Seuta böhranı və Aİ də fövqəladə müzakirələr

05.08.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fon der Lyayen vahid fəaliyyət tələb edir, amma...

Dünənki yazımızda qeyd etdiyimiz kimi, Seuta böhranı Avropa İttifaqı (Aİ) daxilindəki çatların xeyli dərinləşməsinə səbəb olub. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Mərakeşdən İspaniyanın Seuta eksklavına on minlərlə miqrantın xaotik axınından sonra sərhəd təhlükəsizliyi sahəsində vahid fəaliyyətə çağırış edib. Lyayen İspaniyanın Baş naziri Pedro Sançesə ünvanladığı məktubda onun böhranı çevik şəkildə idarə etməsini yüksək qiymətləndirib. Sədr, həmçinin əlavə edib: “Bu hadisə göstərdi ki, kritik əhəmiyyət daşıyan məntəqələrdə sərhədlərimizi daha da gücləndirmək üçün əlavə addımlar atmalıyıq”.

Elə bu səbəbdən dünən keçirilən Aİ daxili işlər nazirlərinin qeyri-rəsmi videokonfransında da İspaniyanın Seuta anklavında baş vermiş kütləvi miqrasiya axını, Aİ-nin xarici sərhədlərinin mühafizəsinin gücləndirilməsi, üzv dövlətlər arasında koordinasiya və həmrəylik, insan alveri şəbəkələrinə qarşı birgə əməliyyatların genişləndirilməsi və Mərakeşlə əməkdaşlığın artırılması kimi məsələlər müzakirə olunub. Konfransın detallarına keçməzdən əvvəl Seuta miqrasiya böhranının ilk belə hal olmadığını diqqətinizə çatdıraq.

ARAYIŞ: İlk dəfə bu cür genişmiqyaslı hadisələrdən biri 2005-ci ildə baş verib. Həmin il Seuta və Melilya sərhədində minlərlə afrikalı miqrant hasarları aşmağa cəhd göstərmiş, təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində çoxsaylı insan həlak olmuş və yaralanmışdı. Həmin hadisədən sonra İspaniya sərhəd hasarlarını möhkəmləndirmiş, Aİ isə Mərakeşlə sərhəd idarəçiliyi sahəsində əməkdaşlığını genişləndirmişdi. Seutada növbəti böyük miqrasiya böhranı 2021-ci ilin may ayında yaşanıb. Bir neçə gün ərzində təxminən 8–10 min nəfər Mərakeşdən üzərək və ya piyada Seutaya keçməyi bacarmışdı. Hadisə Mərakeşlə İspaniya arasında diplomatik gərginlik fonunda baş vermiş və İspaniya ordusunun sərhədə cəlbinə, eləcə də miqrantların çoxunun geri qaytarılmasına səbəb olmuşdu. 2022–2025-ci illərdə isə Seutada vaxtaşırı kütləvi sərhəd keçidləri qeydə alınsa da, onların miqyası 2021-ci ildəkindən kiçik olmuşdu. Bununla yanaşı, Aİ, İspaniya və Mərakeş qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə sərhəd nəzarətini gücləndirmiş, “Frontex”in fəaliyyətini genişləndirmiş və ikitərəfli əməkdaşlıq mexanizmlərini inkişaf etdirmişdilər.

Qayıdaq Aİ daxili işlər nazirlərinin qeyri-rəsmi videokonfransına. Əvvəlcə onu vurğulayaq ki, konfrans Seuta böhranının ümumavropa təhlükəsizlik problemi kimi qiymətləndirildiyini bir daha nümayiş etdirdi. Müzakirələr zamanı Avropa Komissiyasının son günlər səsləndirdiyi çağırışlarla uyğun olaraq, insan alveri və miqrant qaçaqmalçılığı şəbəkələrinə qarşı mübarizənin gücləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi və qanunsuz yollarla Aİ ərazisinə daxil olan şəxslərin geri qaytarılması prosedurlarının sürətləndirilməsi məsələləri ön plana çıxdı. Nazirlər mövcud vəziyyətin Aİ-nin miqrasiya siyasətindəki boşluqları üzə çıxardığını və sərhəd idarəçiliyinin yeni reallıqlara uyğunlaşdırılmasının vacibliyini vurğuladılar.

Videokonfrans həm də üzv dövlətlər arasında miqrasiya siyasəti ilə bağlı fikir ayrılıqlarının davam etdiyini göstərdi. Bir sıra ölkələr Seutadakı hadisələrin səbəblərini İspaniyanın son illər həyata keçirdiyi yanlış miqrasiya siyasəti ilə əlaqələndirsələr də, Madrid hökuməti bu iddiaları rədd etdi və böhranın siyasi mübahisə predmetinə çevrilməməsinə çağırdı. Toplantıda Mərakeşlə əməkdaşlıq ayrıca müzakirə mövzusu oldu. Aİ ölkələri qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün tranzit və mənşə ölkələri ilə tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd etdilər.

Yeri gəlmişkən, Afkrikanın Sahel bölgəsində təhlükəsizlik böhranları və bir sıra ölkələrdə iqtisadi çətinliklərin dərinləşməsi də miqrasiya marşrutlarının daha da fəallaşmasına səbəb olub. Xarici analitiklərin əksəriyyəti hesab edir ki, Seutada yaşananlar qarşıdakı illərdə Avropanın üzləşə biləcəyi daha geniş miqyaslı proseslərin xəbərçisidir.

Bir məqamı da vurğulayaq ki, Seuta böhranı Aİ-nin qonşuluq siyasətinin effektivliyi ilə bağlı suallar doğurub. Mərakeş uzun illərdir Aİ-nin cənub sərhədlərinin idarə olunmasında mühüm tərəfdaşlardan biri hesab edilir. Rabatın qeyri-qanuni miqrasiyanın qarşısının alınması istiqamətində gördüyü tədbirlər Avropa paytaxtlarında müsbət qiymətləndirilsə də, son hadisələr göstərdi ki, bu əməkdaşlıq mexanizmləri hər zaman kifayət qədər dayanıqlı olmur. Ona görə də bir sıra Avropa rəsmiləri gələcəkdə tərəfdaş ölkələrlə münasibətlərin sadəcə təhlükəsizlik sahəsi ilə məhdudlaşmamalı, iqtisadi inkişaf, məşğulluq və regional sabitlik məsələlərini də əhatə etməli olduğunu bildirirlər.

Madridin Elcano Kral İnstitutunun direktoru Çarlz Pauellin mövzu ilə bağlı “Financial Times”a açıqlamasında deyib ki, hadisələrin kökündə İspaniya ilə Mərakeş arasında uzun illər ərzində formalaşmış mürəkkəb siyasi, iqtisadi və təhlükəsizlik münasibətləri dayanır. Pauell hesab edir ki, Rabat Avropa İttifaqının cənub sərhədlərinin idarə olunmasında strateji tərəfdaş rolunu oynayır və bu əməkdaşlıq zəiflədiyi halda Seuta, Melilya və Kanar adaları istiqamətlərində miqrasiya təzyiqinin artması qaçılmaz olur.

Ekspertin fikrincə, son hadisələr Avropa İttifaqının miqrasiya siyasətinin mühüm bir xüsusiyyətini yenidən üzə çıxarıb: “Brüssel miqrasiya axınlarının idarə olunmasında getdikcə daha çox qonşu ölkələrin əməkdaşlığına arxalanır. Bu isə o deməkdir ki, sərhəd təhlükəsizliyi artıq xarici siyasət və diplomatiya məsələsidir. Mərakeş kimi tərəfdaş ölkələrlə münasibətlərdə yaranan hər hansı gərginlik qısa müddətdə Avropanın sərhədlərində hiss oluna bilər. Seuta böhranı Avropa İttifaqı üçün vacib bir dərsdir. Aİ yalnız sərhədlərin möhkəmləndirilməsinə və ya Frontex-in imkanlarının artırılmasına fokuslanmaqla problemi tam həll edə bilməz. Bununla yanaşı, mənşə və tranzit ölkələrlə siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional sabitliyə yönəlmiş uzunmüddətli strategiyaların hazırlanması da vacibdir. Yəni bu gün Seutada baş verənlər göstərir ki, miqrasiya Avropa İttifaqının qonşuluq siyasəti və geosiyasi təsir imkanları ilə birbaşa bağlı olan strateji məsələdir”.

N.BEYDİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью