Səudiyyə Ərəbistanında “mineral ovu”

29.01.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son vaxtlar mineral resurslar yenidən beynəlxalq siyasətin əsas mövzularından birinə çevrilməkdədir. Artıq Səudiyyə Ərəbistanı da 2,5 trilyon dollar dəyərində mineral ehtiyatlara malik olduğunu açıqlayıb və nadir torpaq elementləri uğrunda gedən qlobal rəqabətdə mühüm oyunçuya çevrilmək iddiasını ortaya qoyub.

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp ötən çərşənbə günü Qrenlandiya ilə mümkün razılaşma əldə edildiyini bildirib. Bu razılaşmanın nadir torpaq minerallarına çıxış hüquqlarını da əhatə edəcəyi qeyd olunur. Kritik və nadir torpaq mineralları təmiz enerjiyə keçid, süni intellekt və müasir hərbi texnologiyalar üçün əsas xammaldır. Hazırda bu sahədə istehsal və emal proseslərinə əsasən Çin nəzarət edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Çin dünyada emal edilmiş nadir torpaq elementlərinin 90 faizindən çoxunu, hasilatın isə 60 faizdən artıq hissəsini təmin edir.

SAFE qeyri-hökumət təşkilatının Mineral Resurslar Mərkəzinin icraçı direktoru Ebiqeyl Hanter CNN-ə müsahibəsində bildirib ki, Çin bu sahədə ABŞ-dan işıq illəri qədər irəlidədir. Onun sözlərinə görə, bu üstünlük uzun illər ərzində həyata keçirilən dövlət strategiyaları, iri investisiyalar, özəl sektorla sıx əməkdaşlıq və xarici layihələr hesabına formalaşıb. Bu fonda Səudiyyə Ərəbistanı mineral sektorunu fəal şəkildə inkişaf etdirməyə başlayıb. Məqsəd neftdən iqtisadi asılılığı azaltmaq və eyni zamanda, ölkənin geosiyasi çəkisini artırmaqdır. Krallığın məlumatına görə, mövcud mineral ehtiyatların ümumi dəyəri 2,5 trilyon dollara çatır. Buraya qızıl, sink, mis, litium və nadir torpaq elementləri – disprosium, terbium, neodim və prazeodim daxildir. Bu minerallar elektromobillər, külək turbinləri və yüksək sürətli hesablama sistemləri kimi sahələrdə istifadə olunur.

S&P Global-ın məlumatına əsasən, 2021–2025-ci illər arasında Səudiyyə Ərəbistanının mineral kəşfiyyatı üçün ayırdığı vəsait 149 milyon dollar olub. Bununla belə, Kanada və Avstraliya kimi qabaqcıl dağ-mədən ölkələri ilə müqayisədə bu rəqəm hələ aşağı sayılır. Eyni zamanda, ölkə daxilində və xaricdən olan şirkətlər üçün yeni yataqların lisenziyalaşdırılması prosesi sürətləndirilib. Lakin mütəxəssislər vurğulayırlar ki, kəşfiyyatla real istehsal arasında ciddi zaman fərqi var. Ebiqeyl Hanter bildirir ki, faydalı qazıntıların hasilatı uzun illər tələb edir. Emal zavodunun tikintisi adətən üç-beş il çəkir, bəzi ölkələrdə isə bu proses on illərlə davam edə bilər. Bu səbəbdən Səudiyyə Ərəbistanı bürokratik maneələri azaltmağa, vergi güzəştləri tətbiq etməyə və sektora irihəcmli dövlət investisiyaları yönəltməyə çalışır.

Hazırda ölkənin mineral ehtiyatlarının dəyəri neftlə müqayisədə xeyli aşağıdır. Səudiyyə Ərəbistanı dünyada ikinci ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malikdir. Buna baxmayaraq, mədən sektoruna maraq təkcə iqtisadi səbəblərlə izah olunmur. “Vision 2030” strategiyası ölkə iqtisadiyyatının şaxələndirilməsini əsas hədəf kimi müəyyən edir. Dağ-mədən sənayesi bu strategiyanın əsas dayaqlarından biri sayılır. Plan təkcə xammal hasilatını deyil, həm də daxili sənaye üçün tam təchizat zəncirinin qurulmasını nəzərdə tutur. Xüsusilə elektromobil istehsalı sahəsində iddialı məqsədlər ön plana çıxır.

Ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanında inkişaf edən infrastruktur ölkəni digər regionlardan çıxarılan kritik minerallar üçün emal mərkəzinə çevirə bilər. Hanter bildirir ki, Afrika və Qlobal Cənub ölkələri ilə əməkdaşlıq fonunda logistik baxımdan mineralların Səudiyyə Ərəbistanında emalı daha səmərəli görünür. Bu strategiya ABŞ-ın da diqqətini çəkib. Əvvəllər ABŞ-da çıxarılan ağır nadir torpaq elementləri emal üçün Çinə göndərilirdi. Lakin son dövrlərdə Çin bu mineralların, xüsusilə hərbi təyinatlı olanların ixracına ciddi məhdudiyyətlər tətbiq edib.

2025-ci ilin noyabrında Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatına infrastruktur, texnologiya və sənaye sahələrində 1 trilyon dollara qədər investisiya yatırmaq niyyətini açıqlayıb. Bu razılaşmaya minerallar sahəsində əməkdaşlıq da daxildir. ABŞ Müdafiə Nazirliyinin dəstəklədiyi “MP Materials” şirkəti Maaden və Pentaqonla birlikdə Səudiyyə Ərəbistanında yeni emal zavodu tikməyi planlaşdırır. Zavodun 49 faizi “MP Materials” və ABŞ Müdafiə Nazirliyinə məxsus olacaq.

“Critical Minerals Institute”un həmsədri Melissa Sandersonun fikrincə, Səudiyyə Ərəbistanının əsas üstünlüklərindən biri stabil və ucuz enerji resurslarıdır. O hesab edir ki, “Aramco”nun təcrübəsi daha səmərəli emal texnologiyalarının yaradılmasına imkan verə və gələcəkdə Çini bu sahədə sıxışdıra bilər. Bununla yanaşı, ekspertlər bildirirlər ki, Səudiyyə Ərəbistanının regional dağ-mədən mərkəzinə çevrilməsi asan proses olmayacaq. Yaxın Şərqdəki geosiyasi qeyri-sabitlik, eləcə də mineral ehtiyatlara malik Afrika ölkələri ilə münasibətlərdəki mürəkkəblik bu planlar üçün əsas risklər olaraq qalır.

Paşa ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью