Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yerləşən “Salahlı” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib.
Modern.az xəbər verir ki, açılış mərasimində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.
Həmçinin sərhədçilərin xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılmasının diqqətdə saxlanıldığı bildirilib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini DSX rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov şəxsi heyətə çatdırıb.
Daha sonra əsaslı təmir olunan zastavada xidməti otaqlara və hərbi qulluqçular üçün nəzərdə tutulan mənzillərə baxış keçirilib.
Tədbirin sonunda şəxsi heyətlə birlikdə nahar edilib.