“Şeytana daş atanlar” türk dilində

10.10.2026

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı Qəni Camalzadənin türk dilinə tərcümə olunmuş “Şeytana daş atanlar” romanının təqdimat mərasimi keçirilib.

Ədəbi ictimaiyyətin, yazıçı və şairlərin, tərcüməçilərin, publisistlərin, qələm adamlarının iştirak etdiyi tədbirdə müəllifin yaradıcılığı, onun tarixi mövzuya müraciəti, Qarabağ müharibəsi iştirakçısı kimi keçdiyi həyat yolu və əsərlərinin türk oxucusuna çatdırılmasının əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, ədəbiyyatşünas-tənqidçi və publisist Əsəd Cahangir açıb. O, ilk olaraq tədbir iştirakçılarını salamlayaraq, “Şeytana daş atanlar” romanının türk dilində nəşr olunmasını Azərbaycan ədəbiyyatının ölkə hüdudlarından kənarda tanıdılması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirib. Əsəd Cahangir kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə, o cümlədən tərcüməçi Nazilə Gültaca təşəkkürünü bildirib.

Qeyd olunub ki, bədii əsərin başqa bir dilə çevrilməsi yalnız sözlərin bir dildən digərinə köçürülməsi deyil, həm də müəllifin yaradıcılıq dünyasının, milli düşüncə və mənəvi dəyərlərinin başqa xalqa çatdırılması deməkdir. Bu baxımdan “Şeytana daş atanlar” romanının türk dilində işıq üzü görməsi Azərbaycan və Türkiyə arasında mövcud olan ədəbi-mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən addımlardan biridir.

Tədbirdə çıxış üçün ilk söz AYB-nin birinci katibi, tanınmış xalq yazıçısı, nasir və publisist Çingiz Abdullayevə verilib.

Çingiz Abdullayev çıxışında Qəni Camalzadənin yaradıcılıq fəaliyyətindən söz açaraq onun həm Qarabağ qazisi, həm də yazıçı kimi keçdiyi həyat yolunun yaradıcılığına təsir etdiyini vurğulayıb. O, müəllifin tarixi mövzulara müraciət etməsini təqdirəlayiq hal adlandırıb və belə əsərlərin xalqın yaddaşının qorunmasında mühüm rol oynadığını qeyd edib.

Xalq yazıçısı Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini ehtiramla yad edib, onların həyat və mübarizəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıb. O bildirib ki, müharibənin canlı şahidi və iştirakçısı olan insanların ədəbiyyata gətirdiyi mövzular xüsusi əhəmiyyət daşıyır. Çünki həmin əsərlər yalnız bir dövrün hadisələrini təsvir etmir, eyni zamanda xalqın yaşadığı ağrı-acıları, mübarizə ruhunu, milli iradəsini və tarixi yaddaşını gələcək nəsillərə ötürür.

Çingiz Abdullayev Qəni Camalzadənin yazıçı kimi fəaliyyətini yüksək qiymətləndirərək, onun tarixi roman janrına müraciət etməsini Azərbaycan nəsrinin inkişafı baxımından müsbət hal kimi dəyərləndirib.

Son illərdə Azərbaycan ədəbiyyatının xarici dillərə, xüsusilə də qardaş türk dilinə tərcümə olunması istiqamətində görülən işlər də tədbirin əsas müzakirə mövzularından biri olub. Bildirilib ki, ortaq dil və mədəni yaxınlıq Azərbaycan ədəbiyyatının Türkiyədə oxucu auditoriyasına çatdırılması üçün geniş imkanlar yaradır. Bu baxımdan “Şeytana daş atanlar” romanının türk dilində nəşri müəllifin yaradıcılığının daha geniş coğrafiyada tanınmasına imkan verəcək.

“Şeytana daş atanlar”romanı türk dilinə tərcüməçi Nazilə Gültac tərəfindən çevrilib. Tədbirdə tərcüməçinin bu istiqamətdə gördüyü iş yüksək qiymətləndirilib. Çünki bədii tərcümə zamanı müəllifin yalnız fikrini deyil, əsərin üslubunu, emosional yükünü, obrazların xarakterini və milli koloritini qorumaq mühüm şərtlərdəndir. Bu baxımdan romanın türk oxucusuna təqdim olunması Azərbaycan nəsrinin təbliği baxımından diqqətəlayiq hadisədir.
Təqdimat mərasimində çıxış edən qələm adamları və ədəbiyyat nümayəndələri də kitab haqqında öz fikirlərini bölüşüblər. Çıxışlarda Qəni Camalzadənin yaradıcılıq yolu, mövzu seçimi, tarixi hadisələrə münasibəti və yazıçı mövqeyi barədə fikirlər səsləndirilib. Bildirilib ki, tarixi mövzulara müraciət edən yazıçının qarşısında mühüm məsuliyyət dayanır. Yazıçı hadisələri yalnız təsvir etməklə kifayətlənməməli, tarixin mahiyyətini, insan talelərini, dövrün ictimai-siyasi mənzərəsini və mənəvi-psixoloji tərəflərini də oxucuya çatdırmalıdır.

Çıxışlarda “Şeytana daş atanlar” romanının məhz türk dilində nəşr olunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Türkiyə xalqları arasında tarixi, mənəvi və mədəni bağlar əsrlər boyu formalaşıb. Ədəbiyyat isə bu əlaqələrin daha da möhkəmlənməsində mühüm vasitələrdən biridir.

Azərbaycan yazıçısının əsərinin Türkiyə türkcəsində oxucuya təqdim olunması iki qardaş ölkənin ədəbi mühitləri arasında qarşılıqlı əlaqələrin inkişafına öz töhfəsini verir.
Tədbirdə kitabın tərtibatı və nəşr keyfiyyəti də xüsusi qeyd olunub. İştirakçılar gözəl tərtibatla hazırlanmış nəşri maraqla qarşılayıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Qəni Camalzadə çıxış edərək kitabının türk dilində nəşr olunmasından məmnunluğunu ifadə edib, əsərə göstərilən diqqətə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, tədbirin təşkilatçılarına, tərcüməçi Nazilə Gültaca və təqdimatda iştirak edən bütün qələm adamlarına təşəkkürünü bildirib.

Yazıçı qeyd edib ki, hər bir əsərin başqa dilə tərcümə olunması müəllif üçün böyük məsuliyyət olduğu qədər, həm də sevindirici hadisədir. Çünki yazıçının düşüncələrinin, yaratdığı obrazların və qələmə aldığı hadisələrin başqa dildə oxucularla görüşməsi əsərin yeni bir ədəbi həyat qazanması deməkdir.

Təqdimat mərasimi səmimi ədəbi söhbət, fikir mübadiləsi və xoş arzularla davam edib.

"Şeytana daş atanlar” romanının türk dilində nəşri təkcə bir kitabın təqdimatı deyil, həm də Azərbaycan ədəbiyyatının sərhədlərdən kənara çıxması, milli ədəbi nümunələrimizin qardaş Türkiyənin oxucularına çatdırılması baxımından əlamətdar hadisə kimi yadda qalıb.

Tədbirin sonunda qələm adamları Qəni Camalzadəyə yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb, yeni əsərlərinin də müxtəlif dillərə tərcümə olunmasını diləyiblər.
Səadət Sultan Abbasova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью