Sərhədlər bağlandı: Azərbaycanda bu məhsullar bahalaşa bilər?

06.03.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycan–İran münasibətlərində son günlər müşahidə olunan gərginlik təkcə siyasi sahədə deyil, həm də iqtisadi baxımdan müəyyən risklər yaradır.

Xüsusilə Azərbaycan–İran dövlət sərhədində yük avtomobillərinin hərəkətinin müvəqqəti dayandırılması qərarı iki ölkə arasında ticarət dövriyyəsinə və logistik axınlara birbaşa təsir göstərə bilər.

İran Azərbaycanın regiondakı mühüm ticarət tərəfdaşlarından biri olduğundan, sərhəd məhdudiyyətləri idxal və tranzit daşımalarında müəyyən çətinliklər yarada, bəzi məhsulların bazara çıxışına təsir edə bilər.

Azərbaycan–İran arasında gərginliyin artması ölkə iqtisadiyyatına hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, İranla uzunmüddətli əlaqələr kəsilərsə, bu iqtisadiyyata təsir edə bilər:

“İran və Azərbaycan arasında ötən il təxminən 630–640 milyon dollarlıq ticarət dövriyyəsi olub. Bu dövriyyənin böyük hissəsi idxalın payına düşür. Azərbaycan İrandan yarım milyard dollardan bir qədər çox həcmdə mal alır və bu məhsullar əsasən ərzaq, kənd təsərrüfatı məhsulları və məişət kimyası kateqoriyalarını əhatə edir.

Əgər uzunmüddətli perspektivdə ticarət əlaqələri kəsilərsə, bunun nə qədər davam edəcəyi əsasən İrandan asılı olacaq. İranın son baş verən hadisələrlə bağlı məsuliyyət daşıması və günahkarların cəzalandırılması halında münasibətlərin daha tez normallaşması mümkündür”.

Ekspert qeyd edib ki, ticarət əlaqələrinin uzun müddət kəsilməsi isə Azərbaycanda müəyyən inflyasiya riskləri yarada bilər:

“Ən azı İrandan idxal olunan məhsulların qiymətinin artması və ya bazarda azalması nəticə etibarilə oxşar, analoji məhsulların da qiymətinin artmasına səbəb ola bilər.

Əgər İran məhsulları bazardan tamamilə çəkilərsə, həmin məhsulları əvəz edən alternativ malların qiymətində də müəyyən artım müşahidə oluna bilər.

Bununla belə, bu prosesin təsirinin nə qədər güclü olacağı zaman amilindən və bazarın yeni tədarük mənbələri tapmasından asılı olacaq”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan–İran Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью