Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qara qala” sabiq prezident üçün ağır ittihama çevrilir
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanı həbs aqibəti, məhbus həyatı gözləyir. Hər halda, Ermənistanın İstintaq Komitəsinin məlumatı belə söyləməyə əsas verir.
Deməli, dövlət qurumu ölkənin Gümrü şəhərində yerləşən respublika əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan “Qara qala”nın qanunsuz özgəninkiləşdirilməsi ilə bağlı səs-küylü cinayət işi üzrə ibtidai istintaqın başa çatdığını elan edib. İş üzrə əsas təqsirləndirilən şəxs isə S.Sarkisyandır. Hərçənd, məsələ Serjikin prezident yox, müdafiə naziri olduğu zaman kəsiyi ilə əlaqədardır.
İstintaq orqanının məlumatına görə, 2005-ci ilin mayında qüvvədə olan hökumət qərarlarını pozaraq tarixi abidənin birbaşa qaydada fiziki şəxsə satılması həyata keçirilib. Materiallara əsasən, sahəsi 626 kvadratmetrdən çox olan qala və ona bitişik 0,7 hektar torpaq sahəsi təxminən 23 milyon dramdan (107 min manat) bir qədər az məbləğə satılıb.
Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda deyilir ki, bu hərəkətlər dövlətin qanuni maraqlarına əhəmiyyətli ziyan vurub və ehtiyatsızlıq nəticəsində ağır nəticələrə səbəb olub. Bu sövdələşmə Ermənistanın həmin unikal mədəni irs obyektinə mülkiyyət hüququnun itirməsi reallığını doğurub. Buna görə də “Qara qala” 2007-ci ildə təsdiqlənmiş və özgəninkiləşdirilməsi qadağan olunan dövlət əhəmiyyətli abidələrin siyahısına daxil edilməyib.
S.Sarkisyan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya səlahiyyət həddini aşma maddəsi ilə ictimai cinayət təqibi başlanılıb. Hazırda iş üzrə materiallar ittiham aktı ilə birlikdə sonrakı hüquqi prosedurların aparılması üçün nəzarətçi prokurora təqdim edilib.
Keçmiş prezident son illərdə müxtəlif cinayət işləri üzrə istintaqa və məhkəmə araşdırmalarına cəlb olunub. Bunların arasında xüsusilə dizel yanacağının tədarükü, torpaq və əmlak məsələləri ilə bağlı ittihamlar da olub. Hazırkı iş isə konkret olaraq mədəni irs obyektinin özgəninkiləşdirilməsi ilə bağlıdır.
Ə.RÜSTƏMOV
XQ