Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 4 sentyabr, AZƏRTAC
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin mürəkkəbləşməsi, regional təhlükəsizlik çağırışlarının artması və qlobal ekoloji problemlərin dərinləşməsi dövlətlərarası əməkdaşlığın yeni fəlsəfi əsaslarının formalaşdırılmasını zəruri edir. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyəti yalnız siyasi və iqtisadi əməkdaşlıq müstəvisində deyil, həm də çoxtərəfli dialoq, qarşılıqlı etimad, suverenliyə hörmət, bərabərhüquqluluq və davamlı inkişaf prinsipləri kontekstində araşdırılmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə söyləyib.
Professor bildirib ki, ŞƏT-in fəlsəfəsini müəyyən edən əsas məqam müxtəlif siyasi və sivilizasion mövqelərə malik dövlətlərin ortaq maraqlar ətrafında dialoqa cəlb olunmasıdır. ŞƏT-in institusional məntiqi beynəlxalq münasibətlərdə birtərəfli yanaşmalardan daha çox çoxtərəfli əməkdaşlıq modelinin üstünlüyünü nümayiş etdirir. Bu modeldə tərəflərin siyasi sistemləri, iqtisadi imkanları və milli maraqları arasında fərqlər dialoqa maneə deyil, əksinə, qarşılıqlı anlaşmanın zəruriliyini artıran amil kimi çıxış edir. Çoxtərəfli dialoq yalnız diplomatik ünsiyyət forması deyil, müxtəlif maraqların uzlaşdırılması mexanizmidir. ŞƏT məkanında müxtəlif dövlətlərin iştirakı bu təşkilatı fərqli siyasi və iqtisadi maraqların qarşılıqlı əlaqədə olduğu çoxtərəfli platformaya çevirir. Burada dialoq təhlükəsizlik məsələlərindən iqtisadi əməkdaşlığa, nəqliyyat və enerji layihələrindən humanitar münasibətlərə qədər geniş spektri əhatə edir. Bu baxımdan ŞƏT-in fəlsəfəsi “ortaq maraqların fərqliliklər üzərində qurulması” ideyasına əsaslanır.
Professor bildirib ki, Azərbaycanın ŞƏT ilə əməkdaşlığının fəlsəfi mahiyyətini ölkənin çoxvektorlu və çoxtərəfli xarici siyasət yanaşması ilə əlaqələndirmək mümkündür. Azərbaycanın coğrafi mövqeyi onu Avropa ilə Asiya, Xəzər regionu ilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm kommunikasiya məkanına çevirir. Bu mövqe ölkənin müxtəlif regional əməkdaşlıq platformalarında fəal iştirakını şərtləndirən amillərdəndir. Azərbaycanın ŞƏT çərçivəsində fəallığı dialoq və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkə müxtəlif dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat və enerji əlaqələrinin inkişafında körpü rolunu gücləndirə bilər. Bu prosesdə Azərbaycanın əsas üstünlüklərindən biri onun müxtəlif tərəflərlə qarşılıqlı faydaya əsaslanan münasibətlər qurmaq təcrübəsidir. Müasir dövrdə beynəlxalq əməkdaşlığın yalnız iqtisadi səmərəlilik prinsipi üzərində qurulması kifayət etmir. İqlim dəyişiklikləri, enerji təhlükəsizliyi və ekoloji problemlər dövlətlər qarşısında inkişafla təbiətin qorunması arasında yeni balans yaratmaq vəzifəsi qoyur. Bu baxımdan “yaşıl dəhliz” anlayışı yalnız enerji və nəqliyyat infrastrukturu ilə məhdudlaşmayan geniş sosial-fəlsəfi məna daşıyır.
Qeyd olunub ki, yaşıl dəhliz insan ilə təbiət arasındakı münasibətlərin yeni fəlsəfi modelini də ifadə edir. Klassik inkişaf anlayışında təbiət daha çox iqtisadi resurs kimi qəbul edilirdisə, müasir yanaşmada təbiət insan fəaliyyətinin ayrılmaz tərəfi və gələcək nəsillər qarşısında məsuliyyət sahəsi kimi dərk edilir. Deməli, yaşıl dəhliz yalnız enerji layihəsi deyil, həm də məsuliyyətli inkişaf və təbiətin qorunması fəlsəfəsinin ifadəsidir. Xəzər regionu enerji, nəqliyyat və ekoloji baxımdan Avrasiya məkanının strateji əhəmiyyətli bölgələrindən biridir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe Xəzəri Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında əlaqələndirici məkan kimi önə çıxarır. Bu kontekstdə yaşıl enerji layihələri ilə nəqliyyat-kommunikasiya xətlərinin inkişafının paralel şəkildə həyata keçirilməsi regional əməkdaşlığın yeni modelini formalaşdıra bilər. Xəzər regionunda ekoloji təhlükəsizlik məsələlərinin həlli yalnız ayrı-ayrı dövlətlərin səyləri ilə deyil, çoxtərəfli əməkdaşlıq mexanizmləri vasitəsilə daha səmərəli həyata keçirilə bilər.
Professor qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin qlobal iqlim gündəliyində rolunun artdığını göstərən mühüm hadisədir. Müasir iqlim diplomatiyası dövlətlərdən yalnız milli ekoloji siyasətləri gücləndirməyi deyil, eyni zamanda beynəlxalq əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsini tələb edir.