Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qahirə, 3 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanı yeni yaradılacaq özəl Suriya aviaşirkətinə milyardlarla dollar həcmində sərmayə yatıracaq.
AZƏRTAC xəbər verir ki, bunu Suriyanın İnvestisiya Qurumunun rəhbəri Talal əl-Hilali deyib. “Reuters” agentliyinə verdiyi açıqlamada əlavə edib ki, investisiya müqaviləsinin şənbə günü elan ediləcəyi gözlənilir.
Bu addım ər-Riyad ilə Dəməşq arasında münasibətlərin daha da dərinləşdiyini göstərir.
Əl-Hilali həmçinin əlavə edib ki, Səudiyyə investisiyaları rabitə və daşınmaz əmlak sahələrini, xüsusilə də köhnə şəhərlərdə həyata keçiriləcək layihələri əhatə edəcək.
İnvestisiyaların dəqiq həcmini açıqlamayan Talal əl-Hilali qeyd edib ki, planlaşdırılan investisiyaların əksəriyyəti anlaşma memorandumları ilə deyil, birbaşa icraya hazır müqavilələr əsasında olacaq.
Qeyd edilməlidir ki, keçən il Ər-Riyad daşınmaz əmlak, infrastruktur və rabitə sahələrində fəaliyyət göstərən 100-dən çox Səudiyyə şirkəti ilə imzalanmış 47 saziş çərçivəsində Suriyaya ümumilikdə 6,4 milyard ABŞ dolları həcmində investisiyalar yönəldib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə