futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasında IV tur başa çatıb.
Futbolpress.az-ın məlumatına görə, iki komandanın qələbəsizlik seriyası hələ davam edir. “Araz-Naxçıvan” və “Sumqayıt” üç xala həsrət qalıb.
Naxçıvan təmsilçisi bir görüşdə heç-heçə etsə də, “kimyaçılar” ümumiyyətlə xal qazanmayıb.
“Araz-Naxçıvan” yeni baş məşqçi Cavid Hüseynovun rəhbərliyi altında yeni formalaşıb. Komanda buna qədər “Qarabağ”a, “Neftçi”yə və “Sabah”a uduzub, “İmişli” ilə bərabərə qalıb. Naxçıvanlılar bu görüşlərdə 2 qol vurub, 7-ni buraxıb.
Hüseynovun komandasının iddialı rəqiblərə uduzması hardasa başa düşüləndir. “Araz-Naxçıvan” indiki məqamda üst sıralar uğrunda oynayan rəqiblərdən xal almaq gücündə deyil. Ümumiyyətlə, komanda çempionatın startında ən çətin təqvimlə üzləşən kollektivdir. “Beşlik” komandaları ilə ardıcıl sınaqlara çıxan “Araz-Naxçıvan”ın növbəti oyunu da “Turan Tovuz”a qarşı olacaq və qələbəsizlik seriyasının davam etmək ehtimalı böyükdür. Ancaq tovuzlular da bu mövsüm kifayət qədər qənaətbəxş çıxış etmir və naxçıvanlılar üçün xal qazanmaq sürpriz olmayacaq.
“Sumqayıt” isə yeni baş məşqçi Filipe Kandidonun rəhbərliyi altında uğursuz çıxışı ilə diqqət çəkir. Komanda keçirdiyi üç görüşdə də uduzub. 3 matçda 2 qol vuran kollektiv 6-nı da buraxıb.
“Kimyaçılar” “Turan Tovuz”a, “Neftçi”yə və “Qarabağ”a məğlub olub. İddialı kollektivlərlə görüşdən xalsız ayrılan “gənclik şəhəri” təmsilçisinin buna qədərki nəticələri müəyyən mənada qəbul edilə bilər. Hər üç komanda keyfiyyətli və “Sumqayıt”dan heyət baxımından üstündür. Növbəti turda “Şamaxı”yla görüşdə seriya davam edəcəyi halda, artıq Kandidonun taleyi müzakirə olunmağa başlayacaq.
Şahin Cəfərov