Sərhədə sığmayan Vətən

23.10.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

Bu il səksən illik yubileyini qeyd edən Xalq şairi Sabir Rüstəmxanlı ölkəmizdə müstəqilliyə aparan yolun öncüllərindən olmaqla saysız-hesabsız şeirləri, poemaları, romanları, povestləri, elmi-publisistik məqalələri, müsahibə və çıxışları ilə xalqımızın istiqlal yolunu işıqlandırıb, 1988-ci ilin noyabrında isə coşqun xalq hərəkatının okean kimi dalğalandırdığı Azadlıq meydanında azadlıq və müstəqillik uğrunda mübarizənin aparıcı carçılarından biri olub. S.Rüstəmxanlı milli ziyalı, şair və nasir olduğu qədər də ölkəmizdə, Cənubi Azərbaycanda, türk dünyasında və dünya azərbaycanlıları arasında tanınmış ictimai-siyasi xadim, Azərbaycan və azərbaycanlıların haqqını qorumaq yolunda çəkinmədən çalışan mübariz vətəndaşdır. Milli kimlik, tarixi yaddaş, Vətən və vətəndaşlıq, Azərbaycan və Türk dünyası, ana dili və milli-mənəvi dəyərlər onun yaradıcılığının əsas mövzularıdır.

S.Rüstəmxanlının fikrincə, "millət" anlayışı dövlətləşmiş xalqın siyasi, iqtisadi, coğrafi və sosial birliyini ifadə edir. Ədib "Millət, millətçilik" məqaləsində yazır: "Milləti - millət olma, birləşmə düşüncəsi və ehtiyacı yaradır; millət təkcə etnik deyil, həm də siyasi, iqtisadi, coğrafi, sosial birlik və s. şərtlər daxilində formalaşır. Millət dövlətləşmənin yaratdığı birlikdir. Bir dövlətin vətəndaşı anlamına gəlir. Çeşidli etnik kökdən gələnlər də bir dövlətin içində bir millət ola bilirlər... Azərbaycan Respublikasının ərazisində yaşayan hər kəs Azərbaycan millətinin bir fərdidir. Bu məsələdə etnik kimlik arxada qalır. Önə milli dövlət, milli kimlik çıxır. Bu, dövlətin təməli və təminatıdır".

S.Rüstəmxanlı deyir ki, millilik milləti sevməkdən başlamalıdır. Milli azadlığın da, milli ideologiyanın da kökündə bu sevgi dayanmalıdır. O, hələ yeniyetmə çağlarından ailəsində və "Xətai yurdu" adlandırdığı doğma Yardımlının zəhmətkeş, vətənsevər insanları arasında Vətən sevgisi ilə böyümüş, 20 yaşında məşhur "Vətən" şeirini yazmışdı:

...Şimşəklər çinartək sancılıb yerə,

Düşmənin gözünə dirsəkdi hər dağ.

Babalar atını sürüb gedibdi,

Qalalar boylana qalıbdır ancaq.

Oğlu - Şah İsmayıl Xətai adlı,

Ağ atlı oğlan var, atı qanadlı;

Bir də Suraxanı Atəşgahı var,

Bir də Misriqılınc, bir də Çənlibel,

Bir də "Heydərbaba" yazılmış bir dil.

Torpağı ot deyil, kişi göyərdən

Vətən... Vətən!

"Vətən" şeirindəki obraz və düşüncələr S.Rüstəmxanlının altmış illik yaradıcılığının ilkin kodlarına çevrildi. Cavad xanın mübarizəsinə, Məhəmməd Hadinin keşməkeşli həyatına, Əhməd Ağaoğlunun Qarabağda erməni silahlılarına qarşı yaratdığı "Difai" təşkilatına həsr olunan əsərləri, çoxsaylı şeir və poemaları, elmi-publisistik məqalələri bu düşüncələrdən qaynaqlanır.

S.Rüstəmxanlı böyük azərbaycançı olduğu qədər də böyük türkçüdür. Onun əsərlərində, məqalələrində və müsahibələrində tarixi Azərbaycanı, indiki Quzey və Güney Azərbaycanı Türk dünyasının ayrılmaz tərkib hissəsi kimi görürük. O, Azərbaycan tarixini türk tarixindən ayrı təsəvvür etmir. "Göy tanrı" romanının müəllifi olan şair türklərin tarixi-siyasi keçmişini, dövlətçilik və mədəniyyət yaratmaq təcrübəsini dərindən öyrənib, qardaş və qohum xalqlarımızın gələcəyini hələ kommunist rejimi dövründə Türk Birliyində görüb. S.Rüstəmxanlı yazır: "Əlifba A-dan, Vətəndaşlığın əlifbası Azərbaycandan başlanır. Lakin Azərbaycan böyük türk ağacının bir budağıdır və ağacı görməzdən gəlib onun budaqlarından yazmaq düz olmaz".

Şairin Vətən və Yurd anlayışı bütöv tarixi Azərbaycanı əhatə edir, indiki sərhədlərə sığmır. O, Azərbaycanı böyük Türk dünyasının - Turanın bir parçası kimi görür. Bu düşüncə poeziyasında da, nəsrində də aparıcı mövzulardandır:

Bu vətən deyilən dünyam sirlidi,

Bir paytaxtı sevinc, bir paytaxtı qəm.

Bu vətən torpağı çox qəribədi,

Hələ sərhəddini tapa bilmirəm!

S.Rüstəmxanlı yaradıcılığında tarixi şüurun milli varlıq və müstəqillik üçün əhəmiyyəti xüsusi yer tutur. Gənclik çağlarından tariximizin və ədəbiyyatımızın yorulmaz tədqiqatçısı olan, elmi məqalələri və bədii-tarixi əsərləri ilə milli düşüncəli bir nəslin yetişməsinə töhfə verən mütəfəkkir yazır: "Tarixlə oynamaq, odla oynamaqdır... Xalq üçün var olmanın təməl şərtlərindən biri ana dilidirsə, biri də tarix şüurudur. Buna görə də hər əlinə qələm alan, hər yazar milli tarix üçün məhkəmə qura bilməz... Tarix bitmiş bir prosesdir, səhvləri və yanlışlıqları ilə bir yerdə. Onu ayağımızın altından çəksək, uçuruma yuvarlanarıq. Biz tarixi yox, tarixçiliyi sorğulaya bilərik: Güneydə İran-Sasani siyasətini yaymaq məqsədi güdən, Quzeydə türkləri parçalamaq və hərəsini ayrı bir xalq kimi qələmə vermək niyyətiylə uydurulmuş, Avropa mərkəzçiliyinin, sovet ideologiyasının təsiri altında yazılmış uydurma tarixləri..."

Güney Azərbaycan mövzusu S.Rüstəmxanlının həsrət, vüsal və azadlıq mübarizəsinə çağırış ruhlu şeirlərinin başlıca istiqamətlərindəndir. Bütöv Azərbaycan ideyası onun yaradıcılığında həm tarixi yaddaş, həm də gələcəyə yönəlmiş arzu kimi təzahür edir. Müəllif qeyd edir ki, Mirzə İbrahimovun "Gələcək gün" romanı hələ uşaqlıq illərində onların təsəvvüründə Güney Azərbaycan obrazı yaratmışdı. Yeniyetməlik çağlarından qəlbində kök salan Təbriz həsrəti şairi ömrü boyu müşayiət etmişdir. Doğulduğu Yardımlı rayonunun Hamarkənd dağlarından Savalana, onun ətəyində yerləşən Ərdəbilə baxdıqca gözünün önündə arzuların, həsrət və ümidlərin rəmzi olan Təbriz canlanırdı. 1992-ci ilin qışında ilk dəfə bu şəhərə ayaq basan şairin həyəcanını "Təbrizlə görüş" şeirində görmək mümkündür. O, Təbrizi öz haqqını tələb etməyə çağırır:

Bu görüşü dərdə dərman bilmişdim,

Həsrətinlə çox ağlayıb-gülmüşdüm,

Görüşünə bir qış günü gəlmişdim,

Ey qar altda ürəyi yaz, Təbrizim,

Çörəyi bol, qisməti az Təbrizim!

...Qılınca yox, yağlı sözə əyildin,

Düşmənə yox, dost-qardaşa döyüldün,

Tarix boyu belə məzlum deyildin.

Ümid bürcüm, zəfər tağım Təbrizim,

Güllə dəymiş söz bayrağım, Təbrizim!

S.Rüstəmxanlı üçün Vətənin hər daşı, tariximizin hər səhifəsi, qan yaddaşımızın hər xatirəsi əzizdir. Sonralar məşhur romanına mövzu olan "Gəncə qapısı" şeirində yazır:

Salam, Gəncə qapısı, qürbətdəki qardaşım!

Salam, duzum, çörəyim, poladlaşan göz yaşım!

Bu misralar şairin Gürcüstana səfəri zamanı vaxtilə yağmalanaraq aparılmış, hazırda Gelati monastırında saxlanan və hələ də əsl sahibinə qaytarılmayan Gəncə qapısını görərkən keçirdiyi ağrılı hisslərin ifadəsidir.

Tarixi yaddaşı bütün əsərlərində yaşadan S.Rüstəmxanlının "Cavad xan" poeması da xalqın mübarizə əzmini, Vətənin azadlığı naminə fədakarlığı və işğala boyun əyməmək iradəsini əks etdirən nümunələrdəndir. Şair Cavad xanı rus işğalına qarşı dönməz mübarizənin rəmzi kimi təqdim edir, 1804-cü ilin yanvarında Gəncədə yalnız bir xanlığın deyil, bütün Azərbaycanın taleyinin həll olunduğunu vurğulayır:

...Gəncə bu məmmləkətin tağbəndidir elə bil,

Gəncə getsə, dalınca Azərbaycan gedəcək.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra S.Rüstəmxanlı "Vətəndaşlığın əlifbası" kitabında bölünmüş Vətən ağrısını, Güney Azərbaycan problemini, xalqımıza qarşı törədilmiş qırğınları, dilimizə və mədəniyyətimizə yönəlmiş təzyiqləri diqqətə çatdırıb. "Azadlığın çətin yolu və Güney Azərbaycan" adlı Müraciətində yazır: "Bütün bunlara baxmayaraq, biz varıq və yaşayırıq! İran adlanan ölkədə 40, Azərbaycan Respublikasında 10 milyonuq! Bir neçə milyonumuz da dünya ölkələrinə səpələnmişdir. Bu bölgədə farsların, ermənilərin gəlişindən çox-çox əvvəllərdən yaşayan və son minildə əraziləri birləşdirib Böyük Səlcuqlu, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar dövlətlərini quran da bizik! Azərbaycanlılar! Türklər! Lakin bu gün tarixlə öyünmək zamanı deyil! ...Ya əsarətə boyun əyərək adımızı, dilimizi unudaraq, atalarımızın qəhrəmanlıq ruhuna xəyanət edərək farslaşıb yox olacağıq, ya da 'Yetər, bizi məhv edə bilməzsiniz, varlığımızı, kimliyimizi, ruhumuzu əlimizdən ala bilməzsiniz" deyib ayağa qalxacağıq! Başqa yol qalmamışdır!"

Bu Müraciət İranda milyonlarla soydaşımızın arzu və narazılığını ifadə edən kəskin çağırış kimi qarşılanmış, hakim dairələri hiddətləndirmişdi. Müraciətin sonluğunda S.Rüstəmxanlı yazırdı: "Biz bu inamla yaşayırıq! Tarixi ərazilərimizdə Bütöv, Azad, Demokratik, İnkişaf etmiş bir Azərbaycan quracağımız gün uzaqda deyil! Bunun yolu hər bir azərbaycanlının şüurundan və qeyrətindən keçir! Güneydə də, Quzeydə də! Allah bu qeyrəti əlimizdən almasın!"

"Sərhəd çəkilməklə millət ayrılmaz, Ruhunda ayrılıq yaranmayıbsa" - deyən şair bu mövzuda hər vaxt olduğu kimi, nikbindir, bütövlyə inamı sonsuzdur:

...Bu yurd Türkün torpağı! İzləri itmir hələ

Əkdiyin şər toxumu göyərib bitmir hələ

Fikrin Sasanilikdən bəriyə ötmür hələ -

Anlamırsan millətlər önündə kəniz deyil!

Təbriz sana inanmaz, inansa Təbriz deyil!

Fars türkü öz içində əritsin... Nə vaxt olub?

Ruhuma öz məkrini yeritsin - Nə vaxt olub?

Ağlayan çocuğumu kiritsin - Nə vaxt olub?

Xəyanətlər uc-uca... əlli deyil, yüz deyil,

Təbriz buna dözəmməz! Dözərsə, Təbriz deyil!

S.Rüstəmxanlının ana dilinə dair yüzlərlə yazısı, çıxışı, təklifi və tövsiyəsi vardır. O, dili millətin, xalqın və mədəniyyətin varlığının ən mühüm amili sayır. Onun nəzərincə, Vətən də, xalq da, milli varlıq da, insanın kamilliyi də ana dilindən başlanır. Dil düşüncə və şüurun ifadəsidir; sözlərin daşıdığı məna və mahiyyət mənəvi dəyərlərin formalaşmasına təsir göstərir. Şair Azərbaycan dilini türk dilinin ayrılmaz qolu, milli varlığımızın əsas dayaqlarından biri kimi dəyərləndirir.

Sabir Rüstəmxanlı "Milli ideya və dövlət ideologiyası" məqaləsində milli birliyin əsasını ortaq dəyərlərdə və mədəniyyətdə görür: "Azərbaycanda bir türk, bir ləzgi və ya talış, avar, kürd qapısı döy, onların yaşam tərzi ilə tanış ol - o zaman bizim milli varlığımızın, birliyimizin kökünü aydın görəcəksən. Görəcəksən ki, onların hər biri öz dilini qorusa da, ortaq dəyərlər və ortaq mədəniyyət onları elə möhkəm birləşdirib ki, heç bir ciddi ayrılıqları, ziddiyyətləri yoxdur və xaricdən nə qədər cəhdlər olsa, nə qədər pullar xərclənsə də, ayrı-ayrı adamlar, qruplar qızışdırılıb ortaya atılsa da, bu birliyi pozmaq mümkün deyil. Mədəniyyət bizim gücümüz, ən böyük müdafiə sistemimiz, ən uğurlu yolumuzdur. Azərbaycançılıq ideologiyasının özülündə də bu vahid Azərbaycan mədəniyyəti dayanır".

Güney Azərbaycan problemləri S.Rüstəmxanlının çoxsaylı əsərlərində, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara müraciətlərində, o cümlədən İranın Ali Rəhbəri Əli Xameneiyə ünvanladığı açıq məktubunda ardıcıl şəkildə əks olunub. Məktubda Qarabağ probleminə toxunan müəllif İranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana yardımını qınayır, işğal altındakı şəhər və kəndlərin talan edilməsində iştirak edən İran vətəndaşlarını kəskin tənqid edirdi. O yazırdı: "İran türklərin 6-7 min illik vətənidir. Torpaqları qanımızla yoğrulmuş bir yurddur. Ancaq bu gün İran onun bir küncündən baş qaldırmış farsların vətəninə çevrilib, xəritələrdə "Persiya" sözünü bütün İran boyu yazır, neçə xalqı fars papağının altında gizlətməyə çalışırlar".

S.Rüstəmxanlı İran mətbuatında türklərin təhqir olunmasını yolverilməz sayırdı. O, Ali Rəhbərin diqqətinə çatdırırdı: "İslamda ən yüksək dəyərlərdən biri azadlıqdır... İranda İslam - fars şovinizminin siyasi alətidir, zülmə və despotizmə xidmət edir. Buna görə də öz-özünü inkar edir və nüfuzdan salır. Təəssüf ki, müsəlman qardaşlığı adı altında İranda fars şovinizmi hökm sürür və hakimiyyətdə o türklər təmsil olunurlar ki, onlar öz millətlərinin taleyinə biganədirlər... On milyonlarla müsəlman türkün ana dilində oxuyub-yaza bilmək hüququndan məhrum edilib, məktəbsiz, mədəniyyətdən kənar saxlandığı halda, "gavur" dediyiniz bir ovuc ermənini 'dini azlıqdır, ona görə haqları tanınır' deyib himayə etməyiniz hansı məntiqə və dəyərə söykənir? Xristian deyil, türk-müsəlman olmağımız bizim günahımızdırmı?"

Müəllif həmin Müraciətdə türklərə qarşı aparılan siyasətə son qoyulmasını tələb edir, Səttarxanı, Xiyabanini, Seyid Cəfər Pişəvərini və Şəhriyarı yetişdirən millətin ölmədiyini vurğulayırdı: "Bu millətdən və Allahdan qorxun!"

S.Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin adına və fəaliyyətinə xor baxan İran qurumlarını, rejim tərəfdarlarını daim kəskin tənqid edib. Azərbaycanı İranın bir parçası sayanlara qarşı tarixi dəlillərlə çıxış edərək bu bölgənin qədim türk yurdu olduğunu əsaslandırmağa çalışıb.

S.Rüstəmxanlı yaradıcılığı boyunca torpaqlarımızın bir qisminin erməni işğalında olmasına görə ümidsizliyə qapılmadan çağırış ruhlu şeirləri, çıxışları və məqalələri ilə xalqın gec-tez öz haqqına sahib olacağına inamını ifadə edib:

Bircə dayağım var, o da ki haqdı

Haqqı gücsüz bilib gülmək günahdı

Gələcək cəzanı cəkməyin vaxtı

Hesabı vaxtında kəsən millətəm!

Yaşadığımız tarixi günlər şairin inam və ümidini doğrultdu. Bir çox şair və yazıçılarımıza, alimlərimizə görmək nəsib olmasa da, S.Rüstəmxanlı illərlə həsrətini çəkdiyi qələbənin şahidi oldu. Vətən müharibəsinin zəfərlə başa çatmasından sonra "Qarabağa dönüş" poemasını yazaraq qələbə və qayıdış sevincini yaşadı, zəfər şeirləri və çıxışları ilə bu sevinci xalqla bölüşdü.

Keçmiş mütəfəkkirlərimizə, qəhrəmanlarımıza, hökmdarlarımıza, eləcə də müasir ziyalılarımıza, şairlərimizə və sənətçilərimizə qara yaxanlara qarşı mübarizədə Sabir Rüstəmxanlı həmişə öndə olub. O, milli varlığımıza, milli ideologiyamıza, Azərbaycan-Türkiyə birliyinə və ümumtürk həmrəyliyinə qarşı çıxanlara prinsipial mövqeyi ilə cavab verir, yad qüvvələrin maraqlarına xidmət edən yanaşmalara qarşı çıxır.

1980-ci illərin sonlarında, 1990-cı illərin əvvəllərində və sonrakı dövrlərdə milli mövqeyinə, Vətənimizi və xalqımızı aşağılayanlara kəskin cavablarına görə S.Rüstəmxanlı dəfələrlə təqiblərə və təzyiqlərə məruz qalıb. Siyasi fəaliyyətində vətəndaş həmrəyliyinə əsaslanaraq, illər əvvəl yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının fəalları ilə birlikdə həm ölkəmizdə, həm də dünyada azərbaycanlıların birliyinin və Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi üçün yorulmadan çalışıb.

S.Rüstəmxanlının ictimai-siyasi və elmi-publisistik fəaliyyətində 1989-cu il oktyabrın 5-də yaxın həmkarları ilə birlikdə təsis etdiyi və baş redaktoru olduğu "Azərbaycan" qəzetinin xüsusi yeri vardır. Quzeyli-Güneyli Azərbaycanın tarixinin və mədəniyyətinin, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Azərbaycan Respublikası ilə əlaqələrinin tədqiqi və təbliği sahəsində qəzetdə dərc olunan çoxsaylı yazılar xalqımızın müstəqillik uğrunda mübarizəsinə xidmət edib.

Akademik İsa Həbibbəyli yazır ki, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığı Azərbaycanın müstəqilliyinin sənət aktıdır. O, yeni dövrün ən mükəmməl Azərbaycannaməsini yaratmışdır. Səksən illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif edilən xalq şairi bu gün də əsərləri, çıxışları və fəal vətəndaş mövqeyi ilə Azərbaycannaməmizə töhfələr verir, ölkəmizdə və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımıza Vətəni sevməyin və onun uğrunda çalışmağın nümunəsini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью