Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycanda mənzil qiymətlərinin yüksək olması son illər ən çox müzakirə olunan əsas sosial-iqtisadi məsələlərdən biridir.
Azərbaycanın tikinti sektorunda tanınan isimlərdən biri olan iş adamı İsfəndiyar Axundov "Cebheinfo.az"-a qiymətlərin formalaşmasına təsir edən əsas səbəbləri açıqlayıb.
O bildirib ki, yaxın gələcəkdə mənzillərin ucuzlaşacağı gözlənilmir:
“Bu gün mənzil qiymətlərinə ən çox təsir edən amillərdən biri torpağın bahalaşmasıdır. Vaxtilə 100 min manata satılan torpaq sahələrinə bu gün 20-30 milyon manat qiymət qoyurlar.
Əvvəllər şəhərsalma qaydalarına bu qədər ciddi əməl olunmurdu. Bir hektar ərazidə 100 min kvadratmetr tikinti aparılırdı, indi isə bu göstərici 18-20 min kvadratmetrdir. Bu da təbii olaraq mənzillərin maya dəyərini artırır.
Düşünmürəm ki, mənzil qiymətləri nə vaxtsa aşağı düşsün. Çünki torpaq çox bahadır, üstəlik, icazə verilərkən həyətin təxminən 70 faizinin yaşıllıq və park sahəsi olması tələb olunur. Əvvəllər buna fikir verilmirdi".
O vurğulayıb ki, dünya standartlarına uyğun tikinti, mənzil qiymətlərini artırır:
"Halbuki indiki yanaşma daha doğrudur. Çünki əvvəl tikilən binalarda sıxlıq, dar yollar və infrastruktur problemləri vard. İndi isə daha müasir yaşayış kompleksləri, parklar, məktəblər və uşaq bağçaları nəzərə alınır.
Dünya standartlarına uyğun tikinti aparıldığı üçün qiymətlər də buna uyğun formalaşır.
Bu gün bəzi ərazilərdə 1 otaqlı mənzil təxminən 70 min manata, 2 otaqlı mənzil isə 100 min manata tapmaq mümkündür. Təbii ki, qiymətlər yerləşdiyi əraziyə görə dəyişir".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin