Sərhəddə saxlanılma dönəmi bitir, borcu olan şəxsə ölkədən çıxışa qadağa ilə bağlı bildiriş gələcək

21.04.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Borcluların ölkədən getmək hüququ yeni qaydada müvəqqəti məhdudlaşdırılacaq. Milli Məclisin aprelin 11-də keçirilən iclasının gündəliynə daxil edilən “İcra haqqında” qanuna təklif edilən dəyişiklik bu barədə qeyd edilib. Eyni zamanda qanunun 84-1-ci maddəsi yeni redaksiyada təklif olunub. Belə ki, yeni düzəliş təklif olunan 84-1-ci maddəyə əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.Ölkədən çıxmağa maneə yaradan borcun məbləğinin bir əhəmiyyəti varmı?300 manat krediti olan şəxs ilə 30 min manat borcu olan şəxsə qarşı eyni məhdudiyyət tətbiq ediləcək?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə, qərar qəbul olunanda məhkəmə qərarları dövlətin adından çıxarıldığı üçün burada məbləğin hər hansı bir formada azlığı, böyüklüyü-kiçikliyi rol oynamır.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Burada əsas rol oynayan odur ki, dövlətin adından çıxarılmış qərar qətnamə borclu tərəfindən icra olunmalıdır. Ümumiyyətlə, şəxsin icra etməsi üçün çıxarılmış ən xırda cərimə və yaxud mülki qərar, mülki öhdəlik, mülki məsuliyyət qərarı mütləq şəkildə vətəndaş tərəfindən icra olunmalıdır. Sadəcə olaraq, əvvəllər vətəndaşın ölkədən çıxışı ilə bağlı “STOP” qərarı demək olar ki, bildirilmirdi və ya çox gec bildirilirdi. Ancaq indiki halda, deməli, bununla bağlı vətəndaşa bildiriş göndəriləcək və bu bildirişdən sonra vətəndaş biləcək ki, onun artıq ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur”-deyən hüquqşünas hesab edir ki, ən xırda məbləğin belə ödənilməsi tələb olunursa, onun ödənişi təmin edilməlidir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью