Sərhədləri aşan missiya...

12.09.2026

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın geniş məzmuna malik humanitar diplomatiyası 140-dan çox ölkəni əhatə edir

Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursu xoş mərama əsaslanır və burada xalqımıza xas olan humanizm ənənələrinin qorunmasına xüsusi önəm verilir. 2011-ci ildə Xarici İşlər Nazirliyinin (XİN)  nəzdində yaradılan Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) dünyanın yardıma ehtiyacı olan, demək olar ki, bütün ölkələrində humanitar fəaliyyətlər həyata keçirib və beynəlxalq miqyasda təqdir olunan işini hazırda da geniş miqyasda davam etdirir. Bu günlərdə Bakıda qurumun yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

Konfransda çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın yardım alan ölkədən donor ölkəyə çevrilməsi, AIDA-nın 15 illik fəaliyyəti, ölkəmizin beynəlxalq inkişaf əməkdaşlığına töhfələri barədə danışıb və bu siyasətin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Konfrans çərçivəsində, həmçinin AIDA ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb və panel müzakirələri aparılıb.

Xoşməramlı siyasətin genişlənən coğrafiyası

Ərazi bütövlüyünü və suverenliyini tam təmin edən Azərbaycan da zamanında ədalətsiz müharibəyə cəlb olunan və humanitar fəlakətlə üzləşən ölkədir. Buna görə də dövlətimiz və cəmiyyətimiz dünyanın ayrı-ayrı bölgələrində yaşanan humanitar böhranlara həssas yanaşma sərgiləyir.  Ölkəmiz daim o mövqedən çıxış edir ki, qlobal təhdidlər qarşısında beynəlxalq həmrəylik daha da gücləndirilməlidir. Bu gün biz qürur duyuruq ki, güclü Azərbaycanın dünyanın ayrı-ayrı regionlarını əhatə edən yardım proqramları uğurla icra edilir və bundan milyonlarla insan faydalanır.

Bu barədə konkret təsəvvürün yaranması üçün bəzi faktları xatırlatmaq yerinə düşər. Uzanan müharibə ilə əlaqədar Ukraynada yaşanan humanitar fəlakət hər kəsə bəllidir. Aktiv döyüş əməliyyatlarının getdiyi bölgələrin milyonlarla sakini doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb. Ölkənin infrastruktur təminatında, xüsusilə də enerji təchizatında vəziyyət kritik dərəcədə ağırdır. Davamlı hava zərbələrinin nəticəsi olaraq enerji təchizatı obyektlərinə ciddi ziyan dəyib. Tələbat kəskin şəkildə ödənilmədiyinə görə, ölkədə energetika sahəsində fövqəladə vəziyyət rejimi tətbiq olunub. Ən çətin vəziyyət Kiyevdə, eləcə də ölkənin mərkəzi, şimal və şərq bölgələrində müşahidə olunur. Belə çətin durumda “Ukrayna üçün istilik (WarmForUkraine)” adlı qlobal aksiyaya start verilib. Aksiyanın məqsədi Ukrayna üçün generatorların və istilik qurğularının alınması məqsədilə vəsait toplamaqdır. Çağırış bütün dünyada olduğu kimi, Azərbaycanda da rəğbətlə qarşılanıb.

Qeyd edək ki, müharibə başlayandan bəri Azərbaycanın Ukraynaya humanitar yardımı davamlı hal alıb. Respublikamızdan dost ölkəyə yardımlar müxtəlif istiqamətlərdə göstərilir. Xatırladaq ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında ölkəmizdə Ukraynadan olan uşaqlar üçün reabilitasiya kursları təşkil olunub. Həmin proqramlar çərçivəsində Ukraynadan olan uşaqlar həm respublikamızın ayrı-ayrı guşələrini gəziblər, həm də onlar sosial reabilitasiya proqramı çərçivəsində art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər.

O cümlədən Azərbaycan Ukraynanın kritik durumda olan enerji təchizatına dəstək verir. İndiyədək respublikamızdan Ukraynaya bir neçə dəfə enerji avadanlığı yüklənmiş humanitar yardım karvanları yola salınıb. Bu yardımlar Ukrayna üçün çətin dövrdə əsl həmrəyliyin parlaq nümunəsidir.

Suriyaya dəstək Azərbaycanın humanitar missiyasının daha bir ifadəsidir. Artıq Suriyada yeni dönəm başlayıb. Ölkənin keçid dövrü hakimiyyəti Bəşər Əsəd rejiminin kədərli miraslarının aradan qaldırılması kimi ağır bir prosesi irəli aparmaqdadır. Çətinliklə də olsa, uğurlar qazanılır. Respublikamız Suriyaya dəstəyini ilk ifadə edən dövlətlər  sırasında yer alır. Bu dəstək müxtəlif istiqamətləri əhatə  edir. O cümlədən, ölkəmizdən Suriyaya qaz ixracına da start verilib.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev konfransdakı çıxışında bildirib ki, ötən 15 il ərzində AIDA Azərbaycanın beynəlxalq humanitar yardım və inkişaf əməkdaşlığında mühüm rol oynayıb. “Bu müddətdə Azərbaycanın yardım fəaliyyətinin coğrafiyası genişlənib. 140-dan çox ölkə müxtəlif formalarda Azərbaycanın beynəlxalq yardımından faydalanıb. Azərbaycan Afrikanın kiçik ada dövlətlərinə dəstək göstərib. Həmçinin Afrikada qarşısı alına bilən korluqla mübarizə təşəbbüslərində iştirak edib. Bundan əlavə, Kiçik Ada Dövlətlərinin mədəni irsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə yardım göstərib”, - deyə XİN rəsmisi vurğulayıb.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da özünün geniş əhatə dairəsinə malik olan fəaliyyəti ilə Azərbaycanın sərhədləri aşan humanitar diplomatiyasına güclü impuls verir. Fondun Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirdiyi humanitar missiya həm ölkəmizdə həssas qruplardan olan insanları, qayğıya ehtiyac duyan uşaqları, həm də Azərbaycanın hüdudlarından kənarda yerləşən və çətinliklərlə üzləşən ölkələri əhatə edir. Xüsusi olaraq vurğulamaq istərdik ki, Fondun vitse-prezidenti Leyla Əliyeva indiyədək qurumun humanitar missiya həyata keçirdiyi ayrı-ayrı Afrika ölkələrin səfərdə olub və layihələrin icra vəziyyəti ilə şəxsən maraqlanıb.

COVID pandemiyası dövründə Azərbaycan 80 ölkəyə yardım göstərib

2019-cu ilin sonlarında Çində başlayan və qısa müddətdə Azərbaycan da daxil olmaqla dünyanın 200-dək ölkəsinə yayılan yeni növ koronavirus (COVİD) pandemiyasının həyatımıza gətirdiyi çətinliklər yaddaşlarda acı xatirələr buraxıb. Qlobal səhiyyə böhranı yaşandığı həmn dövrdə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmayıb. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının (QH) üzvləri olmaqla, çoxlu sayda ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib. Təbii ki, bu, ölkəmizin Hərəkatın sədri kimi məsuliyyətinin və bəşəri dəyərlərə verdiyi önəmin göstəricisidir. Həmçinin Azərbaycan sözügedən məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərib və təşkilata 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib. Prezident İlham Əliyev 2019-cu ildə kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqətin ayrılmalı olduğunu gündəmə gətirib. Dövlətimizin başçısı  Qoşulmama Hərəkatının sammiti zamanı inkişaf edən kiçik ada dövlətlərinin və Afrika ölkələrinin pandemiyadan sonra daha yaxşı bərpası üçün Qlobal Çağırışlar elan edib və ilk donor olaraq ölkəmiz bu məqsədlə hər iki Çağırışa vəsait ayırıb.  “2020-ci ildən bu yana ikitərəfli və çoxtərəfli yardım vasitəsilə təxminən 400 milyon ABŞ dolları ayrılıb. Bizim fəaliyyətimiz müxtəlif formalar alıb. COVID pandemiyası dövründə Azərbaycan 80 ölkəyə yardım göstərib”, - deyə Ceyhun Bayramov konfransdakı çıxışında bildirib. Nazirin sözlərinə görə, Afrikada əməkdaşlığımıza Ebola epidemiyasına cavab tədbirləri və Qarşısı Alına Bilən Korluqla Mübarizə Alyansına dəstək daxil idi. Bu təşəbbüs vasitəsilə 900 mindən çox insan göz müayinəsindən keçib, yerli tibb mütəxəssislərinin potensialının artırılması ilə yanaşı, 150 mindən çox katarakta əməliyyatı aparılıb.

Çətin sınaqlarda möhkəmlənən qonşuluq

Dilimizdə gözəl bir kəlam var: Yaxın qonşu uzaq qohumdan yaxşıdır. Bunun təsdiqini həmçinin Azərbaycanın humanitar diplomatiyasıının timsalında da aydın görmək mümkündür. O cümlədən ölkəmizin qonşuluq münasibətləri ağır sınaqlarda möhkəmlənib. Bu baxımdan Azərbaycanın qonşu dövlətlərin -Türkiyənin və İranın çətin günlərində bu ölkələrə ilk olaraq yardım göstərməsi təqdirəlayiqdir.

2023-cü il fevralın 6-da Türkiyə dəhşətli zəlzələ xəbəri ilə silkələndi. Episentiri  Kahramanmaraş şəhərinə düşən 7,7 və 7,6 bal gücündəki dağıdıcı zəlzələ qardaş ölkənin tarixində ən faciəvi səhifələrdən biridir. Təbii fəlakətin miqyası kifayət qədər böyük olub - dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb. Verilən məlumata görə, 11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə olmaqla 120 min kvadratkilometr əraziyə və 14 milyon insana təsir edən bu zəlzələ insan itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə ən dağıdıcı təbii fəlakətlər siyahısına daxil olub.

Həmin faciə zamanı Azərbaycan Türkiyəni tək buraxmadı. Dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Həmin çətin günlərdə Prezident İlham Əliyevin xüsusi tapşırıqları əsasında respublikamızdan dövlət xətti ilə bir neçə dəfə qardaş ölkəyə humanitar yük dolu karvanlar yola salındı, eyni zamanda, xilasedicilər və həkimlər göndərildi.

Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımlar yola saldı. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verdi. Deyə bilərik ki, Heydər Əliyev Fondunun çağırışı ilə bu kampaniyaya bütün Azərbaycan cəmiyyəti qoşuldu.

Kahramanmaraşda Prezident İlham Əliyevin tapşırığı əsasında “Azərbaycan” məhəlləsinin yaradılması ölkəmizin Türkiyəyə qardaşlıq dəstəyinin daha bir nümunəsidir. Rəcəb Tayyib Ərdoğan  “Azərbaycan” məhəlləsini iki qardaş ölkənin ən mötəbər layihələrindən biri, qürur tablomuz kimi səciyyələndirib.

Azərbaycanla İran da qonşu dövlətlərdirlər. Bu, bir taledir və xalqlarımız da bu taledən məmnundurlar. Azərbaycanın müharibə ilə əlaqədar İranın üzləşdiyi çətinliklərə həssas yanaşması da ölkəmizin xoş mərama əsaslanan qonşuluq siyasətinə verdiyi böyük önəmin daha bir ifadəsidir. Xatırladaq ki, Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verib.

Bu çətin günlərdə qonşu İrana ilk yardım əli uzadan ölkə də Azərbaycan olub. Belə ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq bir neçə dəfə qonşu ölkəyə humanitar yardım karvanları yola salınıb Azərbaycan eyni zamanda üçüncü ölkələrin İrana ünvanladığı yardımların respublikamızın ərazisindən daşınmasına şərait yaradıb. Öz növbəsində İran rəhbərliyi ölkəmizin bu qəbildən olan səmimi davranışlarını təqdirlə qarşılayıb.

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı

Öz siyasətində daim humanizm prinsiplərindən çıxış edən Azərbaycanın dövlət başçısının daha əvvəl İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin vətəndaşlarının respublikamızın ali təhsil müəssisələrində təhsil almaları üçün təsis etdiyi qrant proqramları ölkəmizinn  beynəlxalq nüfuzunun artmasına, İƏTvə QH çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə, dost və tərəfdaş ölkələrdə insan resurslarının inkişafına nəzərəçarpan töhfələr verib. Bu uğurlu təşəbbüsün davamı kimi bəhs olunan təhsil qrantı proqramlarının uğurlu təcrübəsi əsasında xarici ölkə vətəndaşlarına təhsil qrantının verilməsi istiqamətində növbəti mərhələyə keçid edilib. Belə ki. Prezident İlham Əliyevin 8 iyul 2023-cü il tarixində imzaladığı müvafiq Sərəncam əsasında “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilib. Sərəncamda vurğulanır ki, xarici ölkə vətəndaşlarına təhsil qrantının verilməsi istiqamətində növbəti mərhələyə keçid beynəlxalq sülh və əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artmasına, beynəlmiləlləşməsinə və ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin coğrafi müxtəlifliyinin genişlənməsinə də müsbət təsir edəcəkdir.

Bu proqrama əsasən, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr və xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub. Sözügedən proqramın şərtlərinə əsasən, illik əsasda 100, ümumilikdə 500 nəfər xarici ölkə vətəndaşları üçün təhsil qrantı ayrılır . Sərəncama uyğun olaraq proqramın icrası  Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən birgə təmin edilir.

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2025-2026-cı tədris ili üzrə namizədlərin seçimi proqrama müraciət ünvanlamış 64 ölkədən yüzlərlə namizəd sırasından 51 ölkə üzrə edilib və 100 nəfər təhsil qrantına layiq görülüb. Seçilmiş namizədlər əsasən ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Xəzər Universiteti olmaqla Azərbaycanın 9 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələrində təhsil alırlar. 

Ceyhun Bayramov çıxışında Azərbaycan inkişaf etdikcə və dövlət institutlarını möhkəmləndirdikcə, fərdi xeyriyyəçilik ənənəsinin tədricən humanitar yardım və inkişaf tərəfdaşlığını əhatə edən sistemli milli siyasətə çevrildiyinə vurğu ediib. Nazir bildirib ki, bu davamlılıq xüsusilə təhsil sahəsində özünü aydın göstərir. XX əsrin ikinci yarısında Asiya, Afrika və Latın Amerikasından on minlərlə tələbə Azərbaycanın universitetlərində təhsil alıb. Bu gün həmin ənənə “Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı” proqramı, İslam Əməkdaşlıq Təşkilatına  və Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələr üçün proqramlar, eləcə də xarici diplomatlar üçün təlim proqramları vasitəsilə davam etdirilir. XİN rəsmisinin məlumatına görə, ümumilikdə 120-dən çox ölkədən olan tələbələr Azərbaycanda təhsil alıb və ya hazırda təhsil almaqdadır.

Yeri gəlmişkən, AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə təhsil alan və akademik göstəriciləri ilə fərqlənən xarici tələbələr sertifikatlarla təltif olunublar.

AİDA-nın fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Azərbaycanı təmsil edən AİDA-nın fəaliyyəti beynəlxalq səviyyədə təqdir olunur və yüksək qiymətləndirilir. Konfransa qatılan xarici qonaqlar qurumun, bütövlükdə ölkəmizin xoş mərama əsaslanan siyasəti ilə bağlı fikirlər ifadə ediblər. “Prezident İlham Əliyevə, eləcə də Azərbaycan hökumətinə və xalqına uzaqgörənliklərinə, dostluqlarına və beynəlxalq inkişaf əməkdaşlığına davamlı sadiqliklərinə görə, səmimi minnətdarlığımı bildirirəm”. Bu sözləri Somali Federativ Respublikasının ölkəmizdəki səfiri Abdinur Dahir Fidou konfrans çərçivəsində keçirilən “Dayanıqlı inkişaf və səmərəli humanitar yardım naminə tərəfdaşlıqlar” mövzusunda panel müzakirəsində söyləyib.

O bildirib ki, son 15 il ərzində AIDA Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyinin mühüm təzahürünə çevrilib. “Mən, həmçinin Azərbaycanı beynəlxalq inkişaf əməkdaşlığına artan töhfəsinə, əməkdaşlıq üçün praktiki imkanları müəyyənləşdirə biləcəyi bir platforma təmin etdiyinə görə təqdir edirəm.

AIDA həmrəylik, qarşılıqlı hörmət və daha yaxşı gələcəyə olan ortaq inam üzərində qurulmuş tərəfdaşlığın dəyərini əks etdirir. Somali üçün bu dostluq və tərəfdaşlıq ruhu dərin rəğbətlə qarşılanır”, - deyə səfir əlavə edib.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью