Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Rəssamlar İttifaqının Müasir İncəsənət Mərkəzində “Sərhədsiz İncəsənət” adlı beynəlxalq sərginin açılışı olub.
Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubunun birgə təşkil etdiyi sərgi “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun tədbiri kimi keçirilib.
Bir həftə ərzində Şabranda keçirilən simpoziumda dünyanın müxtəlif ölkələrindən gələn rəssamlar iştirak ediblər. Sənətçilər burada öz yaradıcılıq ideyalarını və təəssüratlarını əsərlərində əks etdirib, həmçinin fikir və təcrübə mübadiləsi aparıblar. Simpozium çərçivəsində ərsəyə gələn əsərlər yekun sərgidə nümayiş etdirilib.
Sərgidə Azərbaycanı Nazim Şah, Gürcüstanı Luka Ququşvili, Latviyanı Daçe Strausa, Litvanı Dovilė Tomkūtė və Stasis Juraşka, İranı Fərhad Abdi və Zəhra Həbibizas, Türkiyəni Zəkəriyyə Erdinç, Özbəkistanı İbrahim Vəlixocayev, Estoniyanı isə Avqust Künnapu təmsil edib.
Sərginin açılışında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı, professor Fərhad Xəlilov çıxış edib. O, simpozium iştirakçılarını təbrik edərək, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
Fərhad Xəlilov belə yaradıcılıq görüşlərinin ölkələr arasında mədəni əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, simpozium çərçivəsində bir sıra xarici rəssamların Azərbaycana səfər etməsi yerli sənətçilərlə yaradıcılıq əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yeni imkanlar yaradıb.
Tədbirdə iştirak edən xarici rəssamlara Azərbaycan Rəssamlar İttifaqının diplomları və hədiyyələri təqdim olunub. Simpozium iştirakçıları yaradılan yaradıcılıq mühitinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Rəssamlar İttifaqına təşəkkürlərini bildiriblər.
“Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumu müxtəlif ölkələrdən olan rəssamların bir araya gəlməsi, yaradıcılıq təcrübələrini bölüşməsi və mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli sənət platforması kimi yadda qalıb.
XQ