Səudiyyə tamaşası Bakı İncəsənət Festivalında

03.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Beynəlxalq incəsənət festivalları müxtəlif ölkələrin yaradıcı təcrübələrini bir araya gətirməklə yanaşı, fərqli mədəniyyətlərin bir-birini tanımasına, ortaq sənət dilinin formalaşmasına da şərait yaradır. Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində təqdim edilən “Zikra: xatirələr gecəsi” tamaşası da yaradıcı əməkdaşlığın uğurlu nümunələrindəndir.

Tamaşanın ideyasından onun ərsəyə gəlməsində yerli sənətkarların iştirakına, eləcə də beynəlxalq festivalların yaradıcı əməkdaşlıq üçün açdığı imkanlara qədər bir sıra məqamlar barədə vizual rejissor, geyim rəssamı və səhnə dizayneri Manal Al-Dovayan və “Akram Khan Company” şirkətinin icraçı direktoru İzabel Tamen jurnalistlərlə söhbətində danışıblar.

Manal Al-Dovayan,
vizual rejissor, geyim rəssamı və səhnə dizayneri:

– “Zikra” tamaşasının ideyası Səudiyyə Ərəbistanında yerləşən Al-Ula Kral Komissiyasının təşəbbüsü ilə təbiətin ortasında, müxtəlif mənzərələrlə əhatə olunmuş və təxminən, 5 min, il əvvələ aid məzarlara yaxın yerdə yaranıb. Biz yaddaş, xatirə və unutqanlıq üzərində düşünmüşük.

Əvvəlcə, yaradıcı direktor vəzifəsində çalışdım. “Akram Khan” şirkəti üçün bütün bu elementləri hazırlayan komanda ilə əməkdaşlıq edərək geyimlərə, dekorasiya dizaynına, səhnə dekorasiyasına və işıqlandırma quruluşuna nəzarət etdim. Lakin zaman keçdikcə, mən də hekayəçi oldum. Al-Ulada yaşayan bir çox qadının evlərini ziyarət etdik, onlarla rəqs ənənələrinin xüsusiyyətləri, uşaqlıqda eşitdikləri hekayələr və əfsanələr haqqında danışdıq. Bütün parçaları özümüz boyadıq, materialları kəsdik və yerli mütəxəssisləri cəlb edərək geyimləri yerində hazırladıq.

İzabel Tamen,
“Akram Khan Company” şirkətinin icraçı direktoru:

– Bakı Beynəlxalq İncəsənət Festivalı kimi festivallar inanılmaz dərəcədə vacibdir, çünki onlar dünyanın hər yerindən insanları və sənətçiləri bir araya gətirməyə kömək edir.

“Akram Khan Company” şirkəti 26 ildir qastrol səfərləri həyata keçirir. Səyahətimiz 2027-ci il martın sonunda Hindistanın Yeni Dehli şəhərində başa çatacaq. Beləliklə, sanki tam bir dairəni qət etmiş kimi olacağıq və bundan sonra yeni mərhələ başlayacaq.

Bu, kollektivin Azərbaycana ilk səfəridir. Şəxsən mən çox məmnunam. Düşünürəm ki, bütün komandamız çox sevinir və rəqqaslar buradakı insanların nə qədər qonaqpərvər, mehriban olmasına heyran qalırlar.

Xatırladaq ki, Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) oktyabrın 28-dən noyabrın 8-dək keçirilir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan BIAF-ın proqramına konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, incəsənət xadimləri ilə görüşlər və ustad dərsləri ilə yanaşı, 20-dən çox tədbir daxildir.

Festivalda Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən olan sənətçilər və yaradıcı kollektivlər iştirak edirlər.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью