Səttarxanın əsgərlərinə tibbi yardım göstərmiş həkimin məzarı baxımsız qalıb FOTO

22.01.2026

Icma.az, Gununsesi saytına istinadən bildirir.

1870-1952-ci illərdə Şuşa qəzasının Quzanlı kəndində yaşamış böyük ziyalı, ədib, həkim Mirzə Saleh Axundovun məzarı baxımsız qalıb.

Bu barədə Gununsesi.info -ya məlumatı Quzanlı Ziyalıları Birliyinin sözçüsü, araşdırmaçı jurnalist Elman Cəfərli verib.

Elman Cəfərli vurğulayıb ki, Quzanlı qəbristanlığındakı məzarın sinə daşı yoxdur, başdaşı 74 il bundan qabaq qoyulandır.

Onun sözlərinə görə, Mirzə Saleh zamanının böyük ziyalısı olub:

“Mirzə Saleh molla məktəbində oxuyub, ərəb, fars dillərini öyrənib. Sonra Təbriz Ruhani Məktəbinə oxumağa yollanıb. Lakin Tehranda Fransa dövlətinin açdığı Tibb Məktəbində 4 il təhsil alıb, həkim mütəxəssis diplomu alıb. Bir neçə il Tehran və Təbriz xəstəxanalarında həkim kimi çalışıb. 1905–1911-ci illərdə Səttarxanın rəhbərlik etdiyi Məşrutə hərəkatı zamanı baş vermiş döyüşlərdə yaralanmış mücahidlərə tibbi yardım göstərib, onları ölümdən xilas edib.

O, 1918–1920-ci illərdə Dağlıq Qarabağda və Zəngəzurda erməni hərbi birləşmələrinə qarşı döyüşlərdə də iştirak edib, yaralanıb. Könüllülərə, milli ordunun əsgərlərinə tibbi yardım göstərib. Mirzə Saleh türk, fars, ərəb, fransız və rus dillərini sərbəst bilirdi. Bir çox dillərdən tərcümələr etmiş, Tehranda təhsil aldığı zaman ədəbi yaradıcılıqla da məşğul olmuşdu.

Mirzə Saleh həm də şair, dilçi alim idi. 1930-cu ildə 6 cildlik “Azərtürkcə yeni dolu sözlüy”ün əlyazmasını Elmlər Akademiyasına təqdim edib.
Yazdığı “Divan”da şairin qəzəlləri və rübailəri, həmçinin  Məhəmməd Füzulinin fars dilində yazılmış şeirlərinin tərcümələri toplanıb”.

E. Cəfərli ümid etdiyini bildirib ki, məzarı xeyirxah insanlar görkəmli ziyalının məzarının yenidən qurulmasına təşəbbüs göstərəcəklər.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью