Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şərqi Antarktidanın buz örtüyünün cəmi iki il ərzində 695 milyard ton artdığı müəyyən edilib. Bu, GRACE qravimetrik iqlim peykləri ilə müşahidələrin aparıldığı bütün dövr ərzində qeydə alınan ən böyük qısamüddətli kütlə artımıdır.
Çin Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimlərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu bu qeyri-adi artımın səbəbini tropiklərdə yerləşən “isti hovuz”da davamlı temperatur yüksəlişi ilə əlaqələndirib. Söhbət Sakit okeanın qərbi ilə Hind okeanının şərqinin qovuşduğu ərazidən gedir.
Okean suyunun minlərlə kilometr uzaqda isinməsi atmosferdə genişmiqyaslı proseslərə səbəb olub. Nəticədə Rossbi dalğaları formalaşıb, hava dövranı dəyişib və Avstraliyanın cənubunda aşağı, Şərqi Antarktida sahilləri boyunca isə yüksək təzyiq zonası yaranıb.
Bu atmosfer sistemi Hind okeanının mülayim enliklərindən Antarktidaya doğru atmosfer çayları adlanan, böyük miqdarda su buxarı daşıyan hava axınlarının daha tez-tez hərəkət etməsinə şərait yaradıb.
Nəmlə zəngin hava kütlələri Antarktida üzərində soyuyaraq Uilks Torpağı və Kraliça Meri Torpağı ərazilərində qeyri-adi dərəcədə güclü və uzunmüddətli qar yağmasına səbəb olub. Qarın sıxlaşması nəticəsində bölgədə böyük buz kütləsi formalaşıb.
Tədqiqatçılar hesablayıblar ki, qlobal istiləşmə yağıntıların yalnız 9 faizini təmin edib. Əsas amil isə tropik okeanlardakı proseslər olub.
Alimlərin fikrincə, tropik “isti hovuz”da belə istiləşmə dövrləri təxminən 10 ildən bir baş verir və ekvatorla Cənub qütbü arasında mühüm iqlim əlaqəsi yaradır.
Bununla belə, rekord artımın müvəqqəti xarakter daşıdığı vurğulanır. Bu hadisə Antarktidada buz örtüyünün uzunmüddətli azalması tendensiyasını dayandırmır. Son 20 il ərzində qitə orta hesabla ildə 140,5 milyard ton buz itirib. Eyni zamanda, Qərbi Antarktidadakı buzlaqlar isti okean axınları ilə təmas nəticəsində aşağıdan sürətlə əriməyə davam edir.
Hazırladı:
S.ELAY
XQ