“Şərqi Azəri” Xəzərdə nadir “dəmir ada”

21.10.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Platformadan indiyədək 87 milyon ton neft çıxarılıb

Bu gün “Şərqi Azəri” platformasından ilk neft hasilatının 20 ili tamam olur. Bu tarix nəhəng “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsində əlamətdar hadisə kimi diqqət çəkir.

“Əsrin müqaviləsi” Xəzər dənizinin Azərbaycan sektorunda geniş sahəni əhatə etdiyindən bu nəhəng neft sazişi bir neçə mərhələdə gerçəkləşdirilib. “İlkin neft layihəsi” çərçivəsində görülmüş işlər nəticəsində müstəqilliyini yenicə əldə etmiş Azərbaycan dünyanın neft ixrac edən dövlətlərinin sırasına qoşulsa da, qarşıdakı illərdə nəzərdə tutulmuş iri neft hasilatı və ixracı layihələri ölkədə nəhəng tikinti-quraşdırma işlərinə yol açıb.

Beləliklə, 2001-ci il avqustun 30-da “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənmə layihəsinin birinci mərhələsi (“Faza-1”) ilə bağlı qərar qəbul edildikdən sonra “Əsrin müqaviləsi”nin reallaşdırılmasında mühüm dövr başlanıb.

2005-ci ilin fevralında “Mərkəzi Azəri” platformasının istismara verilməsi ilə ölkəmizdə böyük neft hasilatının əsası qoyulub. Təkcə onu qeyd etmək kifayətdir ki, “Azəri” yatağının mərkəzi hissəsinin istismara daxil edilməsi il ərzində əlavə 18-19 milyon ton neft hasilatına imkan yaradıb və bununla da “Əsrin müqaviləsi” çərçivəsində illik neft hasilatının səviyyəsi 24-25 milyon tona çatdırılıb.

Neft ehtiyatlarının zənginliyi ilə seçilən “Azəri” yatağnın qərb və şərq hissələrinin işlənməyə cəlb edilməsi isə “Əsrin müqaviləsi”nin tammiqyaslı işlənmə layihəsinin ikinci mərhələsi (“Faza-2”) çərçivəsində həyata keçirilib. Bu məqsədlə 2002-ci il sentyabrın 18-də “Faza-2” layihəsi üzrə tikinti-quraşdırma işlərinə başlamağa dair qərar qəbul olunub. Layihə çərçivəsində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün 2002-ci il oktyabrın 8-də Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə podratçı təşkilatlar arasında 8 əsas müqavilə imzalanıb. Yeri gəlmişkən, 5,2 milyard dollar dəyərində qiymətləndirilən “Faza-2” layihəsi “Əsrin müqaviləsi”nin icrası çərçivəsində “İlkin neft layihəsi”ndən sonra AÇG yataqlarının tammiqyaslı işlənilməsinin növbəti mühüm mərhələsidir. Bu mərhələ çərçivəsində “Azəri” yatağının qərb və şərq hissələrinin işlənilməsi təmin edilib.

Xatırladaq ki, bu mərhələ üçün nəzərdə tutulmuş əsas tikinti-quraşdırma işlərinə dəniz obyektlərinin inşası, istismar quyularının qazılması, sualtı boru kəmərlərinin çəkilməsi və Səngəçal terminalındakı mövcud neft qəbuletmə obyektlərinin genişləndirilməsi daxil idi. Bundan əlavə, “Azəri” yatağının qərb və şərq hissələrinin istismara daxil edilməsi üçün nəzərdə tutulmuş tikinti-quraşdırma işləri ilə paralel olaraq burada əvvəlcədən planlaşdırılmış öncəqazma proqramı da uğurla reallaşdırılıb.

Nəhayət, uğurlu tikinti-quraşdırma işlərindən sonra 2006-ci il oktyabr ayının 21-də “Azəri” yatağının şərq hissəsi də istismara daxil edilib. Bununla da AÇG-nin tammiqyaslı işlənməsinin ikinci fazası çərçivəsində həyata keçirilən tkinti-quraşdırma işləri və yatağın istismara daxil edilməsi tamamlanıb. İlk neft əvvəlcədən qazılmış 8 öncə qazma quyusunun birincisindən hasil olunaraq yeni sualtı boru kəməri vasitəsilə həmin il noyabrın 10-da Səngəçal terminalına çatdırılıb.

Ötən 20 il “Şərqi Azəri” “Əsrin müqaviləsi”nin uğurlarında mühüm rol oynayıb. “bp-Azərbaycan” şirkətinin məlumatına görə, adıçəkilən platformadan indiyədək 645 milyon bareldən (87 milyon ton) çox neft hasil edilib. Bununla da “Şərqi Azəri” 1997-ci ilin noyabrında hasilata başlamış AÇG yataqlar blokundan çıxarılmış 4,7 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib. Təkcə onu qeyd etmək kifayətdir ki, “Azəri” yatağının şərq hissəsinin istismara daxil edilməsi “Əsrin müqaviləsi” çərçivəsində illik neft hasilatının səviyyəsini 40 milyon tonadək artırmağa imkan yaradıb.

Xəzərin qoynunda salınmış bu nadir “dəmir ada” bu gün də öz fəaliyyətini təhlükəsiz və etibarlı şəkildə davam etdirir. 2026-cı ilin 3-cü rübünün sonuna platformanın orta gündəlik neft hasilatı, təxminən, 46 min barel təşkil edib.

Xatırladaq ki, “Şərqi Azəri” platforması Bakıdan 100 kilometr aralı, Xəzər dənizinin, təxminən, 152 metr dərinliyində yerləşir. Bu hasilat, qazma və yaşayış platforması 48 quyunun qazılması və qurudakı Səngəçal terminalına birləşmiş 30 düymlük sualtı boru kəməri, eləcə də bir sıra yataqarası boru xətləri və sistemlərindən ibarətdir. İndiyədək platformadan, ümumilikdə, 39 quyu və çoxsaylı yan lülələr qazılıb. Hazırda istismarda olan 36 quyunun 27-dən neft hasil olunur. Qalan quyuların isə 8-dən suvurma və 1-dən şlamların yenidən laylara vurulması məqsədilə istifadə olunur.

Bu nadir qurğu yetkin işlənmə mərhələsində olan AÇG-dən maksimum neftvermənin təmin olunmasında innovasiya və texnologiyaların gücünü nümayiş etdirməkdə davam edir. Bu yaxınlarda platformadan təhvil verilmiş D18Z quyusunda, təxminən, 2 min metrdən çox açıq lülə hissəsi qazılıb ki, bunun da 1500 metrdən çoxu hədəf məhsuldar layın daxilində qum hissəsindən keçib. İndiyədək AÇG yatağında qazılmış quyular arasında ən geniş lay təmasına malik olan bu quyu “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan əlavə dəyərin üzə çıxarılmasında qabaqcıl seysmik görüntüləmə, qazma və tamamlama texnologiyalarının rolunu bir daha təsdiqləyir.

Hazırda “Şərqi Azəri”də, təxminən, 170 nəfər çalışır ki, onların da əksəriyyəti, o cümlədən platformanın hər iki meneceri azərbaycanlı mütəxəssislərdir. Dünya səviyyəli dəniz obyekti olan “Şərqi Azəri” platforması bundan sonra da hələ uzun illər AÇG-nin uğurlu gələcəyinə dəyərli töhfələr verməklə Azərbaycanın neft sənayesinin aparıcılarından biri olacaq.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью