“Səssiz Xəbərdarlıq” layihəsi başa çatıb

01.08.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səssiz Xəbərdarlıq” – fövqəladə hallar zamanı səssiz, vizual xəbərdarlıq layihəsi uğurla başa çatmışdır.

"Cebheinfo.az" xəbər verir ki, üç ay davam edən layihənin əsas məqsədi fövqəladə hallar zamanı eşitmə məhdudiyyətli şəxslərin təhlükəsizliyini artırmaq, onların həyati əhəmiyyət daşıyan məlumatlara əlçatanlığını təmin etmək və inklüziv təhlükəsizlik sahəsində ictimai maarifləndirməni gücləndirmək olub.

Layihə çərçivəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində fövqəladə hallar zamanı düzgün davranış qaydalarını əks etdirən 8 maarifləndirici videoçarx eşitmə məhdudiyyətli şəxslər üçün tam əlçatan formata uyğunlaşdırılmışdır. Videoçarxlara Azərbaycan İşarət Dili tərcüməsi əlavə edilmiş, subtitrlərlə təmin olunmuş və peşəkar şəkildə montaj edilərək istifadəyə hazırlanmışdır.

Hazırlanan videoçarxlar yanğın, zəlzələ, sel, qaz sızması, güclü külək və digər fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarını sadə, anlaşıqlı və əlçatan formada izah edir. Layihə çərçivəsində videolar təşkilatın sosial media səhifələrində və digər rəqəmsal platformalarda yayımlanaraq geniş auditoriyaya təqdim olunmuşdur.

Bununla yanaşı, layihə çərçivəsində fövqəladə hallarda eşitmə məhdudiyyətli şəxslərin davranış qaydalarını əks etdirən maarifləndirici çap və elektron materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilmişdir. Bu vəsaitlər eşitmə məhdudiyyətli şəxslərin, onların ailələrinin və bu sahədə çalışan mütəxəssislərin məlumatlandırılmasına xidmət edir.

Layihə rəhbəri, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Çingizqızı bildirib ki, layihənin ən mühüm nəticələrindən biri fövqəladə hallar zamanı həyati əhəmiyyət kəsb edən məlumatların eşitmə məhdudiyyətli şəxslər üçün daha əlçatan hala gətirilməsidir. Onun sözlərinə görə, bu təşəbbüs inklüziv təhlükəsizlik mühitinin formalaşdırılmasına və cəmiyyətin bütün üzvlərinin bərabər informasiya əldə etmək hüququnun təmin olunmasına mühüm töhfə verir.

Layihə çərçivəsində hazırlanmış bütün maarifləndirici materialların gələcəkdə də istifadə olunması, aidiyyəti qurumlar, təhsil müəssisələri və ictimai təşkilatlar tərəfindən geniş yayılması nəzərdə tutulur.

“Səssiz Xəbərdarlıq” layihəsi bir daha göstərdi ki, fövqəladə hallar zamanı məlumatın hər kəs üçün əlçatan olması insanların həyatının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. İnklüziv yanaşmanın genişləndirilməsi isə təhlükəsiz cəmiyyətin formalaşmasının vacib şərtlərindən biridir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью