Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Dünyaca məşhur pop ulduz Ariana Qrande şəxsi məlumatlarını və yaradıcılıq işlərini ələ keçirən hakerlərə qarşı hüquqi mübarizəyə başlayıb.
Axşam.az xəbər verir ki, amerikalı müğənni yaxın əməkdaşlarının - prodüser və fotoqrafların şəxsi rəqəmsal hesablarına kiberhücum edən iki haker barəsində məhkəməyə müraciət edib.
İddia ərizəsində sənətçi kimliyi hələ müəyyənləşdirilməyən şəxsləri kiber casusluqda ittiham edib. Bildirilib ki, hakerlər Qrandenin yayımlanmamış mahnılarını, səs yazılarını, videolarını və fotolarını qanunsuz yollarla əldə edərək internetdə yayıb və satışa çıxarıblar.
Məlumata görə, yalnız 2023-cü il ərzində müğənninin 45 yayımlanmamış mahnısı oğurlanaraq internetə sızdırılıb. Qeyd olunub ki, Ariana Qrande 2011-ci ildə başlayan karyerası ərzində dəfələrlə bu cür sızıntıların qurbanı olub.
Sənətçinin vəkilləri hadisəni onun şəxsi həyatına və yaradıcılığına qarşı ciddi müdaxilə kimi qiymətləndiriblər. Onların sözlərinə görə, sənətçilər əsərlərinin nə zaman və hansı formada ictimaiyyətə təqdim olunacağına özləri qərar vermək hüququna malikdirlər.
Məhkəməyə təqdim olunan iddianın məqsədi həm Ariana Qrandenin hüquqlarını qorumaq, həm də gələcəkdə bu cür kiberhücumların qarşısını almaqdır.