Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə millisinin baş məşqçisi Sergen Yalçın UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Fransaya məğlubiyyətdən (1:2) danışıb.
QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhələni xalsız başa vurmalarına baxmayaraq, o, Fransa ilə oyundan sonra futbolçularını müdafiə edib və gələcəklə bağlı iddialı açıqlamalar verib. Mütəxəssis görüşdən sonra keçirilən mətbuat konfransında komandasının məğlubiyyətə layiq olmadığını bildirib:
“Komanda istədiklərimizi 100 faiz yerinə yetirdi, inanılmaz səylə mübarizə apardı. Tamamilə oyun planımıza sadiq qaldıq. 6-7 gün ərzində iki fərqli oyun sistemi sınadıq. Uduzduq, amma gələcək üçün çox vacib ümid işığı verdik. Bu məğlubiyyətə nə dərəcədə layiq olduğumuz ciddi müzakirə mövzusudur. Futbolçularıma təşəkkür edirəm, böyük həvəslə oynadılar. Ümid edirəm ki, gələcək daha yaxşı olacaq”.
Baş məşqçi komandanın qol imkanlarını reallaşdıra bilməməsinə də diqqət çəkib. O, qapıçı Berke Özerin çıxışını xüsusi qeyd edib: “Berkenin performansı çox yaxşı idi. Qapıçımız 6 zərbənin qarşısını aldı, amma bizim də 5-6 yüzfaizlik qol imkanımız qapıdan keçmədi. Şanssız idik. Berke bizim üçün nə qədər dəyərli olduğunu göstərdi. Belə futbolçuları itirmək olmaz”.
Sergen Yalçın Türkiyə futbolunda oyunçulara münasibətlə bağlı da diqqətçəkən fikirlər səsləndirib: “Futbolçular ölkələri üçün mübarizə aparırlar. Məncə, bu mübarizəyə görə ciddi tərifə layiqdirlər. Lakin biz öz futbolçularımızı tənqid etməyə, onları "yerin dibinə soxmağ"a çox öyrəşmişik. Buna görə də onlara layiq olduqları hörmət və tərifi vermirik”.
Mütəxəssis gələcək planlarından danışarkən mart ayında keçirəcəkləri matçlara toxunub. O, həmin vaxta qədər komandanın daha hazırlıqlı olacağını bildirib: “İzlədiyimiz yeni, gənc futbolçularımız var. Mart ayı fərqli olacaq, həmin dövrə daha yaxşı hazırlaşacağıq. Bu iki oyunda görməli olduğumuz məqamları gördük”.
Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda keçirdiyi 6 oyunun hamısında məğlub olub və xalsız qalıb. Fransa 13 xalla qrupu birinci, Belçika 12 xalla ikinci, İtaliya 10 xalla üçüncü pillədə başa vurub. Türkiyə isə sonuncu yeri tutub.