Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Səudiyyə Ərəbistanı Yəməndəki Hudeydə limanına zərbə endirib.
"Cebheinfo.az" xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin Qırmızı dəniz sahilində yerləşən Hudeydə limanına hava zərbələri endirib. Hücumdan sonra üsyançı husilər Səudiyyə Ərəbistanının Ciddə limanı da daxil olmaqla, Qırmızı dəniz sahilindəki digər limanlarını hədəfə alacaqları ilə bağlı xəbərdarlıq ediblər.
Koalisiya qüvvələrinin nümayəndəsi Türki əl-Malikinin açıqlamasına görə, əməliyyat zamanı Hudeydə limanındakı husilərə məxsus əməliyyat imkanları və hərbi obyektlər hədəf alınıb. Həmçinin Yəmənin Səada və Əmran vilayətlərində bir sıra hədəflərin məhv edildiyi bildirilib.
Üsyançı Husilərin hərbi sözçüsü Yəhya Səri Səudiyyə Ərəbistanını mümkün cavab zərbələri ilə hədələyib. O, liman işçilərinə, yaxın ərazilərdə yaşayan sakinlərə və gəmiçilik şirkətlərinə limanlardan uzaqlaşmaq çağırışı edib.
Gərginlik noyabrın 24-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən göydələnlərdən birinin husilərə məxsus pilotsuz uçuş aparatı ilə vurulmasından sonra daha da artıb. Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, hadisə nəticəsində 11 nəfər yaralanıb.
Qeyd edək ki, Hudeydə limanı Yəmənin ən mühüm ticarət və humanitar təchizat mərkəzlərindən biridir. Ölkənin şimal bölgələrinə ərzaq, yanacaq və digər zəruri məhsulların çatdırılmasında mühüm rol oynayan limanın fəaliyyətində yaranacaq hər hansı ciddi fasilə milyonlarla insanın vəziyyətinə təsir göstərə bilər.
Təbriz Mirzə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin