Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma çərçivəsində 2 928 nəfərin səs yazıları təhlil olunub. Süni intellekt iştirakçıların danışıq sürəti, fasilələri, səs tonu, söz seçimi və digər nitq xüsusiyyətləri daxil olmaqla 700-dən çox göstəricini araşdırıb.
Nəticədə sistem insanın səsindən onun “danışıq yaşını” müəyyənləşdirib. Bu göstərici ilə şəxsin real yaşı arasındakı fərq isə yaşlanma prosesinin sürəti barədə məlumat verə bilər. Araşdırma zamanı müəyyən edilib ki, koqnitiv problemləri olan insanların səsi və danışıq tərzi onların real yaşından daha yaşlı qiymətləndirilə bilər. Xüsusilə danışıq sürətinin azalması, fasilələrin uzanması və nitq xüsusiyyətlərindəki dəyişikliklər yaşlanma ilə əlaqələndirilib.
Alimlər həmçinin danışıq yaşı ilə Alzheimer xəstəliyi arasında mümkün əlaqəni araşdırıblar. Səsində daha sürətli yaşlanma əlamətləri müşahidə olunan şəxslərdə Alzheimer xəstəliyi ilə əlaqəli bəzi bioloji göstəricilərin daha yüksək olduğu müəyyən edilib.
Mütəxəssislər bildirirlər ki, bu texnologiya gələcəkdə yaşlanma prosesinin və koqnitiv dəyişikliklərin erkən müəyyənləşdirilməsində əlavə vasitə kimi istifadə oluna bilər. Bununla belə, süni intellektin səs əsasında verdiyi nəticə hazırda hər hansı xəstəliyin diaqnozunu qoymaq üçün kifayət etmir.
Aysel Muxtar