Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Səudiyyə Ərəbistanının “Roshn Saudi League” çempionatında legioner futbolçularla bağlı limitin 2027/2028 mövsümündən etibarən artırılması müzakirə olunur.
QOL.az xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” nəşri məlumat yayıb.
Bildirilib ki, legioner limitinin 14, 16 və ya 18 futbolçuya çatdırılması, hətta bu məhdudiyyətin tamamilə ləğv edilməsi variantları nəzərdən keçirilir. Dəyişikliklərin ciddi maliyyə və tənzimləyici şərtlər əsasında həyata keçirilməsi planlaşdırılır.
Bu addımın əsas məqsədlərindən biri Səudiyyə Ərəbistanı futbolçularını xarici klublarda oynamağa təşviq etməkdir. Eyni zamanda, yerli oyunçuların böyük büdcəli klublardan ayrılaraq daha az maliyyə imkanlarına malik komandalara keçməsi və müntəzəm oyun təcrübəsi qazanması hədəflənir.
Məlumata əsasən, hazırda müqavilə ilə böyük klublara məxsus olan Səudiyyə Ərəbistanı futbolçularını heyətinə qatacaq komandalara maliyyə dəstəyi mexanizmi üzərində də iş aparılır. Bu vəsait daha kiçik büdcəli klublara oyunçuların maaşlarını qarşılamaqda kömək edəcək. Nəşr, həmçinin Səudiyyə Ərəbistanı Futbol Federasiyasının artıq klublara rəsmi sorğu göndərdiyini yazıb. Sorğuda yerli futbolçuların inkişafı, akademiyaların fəaliyyəti, oyun imkanları və əcnəbi futbolçuların yerli istedadlara təsiri ilə bağlı klubların mövqeyi öyrənilir.
Sorğunun məzmunu və göndərilmə vaxtı legioner limitinin artırılması ilə bağlı qərarın məhz bu araşdırmanın nəticələrinə əsaslana biləcəyi ehtimalını gündəmə gətirib.