Şeytan çiçəyi gözləri olan nadir bitki

10.09.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tailandda alimlər həyatının böyük hissəsini meşədə tökülən yarpaqların altında keçirən nadir bitki aşkarlayıblar. Qeyri-adi görünüşünə və gizli həyat tərzinə görə qara çiçəkli bitkiyə “thismia daemona”, yəni “şeytan çiçəyi” adı verilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar bitkini araşdırma zamanı tapıblar.

Kəşf alimləri yalnız bitkinin görünüşü ilə deyil, yetişdiyi ərazi ilə də təəccübləndirib. “thismia daemona” dəniz səviyyəsindən təxminən 1000 metr yüksəklikdə, mövsümi dəyişikliklərin müşahidə olunduğu həmişəyaşıl dağ meşəsində aşkarlanıb. Əvvəllər bu qrupun nümayəndələrinə əsasən rütubətli, düzənlik tropik meşələrdə rast gəlinib.

Bitki səthdə nadir hallarda görünür

“Thismia daemona” həyatının böyük hissəsini tökülən yarpaqların altında keçirir. Onu səthdə əsasən çiçəkləmə dövründə görmək mümkündür.

Bitkinin yarpaqları və xlorofili yoxdur. Buna görə də əksər bitkilər kimi fotosintez yolu ilə enerji əldə edə bilmir. Əvəzində lazım olan qida maddələrini torpağın altındakı göbələklər vasitəsilə alır.

Bu qeyri-adi qidalanma üsulu onu meşə döşənəyində yaşayan və göbələklərdən asılı olan xüsusi bitki qrupuna aid edir.

Tədqiqatın nəticələri açıq elmi jurnal olan “PhytoKeys”də dərc edilib. Yeni növ “Thismia” cinsinin “Geomitra” bölməsinə daxildir. İndiyədək bu bölmənin nümayəndələri yalnız Malay yarımadasında, Borneo və Sumatra adalarında qeydə alınıb. Tailanddakı kəşf onların daha şimalda da yayıldığını göstərən ilk qeydə alınmış haldır.

Niyə “şeytan çiçəyi” adlandırılıb?

Bitkiyə bu ad xarici görünüşünə görə verilib. Çiçəyi əsasən qara rəngdədir. Yuxarı hissəsində isə buynuza bənzər çıxıntıları olan günbəzşəkilli quruluş yerləşir.

Bu quruluşun dibindəki qırmızımtıl-narıncı ləkələr uzaqdan parıldayan gözləri xatırlada bilər. Bitkinin torpağın altında gizlənməsi də onun qeyri-adi görünüşünü tamamlayır.

Şahzadə Sonqkla Universitetindən doktor Sahut Çantanaorappint bildirib ki, bitkinin meşə döşənəyindəki gizli və sirli həyat tərzi tədqiqat qrupunun ad seçimində əsas rol oynayıb. Onun sözlərinə görə, komanda “Thismia daemona” adının bitkinin görünüşünü və xüsusiyyətlərini uyğun şəkildə ifadə etdiyi qənaətinə gəlib.

Yalnız 50-dən az nümunəsi qeydə alınıb

Alimlər indiyədək bu növün yalnız bir populyasiyasını aşkarlayıblar. Futbol meydançasından da kiçik ərazidə yerləşən populyasiyada 50-dən az bitki var.

Yayılma sahəsinin bu qədər məhdud olması səbəbindən növ ilkin qiymətləndirmədə kritik yoxolma təhlükəsi altında olan bitkilər kateqoriyasına aid edilib.

Milli park ərazisində yerləşməsi populyasiyanı məhv edilməkdən qismən qoruyur. Bununla belə, tədqiqatçılar yaşayış mühitinin kiçik bir hissəsində baş verən dəyişikliklərin belə növün sağ qalmasına ciddi təsir göstərə biləcəyindən narahatdırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью