525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən həftəni Azərbaycan aşiqi, Laçın sevdalısı, dəyərli dostumuz, ABŞ-nin HCA Florida Aventura Xəstəxanasının baş həkimi, Mayami Xərçəng Araşdırmaları Mərkəzinin rəhbəri, professor Seza Güleçin dəvəti və qonaqlaması ilə ABŞ-nin Florida ştatının Mayami şəhərində keçirdik.
Seza bəy ilk dəfə mart ayında Laçında görüşmüşdük. Birinci Qarabağ müharibəsi zamanı dağıdılmış evlərin, binaların fonunda yenidən qurulan şəhər və Seza bəyin ifadəsi ilə desək, qartallar yuvasını xatırladan Laçının ecazkar mənzərəsi onda olduqca güclü təəssürat yaratmışdı.
Yenidən qurulan xəstəxanamızla tanış olmuş, birlikdə şəhərin görməli yerlərini ziyarət etmiş, Laçının dünəni, bu günü və gələcəyi haqqında söhbətlər etmişdik.
Aradan təxminən altı ay keçmişdi. Seza bəy Bakıya gələcəyi ilə bağlı mənə mesaj yazdı. Bakıda görüşməyi planlaşdırırdıq. Lakin o, əvvəlki səfərində vaxt məhdudiyyətinə görə Qarabağı, xüsusilə Laçını istədiyi qədər görə bilmədiyini və yenidən Laçına görmək istədiyini bildirdi.
İkinci səfərində də xəstəxanamızda oldu. Yeni yaradılan xidmətlərə tanış oldu.
Laçında və bütövlükdə Qarabağda yenidən qurulan səhiyyə sistemimizlə bağlı xeyli fikir mübadiləsi apardıq. Seza bəy bizi ABŞ-yə, yaşadığı və çalışdığı Mayami şəhərinə dəvət etdi. Mənim çalışdığı xəstəxana ilə tanış olmağımı istədi.
Mayamiyə yollandıq.
Səyahətimiz Seza bəyin evindən başladı. Evin girişində Azərbaycan xalçası və Azərbaycan xəritəsini görəndə bunların bizim gəlişimizə hörmət əlaməti olaraq yerləşdirildiyini sandım. Ancaq Seza bəyin kitabxanası ilə tanış olduqca daha böyük bir mənzərənin şahidi oldum. Burada Azərbaycan ədəbiyyatının çoxsaylı nümunələrini, Azərbaycan tarixinə dair kitabları, Laçın haqqında indiyədək nəşr olunmuş kitabları, Azərbaycan musiqiçilərinin əsərlərini görəndə, sözün əsl mənasında, heyrətləndim.
Seza bəyin çalışdığı Aventura Xəstəxanasında oldum, tibb müəssisəsinin fəaliyyəti ilə yaxından tanış oldum. Qalxanabənzər vəz onkologiyasına həsr olunmuş sammitdə iştirak etdim. Dünyanın müxtəlif ölkələrindən və ABŞ-nin ayrı-ayrı ştatlarından gəlmiş mütəxəssislərin qatıldığı tədbirdə Azərbaycanı təmsil edən dəyərli həkimimiz, tibb elmləri doktoru, professor Əziz Əliyevin də təqdimatla çıxış etməsi xüsusi qürurverici idi.
Tədbirin sonunda isə xüsusi bir gecə – Laçın gecəsi təşkil olundu.
Seza bəyin Laçın haqqında təqdimatı olduqca təsirli və duyğusal idi. Onun doğma torpaqlarımıza, Laçına olan sevgisini, şəhərimizin tarixini və yenidən doğuluşunu necə dərindən mənimsədiyini və başqalarına çatdırdığını görmək qürurverici idi.
Təqdimatdan sonra bir çox insanın, bizə yaxınlaşaraq Laçına gəlmək istədiklərini bildirmələri olduqca xoş təəssürat yaratdı.
Bu gün professor Seza Güleç Azərbaycan muğamı haqqında artıq 600 səhifəsi hazır olan kitab üzərində çalışır. Təsəvvür edin, bir insanın "Ay Laçın" mahnısına olan sevgisi onu Azərbaycan musiqisinin dərinliklərinə, muğam dünyasına qədər aparıb çıxarıb.
Ankarada doğulub, 40 ildən artıqdır ABŞ-də yaşayır, bu ölkənin müxtəlif ştatlarında çalışıb. Amma mənim üçün Seza bəy coğrafi sərhədləri çoxdan aşmış bir insandır.
Bəzən insanın hər hansı bir yerə bağlılığı onun harada doğulması ilə deyil, hansı torpağın ağrısını, sevincini və taleyini öz içində yaşatması ilə ölçülür.
Seza bəy bunun gözəl nümunəsidir.
Bir "Ay Laçın" mahnısı ilə başlayan bu sevgi onu Laçına gətirdi. O, Laçının keçmişindəki ağrı-acını, bu günündəki xoşbəxtliyi duydu. Laçın isə onu Azərbaycanın zəngin mədəniyyətinə, tarixinə, ədəbiyyatına və muğam dünyasına apardı. İndi isə o, bu sevginin hekayəsini dünyanın başqa bir guşəsində, fərqli ölkələrdən olan insanlara çatdırmağa çalışır.
Bəli, Laçın küllərindən yenidən doğulur. Laçına dünyanın müxtəlif yerlərindən insanlar gəlir, Laçına aşiq olurlar, Laçınla dost olurlar.
Belə dostlarımızın varlığı, Laçının və Azərbaycanın adını uzaq diyarlarda sevgi ilə tanıtması bizim üçün böyük qürurdur.
Yaxşı ki, yollarımız kəsişib, əziz dost Seza Güleç!
Biz qayıtdıq, artıq Laçındayıq.
Daha böyük həvəslə, daha böyük eşqlə yaşayacağımız, çalışacağımız, qurub-yaradacağımız doğma Laçından – sizin də doğmalaşdırdığınız bu şəhərdən – qonaqpərvərliyinizə, bizə, Laçına və Azərbaycana göstərdiyiniz diqqətə, sevgiyə, hörmətə və etdiyiniz hər şeyə görə sizə dərin təşəkkürümüzü bildiririk.
Sizi ən qısa zamanda yenidən Laçında görmək arzusu ilə!
Sevgilərlə...
Orxan Cəbrayıl
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb