Səudiyyə Ərəbistanı nəhəng göydələn kompleksinin tikintisini dayandırdı

27.01.2026

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanı hakimiyyəti Ər-Riyadın biznes rayonunda yerləşən "Mukaab" göydələninin tikintisini dayandırmaq qərarına gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, tikintinin dayandırılması maliyyələşdirmənin nəzərdən keçirilməsi və texniki-iqtisadi əsaslandırmanın aparılması ilə bağlıdır.

Agentlik iddia edir ki, hakimiyyət futuristik layihələrə böyük xərclərdən daha ehtiyatlı və potensial olaraq gəlirli investisiyalara keçir.

Tikintinin dayandırılmasının digər səbəbi kimi neft qiymətlərinin qlobal miqyasda azalması göstərilir. Səudiyyə Ərəbistanı, həmçinin bir neçə digər layihəyə, o cümlədən "Expo 2030", DÇ-2034 və paytaxtdan 45 kilometr məsafədə yerləşən "Kiddiya" turizm parkına diqqət yetirir.

Xəbərdə bildirilir ki, sözügedən göydələnin dünyada ən böyük binalardan biri olacağı gözlənilirdi. Tikili "400x400x400" metrlik kub şəklində dizayn edilib. Daxili sahəsinin isə təxminən iki milyon kvadratmetr olması planlaşdırılırdı. Kompleksdə 104 min mənzilin yerləşməsi gözlənilirdi. "Mukaab"ın tikintisi ölkənin iqtisadi transformasiya proqramı olan "Saudi Vision 2030"un bir hissəsi idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью