Sərt qış başlayır: şam, generator, un ehtiyatı yığmaq lazımdır? AÇIQLAMA

18.11.2026

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər bu ilin qış fəslinin sərt keçəcəyi ilə bağlı proqnozlar səsləndirilir. Bəs mümkün sərt qışa necə hazırlaşmalıyıq?

Elektrik və qaz təchizatında fasilələr, çörək və digər ərzaq məhsullarının satışında çətinliklər yarana bilərmi? Vətəndaşların əvvəlcədən mobil generator, şam, neft, un və digər zəruri ərzaq məhsulları alaraq evdə ehtiyat yaratmasına ehtiyac varmı?

Globalinfo.az-a danışan iqtisadçı-ekspert, neft və qaz məsələləri üzrə analitik, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Azərbaycanın neft, neft məhsulları, qaz və enerji sahələrində müəyyən ehtiyatları mövcuddur:

“Həmin ehtiyatlar müəyyən müddət ərzində Bakı Neft Emalı Zavodunun fəaliyyətini təmin etmək üçün nəzərdə tutulub. Yəni neft hasilatı tamamilə dayansa belə, zavodun müəyyən müddət işləməsinə imkan verir. Bundan əlavə, Səngəçal, Dübəndi və Qaradağ terminallarında da neft ehtiyatlarının saxlanılması üçün rezervuarlar var. Orada xam neft saxlanılır və ehtiyac yarandıqda istifadə oluna bilər. Bunlar Azərbaycanın neft sahəsindəki ehtiyatlarıdır”.

İlham Şaban

İ.Şaban qeyd edib ki, Bakı Neft Emalı Zavodunda əsasən yanacaq məhsulları istehsal olunur və mövcud ehtiyatlar ölkənin təxminən üç həftəlik yanacaq tələbatını qarşılaya bilər:

“Qaza gəldikdə isə Azərbaycanın iki yeraltı qaz anbarı var. Həmin anbarlarda kommersiya baxımından istifadə edilə bilən ən azı 3 milyard kubmetr qaz ehtiyatı mövcuddur. Azərbaycanda il ərzində təxminən 13,5 milyard kubmetr qaz istehlak edildiyini nəzərə alsaq, qış dövründə qaz təchizatında ciddi fasilə yaransa belə, bu ehtiyatlardan istifadə etmək mümkündür.

Elektrikin isə ənənəvi mənada anbarı olmur. Elektrik enerjisi istehsal edildikdən dərhal sonra istehlak edilməlidir. Düzdür, Azərbaycanda artıq elektrik enerjisinin saxlanılması üçün batareya mərkəzləri inşa edilir. Lakin bunlar əsasən yaşıl enerji ilə bağlıdır və müəyyən saatlar ərzində istifadə üçün nəzərdə tutulub. Ümumilikdə, enerji təminatı baxımından Azərbaycanda ciddi sıxıntı yoxdur. Əsas məsələ məişətlə bağlıdır”.

İqtisadçı Natiq Cəfərli isə sərt qışla bağlı səsləndirilən fəlakət ssenariləri ilə razılaşmadığını bildirib.

Onun sözlərinə görə, qış mövsümünə hazırlıq ilk növbədə infrastruktur səviyyəsində təmin edilməli, vətəndaşlar da ailə təsərrüfatlarında müəyyən qabaqlayıcı tədbirlər görməlidirlər:

“Qış sərt keçəcəksə, buna infrastruktur da hazır olmalıdır. Şəhərin infrastrukturu belə hava şəraitinə uyğun qurulmalıdır. Vətəndaşlar da öz ailə təsərrüfatlarında müəyyən hazırlıq işləri görməlidirlər. Təbii ki, bu, hər mövsümdə olduğu kimi, qışa hazırlığın bir hissəsidir”.

Natiq Cəfərli

İqtisadçı hesab edir ki, ailələrin müəyyən ərzaq və digər zəruri ehtiyatlar yaratması məqsədəuyğun olsa da, insanları ciddi fəlakət ssenariləri ilə qorxutmağa əsas yoxdur:

“Dünyada da bu cür kəskin fəlakət ssenariləri geniş yayılır. Açığı, mən bu fikirləri bölüşmürəm. Ailə təsərrüfatlarında qışa hazırlıqla bağlı müəyyən addımlar atıla bilər. Ərzaq ehtiyatı, eləcə də elektrik enerjisinin müvəqqəti kəsilməsi halında istifadə etmək üçün evdə şam saxlamaq olar. Amma ümumilikdə düşünmürəm ki, Bakıda qış o qədər sərt keçəcək və bunun üçün xüsusi hazırlıq görməyə ehtiyac yaranacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью