Şərqi Zəngəzurun incisi Kəlbəcər ŞƏRH

25.11.2026

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Başını buludlara söykəyən uca zirvələri, sıx və zəngin meşə örtüyü, sıldırım qayaların arasından süzülüb axan buz bulaqları ilə Kəlbəcər sanki təbiətin öz əli ilə yaratdığı füsunkar bir sənət əsəridir. Hər qarışı gözəllik saçan bu əsrarəngiz diyar yenidən öz doğma sakinlərinin nəfəsi ilə canlanaraq əvvəlki əzəmətini və şöhrətini geri qaytarır. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər zəngin tarixi irsi, qədim abidələri və təbii ehtiyatları ilə seçilən rayonlardandır. Rayonun iqtisadi potensialını müəyyən edən əsas amillər sırasına müalicəvi tərkibi ilə tanınan, kurort-sanatoriya turizminin və mineral su sənayesinin inkişafı üçün unikal resurs sayılan İstisu mineral bulaqları, eləcə də qiymətli süxurlar və zəngin faydalı qazıntı yataqları daxildir. Bu ehtiyatların arasında qızıl yataqları, civə, xromit və digər mineral xammal mənbələri xüsusi əhəmiyyət daşıyır.

İyirmi yeddi il davam edən işğalın başa çatması və 2020-ci il 25 noyabr tarixində Kəlbəcərin bir güllə belə atılmadan Azərbaycana qaytarılması dövlətçilik tariximizin mühüm səhifəsidir. Vətən müharibəsində əldə olunan tarixi zəfər və 10 noyabr üçtərəfli Bəyanatı erməni silahlı birləşmələrinin döyüşsüz olaraq Kəlbəcəri tərk etməsini təmin etdi. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli siyasi iradəsi və diplomatiyası sayəsində rayon insan tələfatı verilmədən geri alındı. 1993-cü ildə işğal zamanı dinc əhalinin yurdundan didərgin salınması, BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə məhəl qoyulmayaraq qeyri-qanuni məskunlaşdırma aparılması, eləcə də əlavə verilmiş 10 günlük möhlət zamanı evlərin yandırılması və meşələrin qırılması kimi ekoloji terror aktları bu torpaqların strateji və mənəvi dəyərini daha aydın göstərir.

Müzəffər Ali Baş Komandan,Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi və birbaşa nəzarəti ilə Kəlbəcərdə genişmiqyaslı quruculuq işlərinə start verilməsi, dövlət başçısının rayon ərazisinə ardıcıl səfərləri, yol-nəqliyyat infrastrukturunun, tunellərin, elektrik stansiyalarının təməlinin qoyulması və istifadəyə verilməsi bölgənin sürətli dirçəlişini təmin etdi. Hazırda “Böyük Qayıdış” layihəsi çərçivəsində Kəlbəcər şəhəri və kəndləri müasir standartlar əsasında yenidən qurulur, doğma yurduna, ata-baba ocağına qayıdan soydaşlarımızın dayanıqlı məskunlaşması və rifahı üçün bütün zəruri infrastruktur yaradılır.

Bərpa işləri ilə yanaşı, bölgənin zəngin florasının müasir elmi metodlarla öyrənilməsi də qarşımızda duran əsas vəzifələrdəndir. Fəaliyyət göstərdiyim Kimya İnstitutunun prioritet elmi istiqamətlərindən biri də məhz Qarabağ və Şərqi Zəngəzurun dərman bitki ekstraktlarından təbii və yeni nəsil sintetik enzim-izoenzim inhibitorlarının yaradılması, eləcə də canlılarda patoloji proseslərə qarşı eksperimental modellərdə onların effektivliyinin tədqiqidir. Bir kimyaçı kimi qürurla deyə bilərəm ki, institutumuzun optimallaşdırılması və yenidən qurulması, qarşıya qoyulmuş məqsədlər və aparacağımız elmi tədqiqatlar doğma torpaqlarımızın zəngin bioloji resurslarının yüksək elmi texnologiyalar əsasında tibb və əczaçılıq sənayesinə qazandırılmasına, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının daha sürətli inkişafına mühüm töhfə verəcəkdir. Təbii sərvətlərin səmərəli istifadəsi, “Böyük Qayıdış” layihəsinin uğurlu icrası və elmi-iqtisadi potensialın reallaşdırılması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının aparıcı inkişaf mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayacaq və regionun davamlı tərəqqisinə güclü təkan verəcəkdir.

Sevinc Həsənova

Elm və Təhsil Nazirliyi Kimya İnstitutu PHŞ-nin Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri, YAP Yasamal rayon Ərazi Partiya Təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью