Şərqşünaslıq İnstitutunun əməkdaşı Havanada keçirilən konfransda məruzə edib

07.05.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Kubanın Havana şəhərində keçirilmiş X Beynəlxalq Latın Amerika Elmi Araşdırmalar Konfransında onlayn iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, F.Nəsirova konfransda “Dini motivlərin əxlaqi-didaktik istiqamətlənmədə rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dinlər tarixində baş verən hadisələr, peyğəmbərlər və əshabələrinin ibrətamiz həyat hekayələrinin ədəbiyyat üçün ideya-tematik mənbə olması ilə yanaşı, uşaqların təlim-tərbiyəsindəki əvəzsiz rolundan bəhs edilib. Bədii yaradıcılıq nümunələrində dini motivlərə müraciətin əsas səbəblərindən biri kimi ədəbiyyatın başlıca məramı ilə dinin prioritet məqsəd və vəzifələrinin üst-üstə düşməsi konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Tədqiqat predmeti kimi İran uşaq ədəbiyyatının tanınmış simalarından olan Möhsin Hicrinin “Bənövşələr zərifliyində atəş“ hekayələr toplusuna müraciət edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью