Sərhəd danışıqlarında maneə olan məsələ həllini tapır Açıqlama

21.08.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla anklavlar məsələsinin uzunmüddətli sülhə və sərhədyanı sakinlərin maraqlarına uyğun həll edilməli olduğunu bildirib. Onun sözlərinə görə, Bakı və İrəvanın razılaşdırdığı delimitasiya prinsipinə əsasən, Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndləri Ermənistan ərazisinə daxil deyil.
Demokrat.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın həmin açıqlaması kifayət qədər diqqətçəkəndir:
“O, hökumətin 2026–2031-ci illər üzrə proqramını təqdim edərkən bir neçə mühüm məqama toxunub. Bunlardan birincisi, heç şübhəsiz ki, Qarabağ məsələsi ilə bağlıdır. Paşinyan Qarabağla bağlı mövqeyini bir daha müdafiə edərək bildirib ki, ermənilərin Qarabağa qayıtması məsələsi hökumətin gündəmində deyil. O, eyni zamanda Azərbaycanın sülh prosesinə sadiq olduğunu və bu istiqamətdə prosesi irəli aparmağa çalışdığını vurğulayıb.
Bundan başqa, delimitasiya və demarkasiya məsələlərinə də toxunub. Paşinyan bu proseslərin ikitərəfli razılaşmalar əsasında həyata keçiriləcəyini qeyd edib. O, bir daha etiraf edib ki, Azərbaycanın anklav kəndləri Ermənistan ərazisi olmayıb. Bununla da, bir tərəfdən, revanşist qüvvələrə mesaj verib, digər tərəfdən isə Ermənistanın beynəlxalq hüquqa hörmət etdiyini nümayiş etdirməyə çalışıb”.
Politoloqun fikrincə, şübhəsiz ki, sülh gündəliyi və konstitusiya dəyişiklikləri ilə bağlı verilən mesajlar da Paşinyanın açıqlamalarının və ümumilikdə Ermənistanın Cənubi Qafqaz siyasətinin əsas konturlarından hesab oluna bilər:
“Bundan əlavə, Paşinyan Rusiya ilə münasibətlərə və Avrasiya İqtisadi İttifaqı məsələsinə də toxunub. Ermənistanın ixrac siyasətini bundan sonra da şaxələndirməyə davam edəcəyini bəyan edib.
Ümumilikdə, bunlar kifayət qədər pozitiv açıqlamalardır və Ermənistan cəmiyyəti üçün də müəyyən mesajlar hesab oluna bilər. Paşinyan seçkilərdə aldığı səslərə və seçki kampaniyası zamanı səsləndirdiyi fikirlərə uyğun olaraq hökumətin fəaliyyət proqramını hazırlayıb. Bununla yanaşı, proqramda Azərbaycanla münasibətlərə də xüsusi diqqət yetirilib. Bu baxımdan, Paşinyanın açıqlamalarını pozitiv qiymətləndirmək olar.
Ümid edək ki, Paşinyan dünən səsləndirdiyi və hökumətin proqramında əksini tapan mövqelərə uyğun olaraq Azərbaycanla münasibətləri səmimi şəkildə normallaşdırmaq istəyirsə, o zaman Ermənistan Konstitusiyasında dəyişikliklərlə bağlı məsələni də həll etməlidir. Bunun üçün referendum keçirilməli, konstitusiya dəyişiklikləri edilməli və digər proseslər də paralel şəkildə davam etdirilməlidir”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью