Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səyahət və turizm artıq yalnız istirahət sahəsi deyil, dünya iqtisadiyyatının əsas istiqamətlərindən birinə çevrilib. Otellərdən və restoranlardan tutmuş hava yollarına, nəqliyyata və ticarətə qədər bir çox sahənin fəaliyyəti turistlərin xərclərindən asılıdır.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Dünya Səyahət və Turizm Şurasının (WTTC) 2025-ci il üzrə araşdırmasına əsasən, turizm və səyahət sektorunun dünya iqtisadiyyatına ümumi töhfəsi 11,6 trilyon ABŞ dollarına çatıb.
Bu, qlobal iqtisadiyyatın təxminən 9,8 faizinə bərabərdir. Hesabatda diqqət çəkən əsas göstəricilərdən biri məşğulluqla bağlıdır. 2025-ci ildə turizm sektoru dünya üzrə 366 milyon iş yerini dəstəkləyib. Başqa sözlə, dünyada hər 9 iş yerindən təxminən biri bu sektorla əlaqəli olub. İl ərzində yaradılan hər üç yeni iş yerindən biri də turizmin payına düşüb. Beynəlxalq səyahətlərin miqyası da rekord səviyyəyə çatıb.
2025-ci ildə xarici ölkələrə gecələmə ilə səfərlərin sayı 1,54 milyarda yüksəlib. Bu, gün ərzində orta hesabla 4,2 milyon insanın beynəlxalq sərhədi keçməsi deməkdir. Turistlərin xərcləri də artıb. Xarici ziyarətçilərin səfərlər zamanı xərclədiyi vəsait 2 trilyon dolları ötüb.
Daxili turizm xərcləri isə 5,63 trilyon dollar təşkil edib. Regionlar arasında ən sürətli artım Asiya-Sakit okean hövzəsində qeydə alınıb. Burada turizmin iqtisadi töhfəsi 8,1 faiz artaraq 3,3 trilyon dollara yaxınlaşıb. Bu göstəricilər turizmin yalnız ölkələrə gəlir gətirmədiyini, həm də milyonlarla insanın məşğulluğunda rol oynadığını göstərir.
Eyni zamanda, sektorun inkişafı ölkələrin nəqliyyat, xidmət və infrastruktur imkanlarından da asılıdır.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin