“ŞƏT: Azərbaycanın iştirakı və əldə edə biləcəyi faydalar” adlı yeni hesabat dərc olunub

20.11.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) “ŞƏT: Azərbaycanın iştirakı və əldə edə biləcəyi faydalar” (SCO: Azerbaijan Participation and Its Benefit) adlı ingilis dilində yeni hesabatını dərc edib.

AZƏRTAC xəbər verir ki, BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərliyi ilə hazırlanmış tədqiqatın redaktoru Mərkəzin aparıcı məsləhətçisi Vüsal Quliyevdir. Hesabatın hazırlanmasına ADA Universitetinin tələbələri də töhfə verib, tədqiqat çərçivəsində yerli və xarici ekspertlərlə müsahibələr aparılıb.

Hesabatda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətləri və təşkilatda iştirakının perspektivləri təhlil olunur. Əsas diqqət aşağıdakı istiqamətlərə yönəldilir:

- Azərbaycanın ŞƏT-də dialoq tərəfdaşı statusunu saxlaması və ya tamhüquqlu üzvlüyə doğru irəliləməsinin milli maraqlar baxımından nəticələri;

- Tam üzvlüyün ölkəyə qazandıra biləcəyi siyasi, iqtisadi və strateji üstünlüklər;

- ŞƏT çərçivəsində iqtisadi, nəqliyyat-logistika, enerji və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi imkanları;

- Təşkilatın Çin, Hindistan və digər regional güc mərkəzləri ilə münasibətlərə təsiri;

- Azərbaycanın ABŞ və Qərb tərəfdaşları ilə əməkdaşlığına mümkün təsirlər;

- Çoxşaxəli xarici siyasət və strateji balansın qorunması baxımından üzvlüyün yaratdığı imkanlar və çağırışlar.

Tədqiqatda, həmçinin ŞƏT-in yaranma tarixi, inkişaf mərhələləri, Avrasiyadakı geosiyasi əhəmiyyəti və beynəlxalq sistemdə artan rolu araşdırılır.

Hesabatın əsas məqsədi Azərbaycanın ŞƏT ilə münasibətlərinin inkişafı üzrə mümkün ssenariləri qiymətləndirmək, təşkilatda iştirakın alternativ modellərinin üstünlüklərini və risklərini müəyyənləşdirmək, ölkənin milli maraqlarına və xarici siyasət prioritetlərinə uyğun qərarların qəbuluna analitik töhfə verməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью