Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Bəzən insanları bir-birinə yaxınlaşdırmaq üçün uzun söhbətlərə, böyük bəyanatlara, hətta ortaq dilə də ehtiyac qalmır. Bir gecəlik təsadüfi tanışlıq, səmimi münasibət, bölüşülən süfrə və qarşılıqlı diqqət kifayət edir ki, yad adamlar arasında görünməz bir yaxınlıq yaransın. İsrail rejissoru Eran Kolirinin "Orkestrin səfəri" ("The Band's Visit", 2007) filmi məhz bu sadə həqiqətdən bəhs edir. İlk baxışda kiçik bir anlaşılmazlıq üzərində qurulan əhvalat tədricən insan münasibətləri, milli yadlıq, tənhalıq və barış haqqında çoxqatlı düşüncəyə çevrilir.
Misir polis orkestri İsraildəki ərəb mədəniyyət mərkəzinin açılış mərasiminə dəvət olunur. Lakin qarşılayan olmadığından musiqiçilər özləri yollarını tapmağa çalışırlar. Adların tələffüzündəki anlaşılmazlıq nəticəsində nəzərdə tutulan Petah-Tikva şəhərinə deyil, Negev səhrasının ortasındakı kiçik Bət-Hatikva qəsəbəsinə gəlib çıxırlar. Səhəri günə qədər nəqliyyat olmadığından gecəni burada keçirməli olurlar. Kafenin sahibi Dina qonaqlardan bir neçəsini öz evində yerləşdirir, digərlərinə isə şəhər sakinləri kömək edirlər. Beləcə, fərqli dillərdə danışan, ayrı-ayrı mədəniyyətlərdən gələn insanların yolları bir gecəlik kəsişir.
Kolirinin əsas uğuru bu təsadüfi görüşü süni dramatizmə çevirməməsindədir. O, nə ərəb-İsrail münasibətlərinin mürəkkəb tarixinə dair mühazirə oxuyur, nə də personajları siyasi mövqelərin müdafiəçilərinə çevirir. Rejissor kameranı böyük hadisələrdən kənara çəkərək adi insanların həyatına yönəldir. Onların eyni sevinclərə, qayğılara, arzulara və məyusluqlara sahib olduqlarını göstərir.
Filmin qəhrəmanlarının gözləntiləri də böyük deyil. Kimsə şəxsi həyatındakı uğursuzluqla barışmağa çalışır, kimsə sevgisini ifadə etməyə cəsarət etmir, başqası isə özünü təsdiqləmək istəyir. Gənc musiqiçi Xalid qadınlarla münasibətlərində özünə həddindən artıq güvənir, amma bu özgüvənin arxasında təcrübəsizliyi və kövrəkliyi gizlənir. Orkestrin rəhbəri Tofiq Zəkəriyyə zahirən sərt və soyuqqanlı adam təsiri bağışlasa da, daxilində ağır şəxsi ağrı daşıyır. Kafenin sahibi Dina da öz tənhalığı ilə üz-üzədir. Bu insanlar üçün xoşbəxtlik bəzən bir xoş söz, səmimi baxış, gözlənilməz yaxınlıq və qısa müddətli sevincdir.
Tofiq obrazı filmin emosional yükünü daşıyan əsas personajlardan biridir. Onun zahiri sərtliyinin arxasında şəxsi itkilər yaşamış, duyğularını ifadə etməkdə çətinlik çəkən bir insan dayanır. Onun susqunluğu bəzən uzun monoloqlardan daha çox şey deyir. Koliri qəhrəmanını nə qəhrəmanlaşdırır, nə də zəifliklərinə görə mühakimə edir. Sadəcə, sərt görünən adamın da anlaşılmağa, qayğıya və mənəvi dayağa ehtiyacı olduğunu göstərir.
Dina da filmin yadda qalan obrazlarındandır. Onun həyatında yarımçıq qalmış münasibətlər, reallaşmamış arzular, gündəlik həyatın yeknəsəqliyindən doğan boşluq var. Ərəb musiqiçilərlə ünsiyyəti bu qadının daxili dünyasında yeni bir hərəkətlilik yaradır. Dina ilə Tofiqin dialoqlarında iki fərqli dünyanın deyil, bir-birini anlamağa çalışan iki tənhanın qarşılaşmasını görürük. Onların münasibətində nə asan romantika, nə də süni barış jesti var. Daha çox, bir-birinin varlığını hiss etmək, qarşı tərəfin susqunluğuna hörmətlə yanaşmaq cəhdi var.
Filmdəki bir neçə epizod milli və mədəni sərhədlərə münasibəti ifadə edir. Yəhudi qadınla gənc ərəb musiqiçinin intim yaxınlığı siyasi bəyanat kimi təqdim olunmur. Əksinə, insanın təbii hisslərinin milli mənsubiyyətdən və tarixi ziddiyyətlərdən daha geniş olduğunu xatırladır. Koliri burada heç nəyi ideallaşdırmır: yaxınlaşmaq istəyən insanlar da tərəddüd edir, anlaşılmazlıqlarla üzləşir, bəzən bir-birini düzgün başa düşmürlər.
Filmin mühüm ifadə vasitələrindən biri də musiqidir. Müxtəlif dillərdə danışan personajların bir-birini anlamağa çalışdığı bu dünyada musiqi hamının başa düşdüyü ortaq dilə çevrilir. Orkestr üzvləri peşə borclarını yerinə yetirmək üçün səfərə çıxıblar, amma bu səfər gözlənilmədən onların öz daxili aləmləri ilə qarşılaşmasına da səbəb olur. Musiqi insanları bir araya gətirən, sözlərin arxasında gizlənən duyğuları üzə çıxaran ünsiyyət formasıdır. "Orkestrin səfəri" yalnız bir musiqi kollektivinin səfəri deyil, yadlıqdan yaxınlığa doğru qət edilən qısa, amma mənalı məsafədir.
Kolirinin təhkiyəsi təmkinli, yumoru isə incə və bəzən acı istehza ilə müşayiət olunur. Bir gecənin içərisində baş verənlər qəhrəmanların həyatını kökündən dəyişdirməsə də, yaddaşlarında iz buraxır. Dil anlaşılmazlıqları və gözlənilməz vəziyyətlər vasitəsilə rejissor insanları bir-birindən ayıran sərhədləri yumorun köməyi ilə yumşaldır.
Filmin humanist mesajı da məhz buradan doğur. İnsanlar tarixin miras qoyduğu ağrıları özləri ilə daşımağa məhkumdurlarmı? Keçmişin ziddiyyətləri gələcək münasibətlərin də müəyyənedicisi olmalıdırmı? Rejissor bu suallara birbaşa cavab vermir. Lakin göstərir ki, barışın başlanğıcı bəzən böyük siyasi qərarlardan əvvəl, iki insanın bir-birinə münasibətində yaranır. İnsan yalnız hansı xalqın nümayəndəsi olması ilə müəyyənləşmir. Onun sevinci, kədəri, qorxusu, sevgi ehtiyacı və xoşbəxtlik arzusu da var. Bu ortaq insani təcrübəni görmək bacarığı qarşılıqlı anlaşmanın ilk şərtidir.
2007-ci ildə Kann kinofestivalının "Un Certain Regard" proqramında təqdim olunan "Orkestrin səfəri" münsiflər heyətinin xüsusi rəğbət mükafatına layiq görülüb. Film İsrailin "Ofir" mükafatı da daxil olmaqla çoxsaylı milli və beynəlxalq kino mükafatları qazanıb. Eran Kolirinin tammetrajlı bədii kinoda debütü olan bu ekran əsəri onun adını dünya kinosunda tanıdan filmlərdən birinə çevrilib.
"Orkestrin səfəri" böyük ideyaları kiçik bir əhvalatın içərisində ifadə etməyi bacaran filmlərdəndir. Onun qəhrəmanları ertəsi gün öz yollarına davam edəcək, evlərinə qayıdacaqlar. Amma bir gecəlik tanışlığın yaddaşında qalan duyğular bəlkə də onlara başqa cür yaşamağın mümkünlüyünü xatırladacaq. Çünki bəzən insanın ən uzun səfəri özündən fərqli olana doğru atdığı bir addımdan başlayır.
"525"