Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Silahlı basqında ittiham olunan kuryerin məhkəmə istintaqı başa çatıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Cavidan Əhmədlinin cinayət işi üzrə hökm oxunub.
Zərərçəkmiş şəxs Solmaz Mirzəyeva məhkəməyə vəsatət verərək, cinayətin təkcə Cavidan Əhmədli tərəfindən deyil, qeyri-rəsmi həyat yoldaşı Südabə Vəliyeva ilə birlikdə törədildiyini bildirib və istintaqın həmin şəxslə bağlı da yenidən aparılmasını, ibtidai istintaqa qaytarılmasını istəyib.
Dövlət ittihamçısı vəsatətə sübutların yetərli olmadığını əsas gətirərək etiraz edib.
Məhkəmə müşavirədən sonra qərar qəbul edib və zərərçəkmişin vəsatəti təmin olunmayıb.
Daha sonra dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsə Cavidan Əhmədliyə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Təqsirləndirilən şəxsin müdafiəçisi onun hepatit C və QİÇS xəstəliklərindən əziyyət çəkdiyini, himayəsində iki azyaşlı övladının olduğunu nəzərə alaraq, cəzanın yüngülləşdirilməsini xahiş edib.
Cavidan Əhmədli son sözündə səhhətində problemlər olduğunu bildirib və mümkün qədər yüngül hökm çıxarılmasını xahiş edib.