Səudiyyə Ərəbistanında bitişik əkizləri ayırmaq üçün mürəkkəb əməliyyata başlanılıb

15.10.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanında 13 aylıq Fici əsilli bitişik əkizlər Jaspili və Disisianın ayrılması üçün nəzərdə tutulan 15 saatlıq əməliyyata başlanılıb.

525.az xəbər verir ki, əməliyyat Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz və vəliəhd Şahzadə Məhəmməd bin Salmanın himayəsi ilə keçirilir.

Uğur ehtimalı təxminən 70 faiz qiymətləndirilən mürəkkəb cərrahi əməliyyat Səudiyyə Ərəbistanının Bitişik Əkizlər Proqramı çərçivəsində 34 tibb mütəxəssisindən ibarət komanda tərəfindən Kral Abdullah İxtisaslaşmış Uşaq Xəstəxanasında aparılır.

Kral Salman Humanitar Yardım və Xilasetmə Mərkəzinin (KSrelief) baş nəzarətçisi və proqramın tibbi-cərrahi komandasının rəhbəri doktor Abdullah bin Əbdüləziz Əl-Rəbiə bildirib ki, əkizlər 21 iyul 2026-cı ildə Səudiyyə Ərəbistanına gətiriliblər.

Xəstəxanaya yerləşdirildikdən sonra tibbi heyət ətraflı müayinə və qiymətləndirmələr aparıb. Müəyyən edilib ki, əkizlər qarın və çanaq nahiyələrindən bitişikdirlər. Onların qaraciyəri, bağırsaqları, yoğun bağırsağı, anusları, sidik-ifrazat sistemi, reproduktiv sistemi və çanaq sümüyü ortaqdır.

Əl-Rəbiə bildirib ki, əməliyyata anesteziologiya, uşaq cərrahiyyəsi, plastik cərrahiyyə, ortopedik cərrahiyyə, uroloji cərrahiyyə və digər yardımçı ixtisaslar üzrə məsləhətçi həkimlər, mütəxəssislər, texniki işçilər və tibb bacıları cəlb olunublar.

Bu əməliyyat Fici əsilli bitişik əkizlərin ayrılması üzrə ilk cərrahi müdaxilə, Səudiyyə Ərəbistanının Bitişik Əkizlər Proqramı çərçivəsində isə 74-cü ayırma əməliyyatıdır.

1990-cı ildən etibarən proqram beş qitədə yerləşən 28 ölkədən olan 159 cüt bitişik əkizə tibbi yardım göstərib.

Əl-Rəbiə qeyd edib ki, bu dəstək Səudiyyə Ərəbistanının həmin sahədə dünyanın qabaqcıl tibb mərkəzlərindən birinə çevrilməsinə kömək edib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью