Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 29 oktyabr, AZƏRTAC
Yaxın Şərqdəki müharibə fonunda enerji qiymətlərinin və neft emalı marjalarının yüksəlməsi “Shell” enerji şirkətinin mənfəətinin artmasına təsir göstərib.
AZƏRTAC xəbər verir ki, şirkətin bu ilin üçüncü rübündə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 99 faiz artaraq 10,81 milyard dollara çatıb və bazar gözləntilərini üstələyib. Ötən ilin müvafiq dövründə bu göstərici 5,43 milyard dollar təşkil edib. Şirkətin xalis mənfəəti əvvəlki rübdə qeydə alınan 9,83 milyard dollarla müqayisədə də yüksəlib.
Hesabat dövründə şirkətin inteqrasiya olunmuş təbii qaz biznesinin mənfəəti 3,04 milyard dollar, neft və qaz hasilatını əhatə edən yuxarı axın (upstream) biznesinin mənfəəti isə 3,19 milyard dollar olub.
Bazar iştirakçıları “Shell”in üçüncü rübdə xalis mənfəətinin 10,33 milyard dollar olacağını proqnozlaşdırırdılar.
Mənfəətin artmasına Yaxın Şərqdəki müharibə nəticəsində enerji təchizatında yaranan fasilələr fonunda neft emalı marjalarının rekord səviyyəyə yüksəlməsi və mayeləşdirilmiş təbii qazın qiymətinin artması təsir göstərib.
Şirkət növbəti üç ay ərzində 5 milyard dollar həcmində səhmlərin geri alınması proqramını həyata keçirəcəyini də açıqlayıb.
“Shell” şirkətinin baş icraçı direktoru Vail Savan maliyyə nəticələrini şərh edərkən bildirib ki, qlobal enerji sistemində ciddi pozuntuların davam etdiyi bir şəraitdə şirkət yüksək nəticələr əldə edib.
“Güclü fəaliyyət göstəricilərimiz sayəsində növbəti üç ay ərzində 5 milyard dollar həcmində səhmlərin geri alınması proqramına başlayacağımızı elan edə bilirik”, – deyə o vurğulayıb.