Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 16 noyabr, AZƏRTAC
“Shell” enerji şirkəti Misirin Aralıq dənizindəki “Mina West” təbii qaz yatağında hasilata başladığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, şirkətin məlumatına görə, yeni yataq Misirin daxili təbii qaz təchizatına əlavə mənbə təmin edəcək.
“Shell”in proqnozuna əsasən, 2023-cü ildə Şimali Əl-Amriya lisenziya sahəsində kəşf edilmiş “Mina West” yatağında gündəlik 160 milyon kubfut təbii qaz hasil etmək mümkün olacaq. Şirkət layihənin mövcud “West Delta Deep Marine” infrastrukturu ilə birləşdirilməsi sayəsində daha qısa müddətdə başa çatdırıldığını bildirib.
“Mina West” yatağının operatoru olan “Shell” layihədə 60 faiz paya malikdir. Qalan 40 faizlik pay isə Küveyt Xarici Neft Kəşfiyyatı Şirkətinin (KUFPEC) törəmə müəssisəsinə məxsusdur.
Birgə Təşkilatlar Məlumat Təşəbbüsünün məlumatlarına görə, Misirdə təbii qaz hasilatı avqust ayında təxminən 112,6 milyard kubfut təşkil edib. Bu göstərici 2021-ci ilin avqustunda qeydə alınmış 214,7 milyard kubfutluq hasilat səviyyəsindən 48 faiz, ötən ilin eyni ayının göstəricisindən isə 10,5 faiz aşağı olub.