“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Birinci Qarabağ savaşının iştirakçısı, tanınmış nasir Hacı Qəni Camalzadənin Türkiyədə işıq üzü görən “Şeytana daş atanlar” romanının təqdimatı keçirilib.

Bu əsər qardaş ölkədə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin layihəsi üzrə işıq üzü görüb. Mərasimi giriş sözü ilə açan mərkəzin sədri, tanınmış ədəbiyyatşünas və publisist Əsəd Cahangir qeyd etdi ki, Hacı Qəni Camalzadə 25 kitabın müəllifidir, neçə-neçə dəyərli roman və povest yazıb. Aparıcı, eyni zamanda, xatırlatdı ki, yazıçının “Karxana” romanı və digər əsərləri xarici ölkələrdə, o cümlədən ABŞ-da nəşr olunaraq geniş oxucu marağına səbəb olub. “Şeytana daş atanlar” romanı isə Rusiyada nüfuzlu “Zolotoy Oqonyok” və Nyu-Yorkda (ABŞ) “The Quarry” kimi nüfuzlu dövri ədəbi jurnalların vasitəsilə geniş oxucu kütləsinə təqdim edilmişdir.

AYB-nin 1-ci katibi, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Xalq yazıçısı Çingiz Abdullayev Birinci Qarabağ savaşının iştirakçısı olmuş, bugünədək bədənində güllə qəlpəsi gəzdirən qazi-nasir Hacı Qəni Camalzadənin sırf həyat müşahidələri əsasında qələmə aldığı əsərlərindən, onun ictimai düşüncə adamı kimi tanındığından bəhs etdi və “Şeytana daş atanlar” əsərinin Türkiyədə də oxucuların böyük marağına səbəb olacağını əminliklə bildirdi.

Qeyd edək ki, şair-tərcüməçi Nazilə Gültacın Türkiyə türcəsinə uyğunlaşdırdığı bu roman bir qrup zəvvarın Məkkəyə Həcc ziyarətindən bəhs edir. Əsərdə həqiqi dindarlarla yanaşı, ziyarətə təmənnalı, şan-şöhrət və ya müxtəlif qeyri-səmimi məqsədlərlə gedənlər, cəmiyyətdəki mənəvi kataklizmlər və saxta nüfuz qazanmaq istəyənlər ifşa olunur.

Çıxışları dinlədikcə, bir neçə il əvvəl nasir-publisist Qəni Camalzadənin ata yurdu Lerikdə bu kitabının Bakı nəşrinin geniş müzakirəsinin keçirildiyini xatırladıq. Orada “İmza saatı”ndan öncə Qəni Camalzadə avtoqrafla müxtəlif illərdə nəşr edilmiş “Qızıl xotuq”, “Karxana”, “Şeytana daş atanlar”, “Kiaksarın axırıncı savaşı” və sair kitablarını oxuculara hədiyyə etmiş, tanınmış şair dostumuz Ağacəfər Həsənli, Əməkdar jurnalist İdris Şükürlü və başqaları əsərin məziyyətlərindən danışmışdılar. Həmyerliləri müəllifin yeni romanının bədii məziyyətləri barədə dolğun bilgilər almışdılar.

Bu təqdimatda da Ağacəfər Həsənli nasir dostunun yaratdığı obrazlar qalereyasını ətraflı xarakterizə etdi. Digər qələm dostları – Əməkdar jurnalist Zemfira Məhərrəmli, “Xalq qəzeti”nin əməkdaşı Paşa Babakərli, yazıçı-kulturoloq Aydın Xan Əbilov, jurnalist Kəmalə Mirzəyeva, şairlər Damət Salmanoğlu, Şahin Həmidli və başqaları ürək sözlərini söylədilər, əsəri təhlil etdilər. Bildirildi ki, Hötenin “Faust”, Hüseyn Cavidin “İblis” əsərlərindən üzübəri ədəbiyyatda xeyir-şər mübarizəsi fəlsəfəsi, mələklər və şeytanlar tandeminin qarşıdurması əsas mövzulardandır və bu, Qəni Camalzadənin də yaradıcılığında özünün gözəl bədii ifadəsini gözəl tapıb.

Təqdimat mərasiminin sonunda kitabın müəllifi Hacı Qəni Camalzadə çıxış edərək, iştirakçılara minnətdarlığını bildirdi və yeni kitabın nüsxələrini onlara hədiyyə etdi.

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью