəmləyərək XXI əsrin yeni çağırışlarına uyğunlaşdırır. Bu böyük alimlərin qoyduğu elmi bünövrə təkrar edilmir, bir addım irəliyə — fərdi xəstəxana otağından bütün ailənin birgə sağalma məkanına daşınır. Klassik psixoanalitiklərin nəzəriyyələri işdə tətbiq olunur. Şüuraltıdakı xaos, ailəvi arxeotiplər və sənətin müalicəvi gücü vahid ailə modelli art-terapiya formatında birləşdirilərək, həssas vəziyyətdə olan ailələrdə emosional dayanıqlılığın bərpasına və sublimasiyaya nail olunur.

Modeldə hər bir ailə üzvü öz bacarıq səviyyəsinə uyğun olaraq, sadə, lakin estetik cəhətdən xoş əl işlərinin ərsəyə gətirilməsində iştirak edir. İrihəcmli bir sənət əsəri və ya dekorativ nümunə ailənin hər bir üzvünün bacarığına uyğun fraqmentlərə bölünür. Bu, bir növ pazl və ya konstruktor prinsipi ilə işləyən birgə əməkdaşlıq modelidir. Prosesin sonunda ailə üzvləri nəinki dəyərli bir sənət nümunəsi ərsəyə gətirir, həm də zehni dağıdıcılıqdan nizamlı fəaliyyətə keçid edirlər.

Bu ailə modelli Edvard Adamsonun klinik yanaşmasından fərqli olaraq, terapiyanı xəstəxana divarlarından çıxararaq insanın gündəlik həyatının bir hissəsinə — müqəddəs bir məkana yüksəldir. Fərdi şəkildə aparılan art-terapiya ilə müqayisədə, ailəvi kollektiv əməyin bəhrəsi daha zəngindir. Çünki burada hər bir ailə üzvü öz bacarıqlarını birləşdirərək həm də maddi və mənəvi dəyər yaradır. Bu, şəxsə “mən sağalmalıyam” deyil, “mən faydalı və yaradıcı bir işin tərkib hissəsiyəm” mesajını verir ki, bu da sağalma prosesini sürətləndirən güclü psixoloji amildir.

Həyat bizə, yəni əvvəlcə şəxsən mənə ağır xəstəlik zamanı, sonra isə ailəmizə pandemiya dövründə əlahəzrət art-terapiya vasitəsilə sarsılmaz bir xilas yolu bəxş etdi. Zaman-zaman biz bu xilas yolunu özümüz üçün müqəddəsləşdirdik. Çünki o, həyat bəxş edəndir. Bütün bu baş verənlər qarşısında sosial məsuliyyətimizi, insanlığa olan vəfa borcumuzu dərk edərək, xilas yolumuzu ən yüksək platformalarda elmi əsaslarla paylaşmaq istəyirik.

Məhz buna görə də layihənin növbəti mərhələsi olaraq, Sərdarlı sənətkar ailəsi tərəfindən art-terapiya metodu sayəsində ərsəyə gətirilmiş ilkin sənət nümunələri, “Sərdar Sandıq-Mücrü Ocağı”nda yaradılan dekorativ-tətbiqi sənət nümunələri, eləcə də ABŞ səfəri üçün xüsusi olaraq hazırlanacaq yeni kolleksiya Vaşinqtonda nümayiş olunacaq. Məqsədimiz bu modelin sadəcə bir terapiya prosesi olmadığını, həm də ailələrin öz daxili xaosunu nizama salaraq, onları daha dayanıqlı gələcəyə daşıyan universal humanitar layihə olduğunu göstərməkdir. Vaşinqtonu seçməyimizin səbəbi isə art-terapiya elminin orada öz mötəbər zirvəsini yaşaması və elmi əsaslı təcrübəmizin beynəlxalq praktikaya inteqrasiyasıdır.

İsgəndər SƏRDARLI,
Azərbaycan Rəssamlar İttifaqının üzvü, tətbiqi sənət ustası

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью