Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Tarixin elə şərəfli səhifələri var ki, onlar bir xalqın taleyini və gələcək inkişaf istiqamətini kökündən dəyişdirir. 1919-cu il sentyabrın 1-i Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlətçilik və maarifçilik salnaməsinə məhz belə bir qızıl hərfli gün kimi həkk olunub. Həmin gün AXC Parlamenti uzun mübarizələrdən sonra “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” tarixi qanunu qəbul edərək Şərqdə Avropa tipli ilk müasir ali təhsil məbədinin bünövrəsini qoydu.
Əlamətdar gün münasibətilə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyevaya müraciət etdik. Kamilə xanım ilk olaraq Prezident İlham Əliyevin 2019-cu ilin noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə söylədiyi fikirləri xatırlayır: “Müəllim peşəsi çox şərəfəli, məsuliyyətli, çox ağır peşədir. Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir. Tələbələr də indi hər şeyi görürlər, hər şeyi seçə bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Mən deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya bilmərik. Ona görə indi internet dövrüdür, hər bir məlumatı əldə etmək üçün imkanlar var. Daim müəllimlər yeniliklərə baxsınlar, onların peşəsində hansı proseslər gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər versinlər. Ona görə müəllim peşəsi şərəflidir, hörmətlidir, ancaq, eyni zamanda, müəllimlər də daim öz üzərlərində işləməlidirlər.
Mən də müəllim olmuşam. İnstitutu bitirəndə mən bir xarici ölkəyə təyinat aldım, ancaq ondan imtina etdim, xaricə getmək istəmədim. Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim və 23 yaşımda dərs verməyə başlamışdım, özü də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, 23 yaşında, 5 il ərzində. Ona görə müəllim peşəsi mənim üçün yad peşə deyil”.
Professor qeyd etdi ki, Bakı Dövlət Universitetinin 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə təsis edilməsi Azərbaycan tarixində, sadəcə bir universitetin yaranması kimi qiymətləndirilməməlidir. Bu hadisə əslində bir xalqın öz gələcəyini elm, təhsil, milli düşüncə üzərində qurmaq iradəsinin ifadəsi idi.
Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi, lakin buna baxmayaraq həmin o qısa müddətdə dövlət quruculuğunun ən fundamental istiqamətlərindən birinə, yəni milli təhsilə xüsusi diqqət ayırdı.
Universitet yaratmaq qərarı da təsadüfi deyildi. Çünki müstəqil dövlət üçün yalnız siyasi institutlar deyil, həmin dövləti gələcəkdə idarə edəcək savadlı, düşüncəli, araşdırıcı və məsuliyyət daşıyan nəsil də lazım idi. Bu baxımdan Bakı Dövlət Universitetinin yaranması əslində gələcəyə qoyulmuş ən böyük investisiyalardan biri idi.
Universitetin yaradılması heç də asan baş verməyib. Yəni bu məsələ parlamentdə ciddi müzakirələrə səbəb olub, müxtəlif fikirlər səsləndirilib. Buna baxmayaraq ziyalılar və dövlət xadimləri universitetin yaradılmasının strateji əhəmiyyətini anlayırdılar və nəticədə də 1 sentyabr 1919-cu ildə Bakı şəhərində Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul edilib. Qanunda universitetin tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olması da nəzərdə tutulmuşdu.
Burada ən önəmli məsələ universitetin sadəcə hansı fakültələrdən ibarət olması deyil, onun hansı ideya ilə yaradılması idi. Universitetə muxtariyyət verilməsi, qadın və kişilərin ümumi əsaslarla qəbuluna imkan yaradılması, Azərbaycan dilinin tədrisdə məcburi fənn kimi nəzərdə tutulması, bu müddəalar göstərirdi ki, ali məktəb yalnız bilik verən bir müəssisə kimi düşünülmürdü. O eyni zamanda, müasir, dünyəvi və demokratik cəmiyyətin formalaşmasına da xidmət etməli idi.
Kamilə xanım daha sonra qeyd edir ki, mən BDU-nun tarixini Azərbaycanın dövlətçilik tarixindən ayrı təsəvvür edə bilmirəm. Universitetin ilk mühazirəsi 1919-cu il noyabr ayının 15-də keçirildi və artıq bu ideya real həyata çevrildi, yəni ilk illərdən etibarən burada elmin, təhsilin müxtəlif istiqamətləri inkişaf etdirilməyə başlandı. Universitet qısa müddət ərzində yalnız tələbələrin təhsil aldığı məkan olmadı, eləcə də ölkənin elmi və intellektual həyatının mühüm mərkəzinə çevrildi.
Onu da qeyd edim ki, əslində Bakı Dövlət Universitetinin ən böyük gücü də mənə elə gəlir ki, məhz ondadır ki, universitet bir əsrdən artıq müddətdə yalnız dəyişən dövrlərə uyğunlaşmayıb, özü də həmin dövrlərin formalaşmasına təsir göstərib, yəni Azərbaycanın ən mürəkkəb siyasi və ictimai mərhələlərində Bakı Dövlət Universiteti öz fəaliyyətini davam etdirib. Sovetlər dövründə müxtəlif təzyiqlərə baxmayaraq universitet Azərbaycan elminin, milli intellektual düşüncəsinin əsas mərkəzlərindən biri olaraq qalıb. Universitetin tarixi ilə bağlı mənbələrdə də onun milli kadrların hazırlanmasında və milli düşüncənin formalaşmasında mühüm rol oynadığı xüsusilə vurğulanır.
Bu gün Bakı Dövlət Universiteti haqqında yalnız keçmişin uğurlarından danışmaq fikrimcə kifayət etməz, çünki 1919-cu ildə yaradılmış universitetin qarşısında duran əsas sual o zaman olduğu kimi, bu gün də aktualdır, yəni biz gələcək üçün necə bir insan və cəmiyyət yetişdiririk?
1919-cu ildə Bakı Dövlət Universitetinin yaradıcıları üçün əsas məqsədlərdən də biri savadlı, milli düşüncəli kadrlar yetişdirmək idisə, bu gün də bizim qarşımızda daha geniş məsuliyyət dayanır və müasir dünyada universitet yalnız diplom verən bir qurum kimi yox, universitet insana, araşdırmağı, cəmiyyətə fayda verməyi də öyrətməlidir.
Professor onu da qürurla qeyd edir ki, Bakı Dövlət Universitetinin bu il 107 yaşı tamam olur. 100 ildən artıq yaşı olması bizim üçün həm fəxredici rəqəm olmaqla yanaşı, həm də böyük bir məsuliyyətdir, çünki bu universitetin dəhlizlərindən minlərlə insan addımlayıb. Burada Azərbaycanın elm, təhsil, siyasət, mədəniyyət və ictimai həyatında iz qoymuş insanlar yetişib.
Müasir Azərbaycanın qurucusu olan ümummilli liderimiz Heydər Əliyev məhz Bakı Dövlət Universitetinin məzunu olub və bu gün orada təhsil alan hər bir şəxs bununla qürur duyur, fəxr edir. Bu da universitetin hər bir tələbəsinin üzərinə böyük bir məsuliyyət qoyur.
Mən də Bakı Dövlət Universitetinin tələbəsi olduğumla fəxr etmişəm, yəni həyatımın 42 ili məhz Bakı Dövlət Universitetinin divarları arasında keçib və bu gün də orada tələbəlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmişəm. Mən, Bakı Dövlət Universitetinə yalnız təhsil aldığım yer kimi baxmamışam. Mənim üçün Bakı Dövlət Universiteti həm də Azərbaycanın bir əsrdən artıq intellektual yaddaşının bir hissəsidir. Burada oxumaq müəyyən mənada bizdən əvvəl bu auditoriyalarda oturmuş insanların davamçısı olmaq deməkdir.
Düşünürəm ki, universitetə bağlılıq yalnız onun adı ilə fəxr etməkdən ibarət olmamalıdır. Bakı Dövlət Universitetinin tələbəsi olmaq həm də öz üzərinə bir məsuliyyət götürmək deməkdir. Çünki bu universitetin tarixini yaşadan yalnız onun divarları, auditoriyalar, arxiv sənədləri deyil, onun tələbələri, müəllimləri, məzunları və burada formalaşan düşüncələrdir.
Bu gün Bakı Dövlət Universitetində 30 minə yaxın tələbə, magistrant, doktorant təhsil alır. Universitetdə müxtəlif elm və tədqiqat mərkəzləri, laboratoriyalar, fakültələr fəaliyyət göstərir yəni bütün bu rəqəmlər bir daha göstərir ki, 1919-cu ildə qoyulan təməl bu gün də yaşayır və inkişaf edir.
Amma əlbəttə ki, Bakı Dövlət Universitetinin gələcəyi yalnız tələbə sayları və fakültənin sayı ilə ölçülməməlidir. Universitetin həqiqi uğuru onun yetişdirdiyi insanların cəmiyyətə nə verdiyi ilə ölçülməlidir. Və bu mənada biz fəxr edə bilərik ki, bu gün Bakı Dövlət Universitetinin məzunlarının sədası nəinki respublikadan, Azərbaycandan kənarda ən yüksək zirvələrdən gəlir.
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti özünün ən mürəkkəb dövründə
universiteti yaratmağa qərar verib və bu günə qədər gəlib çatmasının ən böyük mənası da məhz ondan ibarət oldu ki, dövlətlərin gələcəyi yalnız bu gün qəbul etdiyi qərarlarla deyil, yetişdirdiyi nəsillə müəyyən olunur. Yəni bir əsrdən çox əvvəl qoyulan bu təməl bu gün də minlərlə gəncin həyatına müsbət təsir göstərmiş olur.
Professor hesab edir ki, Bakı Dövlət Universitetinin 1919-cu il sentyabrın 1-də yaradılmasını Azərbaycanın təhsil tarixində bir tarix kimi yox, Azərbaycanın gələcəyinin qurulmağa başladığı günlərdən biri kimi də qiymətləndirərdim. Çünki universitetlər yalnız keçmişi öyrətmir, universitetlər gələcəyi yaradır və 1919-cu ildə başlayan bu yolun növbəti səhifəsini artık nəinki bizim nəsil, gələcək nəsil yazır.
Müşfiq MİRZƏ
XQ